Cavadın sükanı sakit və olduqca rahat şəkildə idarə etməsini izləyərək xəfifcə gülümsəyən Əsmər başını şüşəyə söykədi. Onun dərin düşüncələrə qərq olmasını istəməyən Cavab zarafatcıl tonunu işə saldı.
-Hey, Əsmər xanım, filosof olmağın vaxtı deyil ha!
-Doğrudan da, axı sənin fəlsəfədən zəhlən gedirdi tələbə olanda.
-Həm də necə.
Maşın salonunu bürüyən qəhqəhə səsləri.
Cavad maşını kənara sürüb saxlatdırdı.Söykənərək Əsməri izləməyə başladı. Aradan illər keçmişdi.
Hər ikisi restorana giriş edərək gözlərdən uzaq bir masanı seçib əyləşdilər. Sifarişlərini bildirib ətrafa nəzər saldılar. Gözəl və həddindən artıq sakit musiqinin sədaları altında 2-3 cavan cütlük rəqs edirdilər.
-Hə, Cavad, danış görək.
-Nə danışım?!
-Hm...Məsələn, nişanlından...Necə biridir? Harada tanış olmusunuz? Sevgi hekayəniz necə başlandı?
Cavad gözlərini qıyıb Əsmərə diqqətlə baxdı.
-Nazirlikdə çalışdığımı bilirsən yəqin. 2 il əvvəl təzə işçi gəldi. Bu-Gülər idi. Masmavi gözləri ilə mənim qəlbimi əsir aldı. Bax belə,-deyib xəfifcə gülümsədi.
-Aaa. Elə bu? Nə başlanğıc var, nə də son,-məzəmmətlə başını buladı.-Ay səni yaramaz!
Ofisiant sifarişləri gətirib masaya düzdüyü sırada bir kəlimə etmədən sakitləşdirici baxışla bir-birlərinə gülümsəyirdilər.
Cavad əlini uzadıb şərab dolu qədəhi götürdü. Mehribançılıqla Əsmərə baxdı.
-Özündən danışmaq istəyirsən?
-Səncə danışım?
Qədəhlər toqquşdu.
-Universiteti bitirdim. Atamın yardımı ilə işə düzəldim. Fərid müdirim idi. Düzü, ondan ilk baxışdan xoşlanmamışdım. Özünü bəyənmişin biri təsirini bağışlayırdı mənə. Hətta münaqişəmiz də olurdu hansısa sənəd üstündə. Çoxları mənim dikbaşlığımı qınayır və məsləhətlər verirdilər. Bəziləri elə güman edirdilər ki, məni işdən çıxardacaq, amma olmurdu.Məni sancmaqdan xoşu gəlirdi, bunu onun məmnunluq bəxş edən üz cizgilərdən anlayırdım. Sonra...Qış idi. İşim çox olduğundan gec çıxmışdım. Dayanacaqda avtobus gözləyirdim ki, arxadan tanış səs eşitdim. Çevrilib baxdım. Fərid. Məni maşınla evə buraxmasına razılaşdım. Yol boyunca heç birimiz dinib danışmadıq. Yalnız klassik Azərbaycan mahnıları səslənirdi.Mən arxa oturacaqda əyləşmişdim. Və birdən güzgü vasitəsilə gözlərimiz toqquşdu.
Əsmər dərin nəfəs alıb şərabdan bir qurtum aldı.
-Evə gəlib çatanda təşəkkürümü bildirib maşından düşdüm. 2-3 addım atmışdım ki, qolumda kiminsə əlini sezdim.Yenə Fərid. Baxışdıq xeyli müddət.
Əsmərin yanaqlarında parıldayan göz yaşlarını görən Cavad narahat halda masa arxasından qalxaraq Əsmərə yaxınlaşdı.
-Əgər ağırdırsa, danışma.
-Yox, danışmalıyam. Əsl ağırlıq susanda olur,-deyib salfeti əlinə aldı.
Cavad bir dizini yerə qoyub Əsmərin əlinə sığal çəkib ehtiyatla öpürdü.
-2-3 aydan sonra evləndik. İşləməyimi istəmirdi deyə çıxdım. Ev işlərini anam, bibim və qayınanam vasitəsilə öyrənirdim yavaş-yavaş.Hər axşam restoranlara, teatrlara, konsertlərə gedirdik. Bir sözlə, xoşbəxt ailə tablosu. Tezliklə hamiləlik xəbərim yayıldı. Çox xoş bir duyğu. Sanki dünyanın sənə borcu var. Qışın oğlan çağında ürəyim alça istədi. Kiçik mələyimi qollarım arasına alanda dünyanın ən xoşbəxti sayıldım. Xədicəm böyüyüb 4 yaşına qədəm qoyanda birdən ortaya çıxan xəstəlik dünyamı darmadağım etdi. Xərçəng idi. İnanmaq istəmədim. Evi alt-üst etdim. Onkoloji Mərkəz balamı xilas edə bilmədi. Mənim bir illik ölüm-dirim savaşım nəticəsiz qaldı. Hər kəsi günahlandırırdım. Hətta Fəridi də, atamla anamı da. Onların üstünə qışqırırdım. Hər kəsi öz əllərimlə parçalamaq istəyirdim. Hər kəsi özümdən uzaqlaşdırırdım. Günlərlə Xədicənin otağından çıxmırdım. Fərid hər nə qədər bu otağı qapalı saxlamağı məsləhət görsə də, dinləmirdim onu. Beynim "qızıma" o qədər qarışmışdı ki, ərimin evə gec gəldiyinin fərqinə də varmırdım düzü. Xədicəmin geyimlərini qoxulayıb hər şeyi unudurdum. Bir axşam təkbaşıma şam edərkən mənim "sevimli" ərim evə təşrif buyuraraq etiraf etdi ki, başqa qadın ondan hamilədir və məndən boşanıb onunla evlənmək istəyir. Eşitdiklərimə inanmaq istəmədim. Mən burada qızımla birlikdə ölərkən, bu adam özünə yeni həyat qurmaq eşqinə düşüb?! Evimdə olan-qalan nə vardısa, hamısını bir-bir qırdım. Fərid isə məni sakitləşdirməyə cəhd edirdi. Sonda mətbəxə daxil olub əlimə bıçaq aldım.
-Dur, Əsmər. Davam etmə. Lazım deyil,-Cavad asta, lakin əmin səslə bildirib Əsmərin əlini öpdü.
-Niyə?-gözlərini bayaq zillədiyi nöqtədən aralayıb bir dizi üstə çökərək ona narahat dolu baxışlarla baxan Cavada sakitcə gülümsədi.-Narahat olma, əziz dostum, öldürmədim.
-Qalx. Bir az hava alaq.
-Olar.
Cavad Əsməri eyvana gətirib onun dərindən nəfəs almasını izləməyə başlamışdı ki, hekayənin davamını dinləməyə məcbur oldu.
-Ərimin məni Ruhi-Əsəb Dispanserinə yerləşdirməkdən başqa çarəsi qalmadı. Hətta bu qərarı atamla-anam və Rusiyada yaşayan qardaşım da dəstəklədi. Orada kimlərlə rastlaşmadım mən, İlahi?! 6-7 yaşlı balaca qız uşağından tutmuş, gəzərkən bütün bədəni titrəyən 75 yaşlı qocayadək hər cür sima gördüm. Anam arabir gəlirdi, uzaqdan-uzağa qızını izləyirdi, göz yaşları içində gedirdi. Mən "dəli" yaxud "xəstə" deyildim, Cavad! Mən qızını itirmiş bir ana idim! Ərinin alçaq xəyanəti ilə barışa bilməyən bir qadın idim! Valideyn sığalına ehtiyac duyan bir övlad idim! Qardaş arxası istəyən bir bacı idim! Başa düşürsən, Cavad?! Bir ilə yaxın "müalicə" olunduqdan sonra çıxdım nəhayət. Cavad mənsiz işləri yoluna qoymuşdu deyə ona böyük bir "Afərin!" düşür yəqin. Boşanmışdıq və digəri ilə evli idi artıq. Birgə yaşadığımız evi mənə saxladığı üçün həddindən artıq böyük qəlbə sahib olduğunu düşündüm. Valideynlərim, yaxınlarım məni görmək istədiklərində soyuqqanlılığımı, vecsizliyimi görüb nə edəcəklərini bilmirdilər.
Acı kinayə tonunu sezən Cavad qurumuş dodaqlarını dilinin ucu ilə nəmləndirib gözlərini yumub açdı. Əsmər getmək istəyirdi ki, ehtiyatla biləyindən tutub saxladı.Onun gözlərinə baxa-baxa əlini qaldırıb ovcunu öpdü.
-Bağışla məni, Əsmər.
Məsum təbəssümlə Əsmər sərbəst əli ilə Cavadın yanaqlarını sığalladı.
-Sənin günahın yoxdur, əzizim.
Cavad Əsməri bərk-bərk qucaqlayıb sinəsinə sıxdı. Barmaqlarını onun saçlarında gəzdirərək qulağına pıçıldadı:
-Sən yenə də bağışla.
Əsmər içinə gəlmiş rahatlıqla Cavadı qucaqladı.
İnsanın ruhunu incələyən gözəl həzin mahnını sədaları yayıldı.
Əsmərin üzünü əlləri arasına alan Cavad soruşdu:
-Deyirəm, bəlkə rəqs edək, nə deyirsən, Əsmər?
-Mən razı.
Cavad Əsmərin hər iki əlini boynunun arxasına qoyub qolları ilə Əsmərin belini qucaqladı.
-Cavad...
-Hm...
-Çox sağ ol. Hər şey üçün.
-Dəyməz, gözəlim.
-Məni nişanlınla tanış etməyi də unutma.
-Nə vaxt istəsən...