Azərbaycanımızın güneyində milli istiqlal uğrunda şəhid olan soydaşlarımıza həsr olunur...
Savalan dədə çox qocalmışdı. Artıq əvvəlki kimi istədiyi an yatağının yuxarısından, divardan asdığı dədə-baba kamançasını götürüb çala bilmirdi. Gəncliyindən bu yana heç vaxt yorulmaq bilməyən bu nurani qoca, ruhən olmasa da cismən yaman taqətdən düşmüşdü. Zaman, bəli zaman öz sözünü demişdi artıq. Amma yenə də hər yuxudan oyananda, qırışmış gözlərini açanda ilk gördüyü kamançasına öncə gülümsəyər, ürəyindən bir neçə anlıq da olsa əlinə alıb yenə gənclik illərindəki kimi milli muğamlarımızı – Bayatı Şirazı, Segahı, Şuru çalmaq istərdi. Amma gəl gör ki yataqdan qalxmağa belə çətinlik çəkirdi.
Savalan dədə, elə Savalan dağının ətəyində bir kasıb komada qalırdı. Özündən və qolu qırıq bu köhnə kamançasından savayı kimsəsi yoxdu. Bir oğlu, bir qızı və ömür gün yoldaşı Selcan xatın qəddar rejim tərəfindən müxtəlif bəhanələrlə suçlanmış və dar ağacından asılmışdı. Ona isə nəyəsə görə acımışdı o fars quduzları. Yadına düşəndə gözləriylə birlikdə ürəyinin hər zərrəsi ilə ağlayan Savalan dədə bu çarəsiz halına görə Allahdan da dönmüşdü sanki. Ona, xalqına belə dəhşətli tale yazan Allaha qarşı bəzən nifrət yaranır, bəzən “o yazını yazanda kaş qələmin qırılaydı” deyə öz-özünə deyinsə də, sonra şanlı Türk tarixini xatırlayır, xoş günlərə, gözəl gələcəyə yenidən ümid etməyə başlayırdı. Və beləcə Uca Yaradandan üzr istəyib “o gün gələcək və biz yenidən azad olacağıq” deyə kədərli qəbinə toxtaqlıq verirdi.
Aşağı kəndlərdən hərdənbir uşaqlar gəlib başına yığışar, onun həyatını təsvir etdiyi maraqlı hekayələrinə qulaq asardılar. Yeniyetmə gənclər də arada gəlib evini təmizləyər, valideynlərinin verdiyi cüzi ərzağı təslim edib gedərdilər. İndiki həyatından ümidi olmasa da, Savalan dədənin çox coşqun və fəal ömür tarixçəsi var idi. Əslində adı da tamam başqaydı bu mehriban qocanın. Amma başına maraqlı hekayələrçün yığışan uşaqlar, onu Savalan dağının ətəyində tənha bir yerdə yaşadığı üçünmü, yoxsa başqa səbəbə görə idi, bilinmir, elə “Savalan dədə” çağırdıqlarından, o, da tədricən öz adını unutmuş, özünü Savalan dədə kimi tanımışdı sanki.
Bəzən olurdu ki, şovinist fars rejimindən qaçıb canını qurtaran bir sıra milli fəallarımız onun yanına gələr, bir müddət ona sığınar, bu nurani qocadan məsləhətlər alıb gedərdilər.
Savalan dədə bütün bu düşüncələrini, xatirələrini kamançasına hər baxdığı zaman yenidən xatırlayırdı. Qolu qırıq kamança sanki qarşılığında deyərdi: “Ehey, qoca Savalan, sən nələr gördün bu 80 illik ömründə, nə günlər yaşadın, amma hələ də ayağa qalxıb məni çala bilmə ümidin var...”
Bu qırıq kamançanı beş il öncə təsadüfən buradan keçən bir Türk səyyah təmir etmişdi onunçün. Dediyinə görə onun atası da kamança həvəskarıymış. Elə uşaq vaxtından onun zərif səsiylə böyüyübmüş. Və əlindən çox şey gələn bu adam mahir sənətkar idi. Özəlliklə musiqi alətlərini təmir etmək və s. işlərdə. Təmir olunsa da qırıldığı yer hələ də bilinirdi, görünürdü. Ondaki yarıq, hər zaman Savalan dədənin ürəyini dağlayırdı, düşüncələrini əvvəlki keşməkeşli günlərə aparırdı. Və bu dəfə də sanki qırıq kamança Savalan dədəyə hekayə danışacaqdı. Bu hekayə yalnız Savalan dədənin deyil, bir millətin milli istiqlal mübarizəsinin hekayəsiydi...
Beləcə bu gün də yuxudan oynanan kimi kamançasına tamaşa edən Savalan dədə, bir anlıq özünü yenə onu ifa edərkən düşündü və öz xəyalında Segah muğamını çalmağa başladı...
Hər şey Savalan dədənin 20 yaşı olandan sonra başlamışdı. Şovinist fars “şah” hakimiyyəti onun ana-atasını, el obasındakı “qara” camaatı yaman incidirdi. Savalan dədəninsə kənddə qalıb mübarizə aparmağa hələ gücü yox idi. Birdəki düşüncəsində tamam başqa şeylər dolanırdı. 14 yaşından qonşuluqdaki Mirzə dayının necə mahir kamança ustası olmasını görmüş və bəyənmişdi. Özünə söz vermişdi ki, böyüyüb bu kənddən gedəcək və şəhərdə mükəmməl kamança təhsili alacaq. Mirzə dayıdan ibtidai təhsili alandan sonra öz xəyallarına, arzularına daha çox bağlanan Savalan dədə, xalqın milli mübarizəsiylə də yaxından maraqlanır və içində farslara, şaha qarşı günü-gündən nifrəti artırdı. Bir neçə gənc dostunun şahın quduzlaşmış əsgərləri tərəfindən öldürüldüyünü eşitdikdə isə ali kamança təhsili almaq arzusunu kənara qoyub bir müddət ancaq vətən, millət haqqında düşünməyə və dostlarıyla gizli alaçıqlarda tez-tez toplaşıb xalqın gələcəyi üçün qərarlar almağa başladı Savalan dədə.
Bir neçə il o vaxtın fars təhlükəsizlik orqanı olan SAVAK tərəfindən təqib edilsə də, mübarizəsindən qalmır, yeni-yeni planlar qururdu. Ata-anası rəhmətə getdikdən sonra isə Mirzə dayının nəslindən olan bir yetim qızla evləndi və başqa rayona köçdü. Ancaq yenə də milli mübarizəyə davam edərək gizlində gənc milli fəallarla görüşüb fikir mübadiləsində iştirak edirdi. Sonradan şarlatan olduğunu anlayan, ancaq o vaxtı hələ sadə inqilabçı kimi tanıdığı Xomeyninin adamlarıyla da aradabir görüşür və şahı devirmək üçün hazırlanan planlara qoşulmuşdu.
Bir müddət milli mübarizəyə həyatını həsr edən Savalan dədə, ilk və yeganə müəllimi Mirzə dayı rəhmətə getdikdən sonra ona miras qoyduğu kamança ilə məşğul olmağı da unutmadı. Öz-özünü təkmilləşdirib günü-gündən yeni melodiyalar, yeni musiqilər bəstələdi. Hətta bu kamança bilavasitə onun mübarizəsinə xidmət etməyə başlamışdı. Çox vaxt bəzi dostları yığışanda ondan muğamlarımız xaricində daha coşqun, daha çılğın musiqilər istəyirdilər. O da əlindən gələni edərək bir neçə milli “marş” yazdı. Milli fəallar içində tar, saz və qaval ifaçılarını da tapdı tədricən və müstəqil milli ansamblı yaratdı...
Xomeyninin iç üzü öz silahdaşı, haqq mübarizəsində ona kömək etmiş Şəriətmədarini aldadıb hakimiyyətə gəlmək üçün ondan və saf xalq kütlələrindən istifadə etdiyi və qısa zaman sonra onu tutdurub, ölənədək həbsdə saxladığı anlarda bilinmişdi. Savalan dədə isə o vaxtki bu kirli “fars oyunu”-dan agah olmuş, zaman-zaman əməkdaşlıq etdiyi bütün dini inqilab qruplarından ayrıldı və özünün bir neçə saf, təmiz Türk milliyyətçisi dostuyla gizli fəaliyyət göstərməyə başladı. Qocalana yaxın isə fars quduzları onun ailəsini həbs edib edam etdilər. O, da sonradan adını aldığı qocaman Savalan dağının ətəyinə sığındı.
Müəyyən bir müddət həbs həyatı yaşayan Savalan dədə qısa zamanda farsların kirli oyunlarını dərk etmiş, şahla indiki dini hakimiyyətin bir fərqi olmadığını anlamışdı. Ortada tək bir faktor vardı, o da Türkə qarşı nifrət. Bəli bu faktor bütün farsları siyasi və ictimai əqidəsindən asılı olmayaraq bir yerə toplayırdı. Gözü önündə dostlarının, dava yoldaşlarına verilən qeyri insani işgəncələr Savalan dədədə farslara qarşı nifrət yaradır, Türkün başına gətirilən bu bəladan qurtuluş yollarını axtarmağa vadar edirdi. Azərbaycanın quzeyindən gələn xəbərləri, oradaki hadisələr haqqında yazılan məlumatları çətinliklə də olsa əldə edən Savalan dədə, hayların, bəzi kürd qruplarının, rusların İran hakimiyyətiylə əlbir olub nəinki Azərbaycanda, Türk dünyasının hər yerində müxtəlif bəhanələrlə dəhşətli qətllər, soyqırımlar törətdiyini də öyrənmişdi. Bütün düşüncəsini millətinə qarşı oynanan olduqca təhlükəli oyunlara cəmləyib yeni planlar qurmağa, bacardığı qədər mübarizəsinə davam etməyə çalışdı. Bu mübarizə həmişə olduğu kimi onun kamançada ifa etdiyi musiqi parçalarında da özünü büruzə verirdi.
Sulduz, Urmiya, Təbriz, Ərdəbil, Miyanə və s. bölgələrdəki qətliamlar, Qarabağ müharibəsi, Xocalı faciəsi bir gün Savalan dədəni o qədər dərin kədərə qərq etdi ki, illərlə əzizlədiyi, qoruduğu, canından çox sevdiyi kamançasını qəzəblə yerə çırpmasına səbəb oldu. Kamança qırılmışdı. Amma baş verən dəhşətli hadisələrdən, düşmənlərin oynadığı mənfur oyunlardan ürəyi parçalanan Savalan dədəni artıq o düşündürmürdü. Haradasa 10 il kamança qırıq qaldı, Savalan dədənin ürəyisə əbədi...
Bu dəfə xatirlərindən, keçmiş düşüncələrindən ayılan Savalan dədənin sanki qollarına güc gəldi, birdən birə ayağa qalxıb qədim və sadiq dostu kamançanı əlinə aldı və milli mübarizə tonlarıyla zəngin olan Heyratı muğamını ifa etməyə başladı. Elə o gün axşam eşitdi ki, rəşadətli ordumuz hayların sərhəddə çaxnaşma cəhdindən istifadə edərək əks-hücuma keçib və işğal altında olan bir neçə kəndi azad etmişdi. Səhəri gün yuxudan oyanan kimi Savalan dağını seyrə çıxan Savalan dədə dağın başında qəribə bir görüntüylə rastlaşdı. Dağın başındaki duman və qaya parçaları birlikdə sanki Bütöv Azərbaycanın xəritəsini canlandırırdı. Və Savalan dədə fərəhlə köks ötürərək yerə çökdü, əllərini göyə qaldırıb Tanrıya yalvarmağa başladı:
- Ey, Uca Yaradan, sən bu xalqın halına acı. Sadə, kiçik bu bütövlük arzusunu çox görmə. Axı buna haqqımız var.
Savalan dədə bu arzuyla komasına girib yenə kamançasına sarıldı. Sanki son dəfə əlinə alırmış kimi öpüb gözlərinə qoydu. Sonra yatağına uzanıb dərin və əbədi yuxuya getdi. Elə o andaca göy guruldadı, ildırım çaxdı və qırıq kamança yerə çırpılıb yenə qırıldı...
Elşən İsmayıl
17 avqust 2016