qocalır adamlar,
qocalır ayaqlar.
küçələr də qırış-qırış olur.
qocalır əllər,
artıq əvvəlki kimi,
buludlara sığal çəkmir.
qocalır yağışlar,
əsə-əsə çətirlərə səpələnir.
qocalır içkilər də,
sərxoşluğun dadı- duzu qalmır,
gedə bilmirsən heç bir qadının ardınca,
ona deyəcək dilində heç bir söz də qalmır.
qocalır otağındakı qapı,
sənin üzünə açıla bilmir.
elə zor bəla ilə keçirsən,
yatağa,
gecəni birtəhər açırsan sabaha.
və görürsən ki,günəşin gözləri tutulub,
o da qocalıb,
sənin pəncərənə nur saça bilmir.