Qızılbaşlığın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə görə Məhəmməd peyğəmbər Ühüd döyüşündə yaralanır, başından axan qanlar onun başını qızıl bir baş halına gətirir və bundan sonra Həzrəti Əli başında qırmızı tac ilə müharibələrdə iştirak etmişdir və qızılbaşlar bu adı burdan almışlar. Digər bir rəvayətə görə Şah İsmayıl İkinci Bəyazid dövründə öz əsgərlərini Anadoludan Suriyaya keçirəndə bu əsgərlərin də başında qırmızı təkkələr varmış və bundan sonra şiələrə qızılbaş deməyə başlamışlar.Alman alimi Brokelmana görə isə atasının ölümündən sonra Şeyx Heydər öz təriqətinə yeni bir şəkil verdi ki, bu da öz ifadəsini yeni bir baş örtüyündə tapmışdır. Bu qırmızı başlıq 12 imama işarət edən 12 dilimli bir Heydəri baş örtüyü idi.
Qızılbaşlar Səfəvilər dövlətində hakim mövqe tuturdular. Səfəvilər dövlətinin həm də "qızılbaşlar dövləti" adlandırılması bununla əlaqədar idi.Qızılbaşlar əvvəlcə şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, varsaq, qaradağlı (Qaradağ sufiləri), sonralar isə bayat, qaramanlı, baharlı, alpaut, ərəşli, qazaxlı və başqa türkdilli tayfaları birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.Qızılbaşlar tayfa ittifaqına daxil olan ellərdən bəziləri aşağıdakılardır:
Şamlı eli
Ustaclı eli
Türkman eli
Təkəli eli
Əvşar eli
Qacar eli
Zülqədər eli
Qaramanlı eli
Qaradağlı eli
Bayat eli
Rumlu eli
Varsaq eli.
Əfqanıstan qızılbaşları
Qızılbaşlar Əfqanıstana Nadir şah Əfşar tərəfindən köçürülüblər. Əfqanıstanda yaşayan qızılbaşlar soykökü baxımından Azərbaycan türkləri olub bir neçə tayfaya bölünürlər: əfşar, bayat, şahsevən, ənsarlı, şahağası, şamlı və cavanşir. Qızılbaşlar əsasən kompakt halda Kabil, Herat, Lögər və Qəndahar şəhərlərində, həmçinin Əfqanıstanın mərkəzində bəzi kəndlərdə yaşayılar. Onlar evdə, ailə içində Azərbaycan türkçəsinin şimal ləhcələrində danışırlar, ancaq digər millətlərin nümayəndələri ilə ünsiyyətdə fars dilinin şərq ləhcəsi olan daricədən istifadə edirlər.Bayat tayfasına mənsub olan qızılbaşlar Əfqanıstanın şərqində və şimali-şərqində məskunlaşıblar.
Ənsarlı tayfası bayat tayfasının tirələrindən biridir. Ənsarlı qızılbaşlar Kabil vilayətinin Qala Fətulla, Qala Sədulla və Vəzirabad kəndlərində yaşayırlar.
Əfqanıstandakı qızılbaş toplumunun bir parçası olan şamlı tayfasının nümayəndələri Kabil və Herat şəhərlərində məskunlaşıblar.
Əfqanıstanda yaşayan qızılbaşların sayının 30 mindən - 1 milyonadək olduğuna dair müxtəlif təxminlər mövcuddur.
Anadolu qızılbaşları
Anadoluda Qırşexir, Ankara, Sivas,Malatya, Diyarbəkir, Ərzurum, Kars, Antalya, İzmir, Manisa, Kütaxya, Balıqəsirdə Qızılbaş kəndləri vardır. Ümumiyyətlə isə, Qızılbaşlara Türkiyənin hər bir yerində rast gəlmək mümkündür. Orta Anadolu Qızılbaşları Hacı Bəktaşi Vəli-Çələbi ocağına, Qızılbaşların bir qolu olan Taxtacılar İzmirin Narlıdərə kəndindəki Yanın Yatır ocağına, Aydında olan Qızılbaşlar isə Hacı Əmir ocağına bağlıdırlar. Qızılbaşların böyük bir piri də Ankaranın Həsən dədə kəndindəki eyni adlı bir pirdir. Taxtacılar Qızılbaşların qolu olub Yürük türkmənləridir. Bunlar köçəri həyat tərzi keçirirlər. Meşə təsərrüfatı ilə məşğul olduqlarından taxtacı adlandırılırlar.Anadolu Qızılbaşları demokrat ruhlu və yüksək əxlaqlı insanlardır. Əski türkcə danışırlar, savadlıdırlar, cahil və qaba deyildirlər. Bir çox mahnılar, şerlər və əfsanələr bilirlər.