QONAQLIQ
Əfqan Nəsirli tərəfindən "Esse" bolməsinə 11:19 26 noyabr 2016 tarixində əlavə olunmuşdur

Əfqan Nəsirli (Cəfərov Əfqan Nurəddin oğlu) 

QONAQLIQ 

Proza

  Moruqlu kəndi dağların ətəyində yerləşirdi. Dörd bir tərəfdən kəndi əhatə edən çox da yüksək olmayan yamaclar yazda yamyaşıl olsa da, üzü payıza dönəndə hər tərəf saralırdı.

Buranın təbiəti kimi insanları da mülayim idi. Eyni zamanda çox zarafatcıl idilər. Bir-birləri ilə elə zarafatlar edərdilər ki, kənar adam olsa acığı tutar, bu cür zarafatlara dözə bilməzdi. Deyilənlərə görə, bir nəfər çimərkən həyat yoldaşının başına su tökəndə onunla zarafat etmək istəyir. Həyat yoldaşı gözünü sabunlayanda qapqaynar suyu onun kürəyinə tökür. Qadın hamamdan yarımçılpaq birbaş atası evinə qaçır. Zarafatının ciddiləşdiyini görən kişi, onun arxasınca yüyürərək: - Atamın goru haqqı, zarafat edirdim, hara gedirsən - deyə qışqırır. O gündən kim belə sərt zarafatlar etsə, ona, "Sən də qırmızıgöz Əli kimi zarafat edirsən", - deyirdilər. Zarafatcıl kişilərdən biri də Veysəl kişi idi. O, hər hansı bir məclisə gələn kimi hamı sözünü kəsər, məzəli cavab almaq üçün ona söz atardılar. Veysəl kişi ucaboy, enlikürək olması ilə yanaşı, sifətcə yaşından çox cavan görünən nurani simalı orta yaşlı bir kişi idi. Çalışardı heç kimin xətrinə dəyməsin. Sözün düzünü də zarafatla elə deyərdi ki, qarşıdakı şəxs nəinki ondan inciyər, əksinə eyni açılar, ürəkdən şaqqanaq çəkib özünün hərəkətinin təsvirinə gülərdü. Bir qədər imkanlı olduğuna görə kənddə hamı onu "Katta" deyə çağırardı. Kənddə isə əli işdən boşalan kişilər kəndin mərkəzində yerləşən "dükanın qırağı" deyilən yerə tələsərdi. Səbəb baş vermiş nə isə yeni bir hadisələrdən xəbərdar olmaq və ya kənddə baş vermiş təzə əhvəlatları dinləmək, ya da hələ qulaq səsi eşitməmiş söz-söhbəti eşitmək həvəsi olardı. Baş vermiş bütün hadisələrə hamı öz şəxsi fikrini bildirər, hər işi öz arşını ilə ölçüb, gah bir tərəfi, gah da digər tərəfi günahlandırardılar. Bir dəfə günortadan keçmiş Veysəl kişi də evdə bekarçılıqdan bezib "dükanın qırağı"na çıxdı. Orada bir neçə nəfər olub - keçənlərdən söhbət edirdi. Veysəl kişinin gəlişini görüb hamı sakit dayandı. O, yaxınlaşıb salam verdi. Çöməltmə oturmuş cavanlar da ayağa durub salamı aldılar. Hər kəs indi nə isə qeyri - adi bir söhbətin olajağını düşünürdü. Ani bir sükutdan sonra Rakif müəllim: - Katta, çoxdandı görsənmirsən. Olmaya başın çox qarışıqdı? Xeyir ola, belə hara gedirsən?- deyib, Veysəl kişiyə sataşmaq istədi. Rakif orta məktəbdə xarici dili müəllimi idi. O, bədəncə iri olsa da, yerişi nataraz idi. Hələ gənc yaşlarından gözündə cərrahiyə əməliyyatı aparılmış, görmə bərpa edilsə də, gözləri çəp qalmışdı. O, düz qarşısında duran adama baxanda əli ilə yanındakı adamı göstərirdi. Neçə illərdir ki, Veysəl kişi ilə zarafat edirdi. Bu müddət ərzində bir dəfə də olsun aralarında inciklik olmamışdı. Veysəl kişi Rakifin ona sataşdığını başa düşdü: - Sənin kimi veyil - veyil gəzməkdənsə, az - az görünmək yaxşıdı. Günlərin birində bir aşıq sazını çiyninə vurub çağrıldığı toya gedərkən qonşuluqdakı molla qabağına çıxır: - Aşıq, xeyir ola belə, - deyə ona sataşmaq istəyir. Aşıq da cavabında: - Xeyirdi ki, mən gedirəm, şər olsaydı sən gedərdin, - deyir. Bu sözdən hamını gülmək tutdu. Rakif müəllim söz altda qalmamaq üçün söhbəti fırlatmaq istədi: - Ə, mən molla ha döyüləm, istəsən indi bir xeyir iş düzəldə də bilərəm, - dedi. - Eşit, inanma. Ayə, bu müəllim və həkim tayfası var ha, bir manatını alanacan, canını alsan daha yaxşı olar, - deyə, Veysəl kişi onu daha da qızışdırıb dediyini ciddiləşdirmək istədi. - Katta, vallah, bizim adımız çıxıb, siz bizdən də betərsiniz. Elə ki, söhbət düşüb, çoxdandı səninlə oturmuruq, gəlsən bir "nemetski şota" yeyib-içək, - deyərək, Veysəl kişinin fikrini öyrənmək istədi. - Ayə, sən ”nemes”ləri harda gördün ki, bir onların hesabından da danışasan. Yoxsa, atan danışıb sənin də ürəyincə olub, - deyən Veysəl kişi yenə Rakifə sataşdı. - Zarafat bir yana, düzünü deyirəm, könlümdən səninlə yeyib-içmək keçir. Bu sözdən sonra Veysəl kişi nə fikirləşdisə: - Müəllimin çörəyini yemək günah olar. Gəl belə eyləyək. Nə qədər kabab yeyilsə pulunu mən verim, nə qədər araq içilsə hesab sənlikdi. Razısanmı? - dedi. Bayaqdan söhbətin nəticəsini həvəslə gözləyən cavanlar pərt olacaqlarından qorxaraq bir kəlmə də kəsmirdilər. Rakif müəllimin fikrə getdiyini görən Veysəl kişi həmsöhbətini pərt etmək istədi: - Ayə, nə oldu, bayaqdan yeyib-içməkdən danışırdın, pul adı gələn kimi fikrə gedəsi oldun. Burda fikirləşməli nə var ki? Mən sənin xeyrinə dedim. Müəllim adamsan, istədim çox ziyana düşməyəsən. İnanmırsan, hesabla, bir araq 10 manat, bir kilo kabab 15 manatdır. - Nə deyirəm, qoy sən deyən olsun, düş qabağıma. Bura gedək, yoxsa, "Cambula” - deyərək o, Veysəl kişinin qolundan tutub irəli tələdi. - Bir dayan, ay müəllim, məsələ elə deyil, - deyib, o, çiynini kənara çəkərək müqavamət göstərdi, sonra sözünə davam etdi, - mən burda oturanları da dəvət etmək istəyirəm. - Bu olmadı də, mən səninlə təkbətək vurmaq istəyirəm, - deyən Rakif müəllim öz etirazını bildirdi. - A kişi, axı günaha batarsan, bu cavanlar bayaqdan söhbətimizə qulaq asır. Bir də ki, sənin üçün nə fərqi, mənim 5, ya 6 mədəm var - deyə Veysəl kişi onu razılığa gətirmək istədi. Rakif müəllim nə fikirləşdisə: - Yaxşı, düşün qabağıma, - dedi. Gənclərdən bəzisi utandığından, bəzisi isə burada nə isə bir hiylə olduğunu fikirləşərək getmək istəmədilər. Lakin Veysəl kişinin xahişindən sonra hamı yeməkxanaya yollandı. Rakif müəllim Veysəl kişini xərcə salmaq üçün stolda oturan kimi uca səslə: - Orda 10 kilo kabab çəkin, - qışqırdı. Veysəl kişi belə getsə uduzacağını görüb tez Rakifin qolundan dartdı: - Ayə, bir dayan görüm. Müəllim, sən görməmişsən? 10 kilo kababı birdən sifariş verməzlər. Əvvəla o soyuyacaq, ikincisi, bəlkə heç yiyə bilmirsən. Ət burda, mən burda, qoy iki - iki çəkib gətirsin. Qorxma, doyana qədər alacağam. Hamı Veysəl kişinin fikrini bəyəndi. Hətta gənclərdən biri : - Müəllim, atalar yaxşı deyib: "İgid cannı, kabab qannı” - deyərək Rakif müəllimi tam razı salmaq istədi. Kabab hazır olana qədər Veysəl kişi Rakif müəllimlə zarafatlarını davam etdirdilər. Veysəl kişi olub - keçənləri gənclərə anladırmış kimi: - Bilirsiz, dünyada çox dəhşətli hadisələr var. Ən böyük faciələrdən biri də odur ki, qapında yal verdiyin it keçib qonşunun həyətindən sənə hürsün. Bax, bu Rakif müəllim də belələrindəndir. Bu sözdən hamını gülmək tutdu. Gənclərdən ikisi özlərindən asılı olmadan əllərini - əllərinə vurub bərkdən şaqqanaq çəkdi. Rakif bir qədər pərt olsa da: - Ay katta, indi zamana dəyişib, sən görən babalar artıq ölüb. Bu saat kim çox pul versə, hamı onun yanına qaçır, - deyib özünə haqq qazandırmaq istədi. Bu sözlər Veysəl kişini daxilən incitsə də, biruzə verməyib daha güclü arqument gətirmək üçün sitat gətirdi: - Belə yerdə rəhmətlik Səməd Vurğun deyərdi ki, iki dəhşətli halın olması insanlığın itməsi deməkdir. Birincisi odur ki, biri yalan danışa, hələ utanmaya gözünü də gözünün içinə zilləyib öz yalanının doğruluğunu sübut edə. İkincisi odur ki, vəzifəcə səndən böyüyün qohumu rəhmətə gedə, sən də məcbursan onun üçün gözündən yaş çıxarmağa. Gör cjanına nə zillət edirsən, ürəyin yanmır axı. Veysəl kişi sözünü qurtarar - qurtarmaz ortaya yemək gətirildi. Bununla da bayaqkı söhbət unuduldu. Hamı yeməyə başladı. Arağı qədəhlərə Veysəl kişi süzməyə başladı. Oturanların hamısı araq içdiyindən o, birinci süzümdə butulkanı qurtardı və boş şüşəni stolun altına qoyub uca səslə: - Bu daha stola yaraşmır, - dedi. Veysəl kişi ikinci butulkanı qədəhlərə az - az süzdü. Yarımçıq qalmış butulkanı isə stolun altına, ayağının yanına qoydu. Məclis getdikcə qızışırdı. Vurmaq həvəsi güclənən Rakif müəllim Veysəl kişiyə: - Ayə, di bundan süz içək, dana,- deyə, təpindi. - Nə süzüm, ə, denən gətirsinlər də,- Veysəl kişi stolun altından boş butulkanı əlinə alıb silkələdi. O, üçüncü butulkanı açmamış xəlvəti olaraq yenə stolun altına qoydu və bayaqkı yarımçıq şüşəni götürüb az-az qədəhlərə süzdü. Bu dəfə arağı süzməyə birinci özündən başladı. Bunu görən Rakif onu utandırmaq istəyir: - Sən, niyə birinci özünə süzürsən, ə? - Yadınızda saxlayın, sonra deyəcəksiniz bilirdi, öyrətmədi. Elə ki, gördünüz məclisdə adam çox, araq azdır, onda qədəhlərə birinci dəfə araq süzəndə qarşıdakından başla, ikincini isə ilk olaraq özündən. Çünki məclisdə birinci qədəh olduğundan sənə çatmasa da, məcbur olub yenə araq gətirəcəklər, ikinci, üçüncü qədəhdə isə yaddan çıxa da bilərsən, - deyib, Veysəl kişi qədəhlərə araq süzməyə başladı. Beləcə, deyə-gülə məclis davam etdi. Sonda məclisə 4 kilo kabab, 10 araq gətirilmişdi. Onun 4-nü Veysəl kişi məqam tapıb gizlədə bilmişdi. Nətijədə, 100 manat Rakif müəllim, 60 manat Veysəl kişi ödədi ki, əvəzində də 4 araq ona havayı qaldı. Bax, buna deyirlər, "Əsl qonaqlıq”. 

Sonu


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+4=
Hesaba giriş
Müəllif

Əfqan Nəsirli
Əlaqə
Tel.:
+994519966173
E-mail:
afgan73@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0316 saniye