Qızıma yazdığım məktub
Günel Fərhadqızı tərəfindən "Esse" bolməsinə 11:02 21 aprel 2016 tarixində əlavə olunmuşdur

Salam, qızım,

İlk sözüm sənə, “Bağışla, məni”dir. Niyəsini zamanla anlayacaqsan… Küsgünsən, məndən ayrılıqda, uzaqda çəkdirdiyin şəkillərə baxıram, göndərilən audiosəslərə qulaq asıram, videogörüntülərdə görürəm səni… Mənim kimi üzün gülmür, qapanmısan, kədərlisən… Mənim kimi insanlardan uzaqlaşırsan, kövrəksən, küsgünsən, fikir içindəsən, kədərli düşüncələr dünyasındasan, xəyallardasan, yoxsa mənli xatirələrində, bilə bilmirəm…

İtirmişəm səni, inamımı, sevincimi, xoşbəxtliyimi, ümidimi, səninlə qovuşacağım günə ümidimi itirmişəm artıq, gücümü itirmişəm, mübarizəm dayanmışdır…

Bağışla ki, məndən öyrənəcəyin, nümunə götürəcəyin az şeylər olacaq, ana kimi nümunə olmadım, ideal, mükəmməl olmadım…

Məndən ana olmağı, övlad sevgisini və ailənin dəyərini bilməyi öyrənə bilmədin… Qadın olmağı, sevməyi, sevilməyi, kişilərlə anlaşmağı, insanlarla dil tapmağı öyrənmədin… İnsanlardan, səni sevməyənlərdən qorunmağı, dostu, düşmənini tanımağı öyrənə bilmədin məndən…

Çox şey öyrədəcəkdim, çox şeyi öyrənməli idin, yarımçıq qaldı…

Nə uşaqlığın oldu, nə gələcəkdə gəncliyin olacaq xoşbəxt insan kimi… Yarım qalacaqsan hər zaman, atılmış hiss edəcəksən özünü… Nifrət edəcəksən mənə… Unudacaqsan məni… Sevməyəcəksən…

Yazdıqlarım qalacaq səhifəmdə, yazılarımda, kitabımda, sənsə istəsən, tapsan, dilimizi unutmasan, oxuyarsan…

Anlayarsan, ana içində necə əzab çəkir, ağlayır… Niyə yeni həyat qura bilmir… Anan da sənin kimi yarım qalıb, yarımçıqdır…

Bilirəm, hər bir qız anasına oxşamaq istəyər, sənsə uşaq vaxtından məni itirmisən, nə simam qalıb yaddaşında, nə səsim… Görsən, bəlkə heç tanımazsan…

Bilirəm, ana daha önəmlidir qız övladı üçün, bilirəm, amma neyləyim belə alındı…

Bəlkə də tələsdim, səni doğmağa, səni arzulamağa, bəlkə də doğulmalı deyildin belə tez… Şans verməliydik ailəmizə, bir-birimizi tanımağa atanla özümə…

Amma peşiman deyiləm, səni mən sevdim, səni mən istədim, sən özün doğuldun, doğulduğun andan sərbəst idin… Sevgidən doğuldun, sevilərək doğuldun, sonra isə dağıldı hər şey, məhv oldu… Mən də günahkaram…

İstəyirdim, oğlum deyil, qızım olsun…

Uzun saçlarımla oynayacaq, barmaqları ilə qarışdıracaq, üzümü çevirib yanağımdan öpəcək, oynayacaq mənlə bir qızım olsun…

Bir qızım olsun, özüm böyüdüm sevərək onu, ana südü verim, sağlam olsun deyə…

Qızım olsun, öyrədim ona həyatı…

Bir qızım olsun, çantamı dağıtsın, kosmetikamı yaxsın üz-başına, əllərinə, sonra keçsin ayna önünə, desin “Ana, bax, necəyəm? Böyümüşəm?!”

Bir qızım olsun, geyinsin balaca ayaqlarına böyük olan ayyaqqabılarımı, işdən evə gələndə baxsın əlimə ki, anam mənə bu gün nə alıb, qucaqlayıb, öpsün, buraxmasın məni…

Bir qızım olsun, paylaşım onunla yaşadığımı, ən yaxın rəfiqəm olsun, ağladığım zaman təsəllim, sevincim, fərəhim olsun…

Bir qızım olsun, biliyimi, yaradıcılığımı, istedadımı ötürüm ona, baxım, uğurlarına, sevinim, fəxr edim onunla…

Bir qızım olsun, pis anımda ağladığımda, qalmasın kənarda, qucaqlasın məni, silsin göz yaşlarımı, “Ana, ağlama, səni sevirəm” desin mənə…

Bir qızım olsun, nazlı, ağıllı, sevimli, gözəl, lap sənin kimi…

Bir qızım olsun, saçları uzun olsun, zahirən mənə oxşasın, atan da desin ki, “Anana oxşamısan qızım, anan kimi çox gözəlsən!”

Bir qızım olsun, yatanda qucaqlayıb yatsın, yuxuya getsin, buraxmasın məni daha…

Bir qızım olsun, səhər işə gedəndə, gəzməyə çıxanda, aynaya baxıb, makiyaj edəndə, nəm salfetkaya silsin makiyajımı, gülərək desin “Çəkmə onu, sən hamıdan onsuz da gözəlsən, ana!”

Bir qızım olsun, qadınlıq məktəbini keçsin, qadın olmağı öyrənsin, qız olmağı öyrənsin, insan olmağı öyrənsin…

Bir qızım olsun, gəzməyə sevinərək çıxsın mənimlə, tutsun əlimi, buraxmasın, yorulanda gəlsin qucağıma, bir də düşməsin qucağımdan…

Bir qızım olsun, kitabları görsün mağazada, aldırtsın, sonra desin, “Bu kitabı oxu mənə”…

Bir qızım olsun, sirdaşım olsun, paylaşsın sevincini də, kədərini də… Ağlayanda ağlasın, güləndə mənlə gülsün…

Bir qızım olsun, ağlatsın məni uğurlarıyla, qələbələriylə, sevinciylə…

Bir qızım olsun, sevməyi öyrənsin, sevilsin, ailə qursun, ərə verim onu sevdiyi kəsə… Bir nəvə versin mənə, bir qız nəvəsi…

Bir qızım olsun, başqa qadına deyil, mənə “Ana, səni sevirəm” desin…

Arzularım gerçək oldu, istədiyimi verdi Allahım, səni verdi mənə… Qədrini bilmədim nə sənin, nə də ki, arzularımın…

Mənə qalan səndən qalan xoş xatirələrdir. Qızım, sənin üçün çox darıxıram…


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+33=
Hesaba giriş
Müəllif

Günel Fərhadqızı
Haqqında
Maliyyəçi, risk, sərmayə meneceri, təlimçi, köşə yazarı, jurnalist, yazar
Əlaqə
Tel.:
0702021606
E-mail:
e.gunel@azti.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0214 saniye