Qrimm qardaşlarının "Qızıl qaz" nağılının tərcüməsini yazar.in oxuyucuları ilə paylaşıram.
Biri var idi, biri yox idi. Bir kişinin 3 oğlu var idi. Oğlanlarının ən kiçiyinin adı Sərsəm idi. Adı belə olduğu üçün hamı ona lağ edib gülürdü.
Günlərin bir günü ata böyük oğlunu meşəyə odun yığmağa göndərir. Anası oğlana yemək, şərab və s. verir ki, oğlan acanda yesin. Yolda oğlan bir qocaya rast gəlir. Qoca oğlana deyir:
- Oğlum, acından ölürəm, susuzluqdan da yanıram. Mənə bir tikə çörək ver yeyim.
Oğlan isə cavabında belə deyir:
- Ay qoca, çıx get başımdan. Yeməyim özümü ancaq görər.
Oğlan belə deyib yoluna davam edir. Gəlir meşəyə çatır. Elə təzəcə odun yarmağa başlamışdı ki, balta sapından çıxıb oğlanın əlini kəsir. Oğlanın əli elə pis yaralanır ki, o evə qayıtmaq məcburiyyətində qalır.
Səhərisi gün kişi meşəyə ortancıl oğlunu göndərir. Ortancıl oğlan da yolda həmin qocaya rast gəlir. Qoca oğlana deyir:
- Oğlum, acından ölürəm, susuzluqdan da yanıram. Mənə bir tikə çörək ver yeyim.
Oğlan isə cavabında qardaşının verdiyi cavabı verir və o da yoluna davam edir. Ortancıl qardaş da odun yarmağa elə təzəcə başlamışdı ki, bu dəfə də balta sapından çıxıb ayağını kəsir. Bu da kor - peşman evə qayıdır. Hamı bu işə mat - məəttəl qalır.
Səhərisi gün Sərsəm atasına meşəyə bu dəfə də onun getmək istədiyini deyir. Atası isə razı olmur və oğluna belə deyir:
- Səndən əvvəl iki böyük qardaşın gedib meşədə yaralandılar. Onlar yaralanıblarsa, sən heç nə edə bilməzsən, yaralanarsan. Get işinlə məşğul ol və başımıza xata açma.
Atasının belə deməsinə baxmayaraq, Sərsəm əl çəkmir və axırda meşəyə getməyə razılıq ala bilir. Anası digər qardaşlardan fərqli olaraq Sərsəmin şələsinə küldə bişmiş çörəklə, turşumuş şərab qoyur. Sərsəm meşəyə yollanır və meşənin yaxınlığında qardaşlarının gördüyü qocaya rast gəlir. Qoca bu dəfə də Sərsəmdən yemək istəyir və acından öldüyünü deyir. Sərsəm isə qocaya belə cavab verir:
- Dayı, çörəyim küldə bişib, şərabım isə turşuyub. Istəyirsənsə birlikdə yeyə bilərik.
Qoca razılaşır. Onlar birlikdə oturub yeməyə tam başladıqları anda, bir də nə görsələr yaxşıdır? Təptəzə çörəklə bir tulum dolu şərab. Oğlan bu işə mat-məəttəl qalır, heç nə başa düşmür. Bu minvalla onlar yeməklərini yeyib qurtarırlar. Qoca Sərsəmə təşəkkür edib deyir:
- Çox sağ ol, oğlum. Sən çox yaxşı və ürəyiaçıq oğlansan. Öz yeməyini mənimlə bölüşdün. Mən də sənə kömək edəcəyəm. İndi get, bax orda görünür e, o ağacı kəs. Qocalıb artıq, həm də o ağacın içində sənin işinə yarayacaq bir şey var. Onu da özünlə götür. Oğlan razılaşır və dərhal gedib ağacı kəsir. Ağaca bir-iki balta vurduqdan sonra ağac şappıltı ilə yerə düşür və içindən lələkləri qızıldan olan bir qaz çıxır. Sərsəm qazı da qoltuğuna vurub gəlir bir mehmanxanaya. Mehmanxana sahibinin də üç qızı olur. Qızlar qızıl qazı görən kimi üstünə cumurlar. Əvvəlcə böyük qız qaza yaxınlaşıb lələklərindən birini qoparmağa çalışır. Lələkdən yapışan kimi əli də lələyə yapışıb qalır. Nə qədər çalışsa da əlini lələkdən qopara bilmir. Sonra ortancıl qız bacısını görüb ona kömək etmək üçün bacısının əlindən tutur və o da lələyə yapışıb qalır. Kiçik bacı isə onların bunu bilə-bilə etdiklərini düşünüb deyir:
- Necə yəni, siz lələkdən qoparasınız, mən yox?! Mən də istəyirəm.
O belə deyib lələkdən tutur və onun da əli lələyə yapışıb qalır. Qızlar nə qədər çalışsalar da lələkdən qopa bilməyirlər. Gecəni də qazın yanında keçirmək məcburiyyətində qalırlar. Sonrakı gün Sərsəm qızlara fikir vermədən qazını da qoltuğuna vurub yola düşür, qızlar da qazın arxasınca. Onlar yolda kəndin keşişinə rast gəlirlər. Keşiş qızların Sərsəmin arxasınca qaçdığını görüb deyir:
- Ayıb olsun sizə. Heç utanmırsınız üçünüz birdən düşmüsüz bu oğlanın arxasına?
Belə deyib kiçik qızı tutmağa çalışanda o da onlara yapışıb qalır. Yazıq nə qədər əlləşirsə də əlini qızdan qopara bilmir. Yolda keşişin köməkçisi onların bu vəziyyətini görüb yerindəcə donub qalır. Keşiş köməkçini görən kimi başlayır qışqırmağa:
- Sən Allah gəl kömək elə, qopa bilmirəm burdan.
Köməkçi keşişə kömək etmək istəyəndə o da keşişə yapışır və qopa bilmir. Sərsəmin da dünya vecinə deyildi və yoluna davam edirdi. Bu minvalla qarşılarına meşədən qayıdan iki kəndli çıxır. Keşiş yenə qışqırmağa başlayır:
- Kömək edin, kömək edin!!
Kəndlilər qaça-qaça onlara yaxınlaşdılar. Ancaq nə fayda!? Onlar da elə əllərinə keşişə uzadcaq yapışıb qaldılar. Artıq yeddi nəfər idilər və yıxıla-dura Sərsəmin arxasınca qaçmağa davam edirdilər. Gəlib bir şəhərə çatdılar. Bu şəhərin padşahının qızı çox ciddi imiş və indiyə kimi onu heç kim güldürə bilməyibmiş. Padşah da belə bir fərman verib ki, kim qızını güldürməyi bacarsa qızını ona ərə verəcək. Sərsəm da bunu eşidən kimi üz tutur padşahın iqamətgahına. Qız Sərsəmi və onun arxasındakıları görən kimi gülmək onu tutur və az qala gülməkdən ürəyi dayanır. Sərsəm də padşahın yanına gəlir və qızını ondan istəyir. Padşah isə qızını ona vermək istəmir və buna görə də onun qarşısına daha bir tələb qoyur. Deyir ki, qızımı almaq istəyirsənsə mənə bir zirzəmi dolusu şərab içə bilən adam tapmalısan. Sərsəm də bunu eşidən kimi yadına meşədəki qoca düşür və dərhal onun yanına gəlir. Qoca oğlanı görən kimi şikayətlənməyə başlayır:
- Susuzluqdan ölürəm, ama su bir qram da mənə kömək etmir. Nə qədər su içsəm də heç bir faydası yoxdu. Ürəyim dayanacaq axırda yanğıdan. Mənim yanğımı təkcə şərab söndürə bilər. Indi ola nə içərəm..?!! Sərsəm sevincək əhvalatı qocaya danışır və elə qocanı da götürüb birbaşa gəlir padşahın sarayına. Padşah qocanı şərabla dolu zirzəmiyə saldırır və üstündən elə bir az vaxt keçməmiş qoca bütün şərabı içib qurtarır. Padşah çox təəccüblənir. Çünki bir zirzəmi dolusu şərabı heç kimin bu qədər vaxta içib qurtaracağını düşünmürdü.
Beləliklə Sərsəm ikinci dəfə padşahdan qızını istəyir. Ama padşahın oğlandan bir mərrə də xoşu gəlmirdi. Elə istiyirdi, bir bəhanə tapsın və qızını ona verməsin. Padşah fikirləşdi, fikirləşdi, axırda ağlına bir fikir gəldi. Oğlana dedi:
- Elə bir adam tapmalısan ki, dağ boyda çörək yığımını bir günə yesin qurtarsın. Sərsəm bunu eşitcək üz tutdu meşəyə. Meşədə, əvvəlcə qocanı gördüyü yerdə, bir adam oturmuşdu və kəmərini bərk-bərk sıxmışdı. Qoca öz-özünə danışır, aclıqdan şikayət edirdi. Qoca Sərsəmi görən kimi deyir:
- Acından elə ölürəm ki, bu saat nə versələr yeyərəm. Kəmərimi də özüm elə sıxmışam ki, acından ölmüyüm. Sərsəm bu qocaya da əhvalatı danışır və onu padşahın sarayına gətirir. Qoca deyildiyi kimi, bir dağ boyda çörək yığımını yeyir, durur ayağa. Padşah yenə bəhanələr tapmağa başlayır. Bu dəfə də belə bir tələb irəli sürür və oğlana deyir:
- Mənə elə bir gəmi tapmalısan ki, o həm suda, həm də quruda hərəkət edə bilsin. Bu dəfə də dediyimi eləsən qızımı sənə verəcəyəm. Sərsəm bu dəfə də meşəyə gedir və qocanı tapır. Padşahın bu tələbini də qocaya danışdıqdan sonra qoca deyir:
- Sən mənə ac olduğum vaxt yemək verdin, məni yedizdirdin, içizdirdin. Buna görə də sənə istədiyin gəmini verəcəyəm.
Padşah gəmini görən anda donub qalır və artıq heç bir bəhanə uydura bilməyir. Qızı ilə Sərsəmi evləndirir. Qırx gün, qırx gecə toy - büsat qurulur. Sərsəmin toyunun şanı hər yerə yayılır. Padşah da öləndən sonra Sərsəm onun yerinə keçib şəhəri idarə eləməyə başlayır və ömürlərinin axırına kimi ər - arvad şad-xürrəm yaşayırlar...