Qıfılbənd
Ramin Hüseynsoy tərəfindən "Şeir" bolməsinə 01:54 07 avqust 2015 tarixində əlavə olunmuşdur

Müəllimim Sultan Orucoğlu ilə deyişməm.

Ramin Hüseynsoy

Sən bülbüllə xarı görüşən zaman,
Bülbülə sordunmu niyə qəmlidir?!
Bülbülün bağrını qan edib xarı,
Niyə bağrı qanlı, gözü nəmlidir?!

Sultan Abbasov

Bəxt yazan bülbülü xara yazıbsa,
Gör indi zəmanə nə sitəmlidir.
Ayrılıq rəngidir sarı əzəldən,
Sevənin fəraqdan gözü nəmlidir.

Ramin Hüseynsoy

Onu görcək danışarmış bülbüllər,
Əlində hazırmış sarı sünbüllər. 
Ayaq basdığı yerdə açarmış güllər,
O kimdir ki, ayağı qədəmlidir?

Sultan Abbasov

O, Həzrət Əlidir, hikmət buyurdu,
Susmuş dillər ərzi-halın duyurdu.
Qədəm basdığı yer əlvan geyirdi,
Düldülün ayağı xoş qədəmlidir

Ramin Hüseynsoy

Axı niyə Qeysin olmadı Leyli?
Yoxsa başqasına salıbdı meyli?
“Leyli və Məcnun”-lar artıbdı xeyli,
Bulardan hansı daha mətanətlidir?

Sultan Abbasov

Məcnunun gözündə kim idi Leyli?
Tanrıdan artıqmı salmışdı meyli?
Odur ki oldular bəxtdən gileyli,
Biri o birindən betər qəmlidir.

Ramin Hüseynsoy

Ramin hələ sorarsa səndən nələr,
Babalıqdan çıxmayacaqdır xəbər.
Nizamidən oxumusan bir əsər,
O, hansı şahzadədi, Ərdəmlidir?

Sultan Abbasov

Babalıq sözləri dürr kimi ələr,
Raminin başına yüz bəla gələr.
Şirin ər tinətdir, bilənlər bilər,
O, türk gözəlidir, şir ərdəmlidir


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+17=
Hesaba giriş
Müəllif

Ramin Hüseynsoy
Haqqında
Şair,yazar,dramaturq
Əlaqə
E-mail:
ramin.huseynsoy@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.027 saniye