Qorxulu hekayə, yoxsa lətifə?
Şəfiqə Şəfa tərəfindən "Hekayə" bolməsinə 14:32 29 avqust 2016 tarixində əlavə olunmuşdur

Kəndə getmək üçün hər dəfə meşədən keçməli oluram. Şosse də var, amma bu yol mənzil başına daha gec çatmaqdan başqa bir işə yaramır. Üstəlik, gələn-gedən maşınları aldadıb saxlayaraq pul qazanmaq istəyən dələduzların əlindən ağlı başında olan ordan keçməz. Odur ki, salamatı elə meşə yoludur. Həmişə elə çıxıram ki, axşamüstünə kənddə olum. Bu dəfə özümdən asılı olmayan səbəblərdən meşəyə çatanda artıq axşamüstü idi. Bildim ki, gecəyə düşəcəm, amma kişilik qürurundandı, ya nə, qorxuma təslim olmaq istəmədim. "Əşşi, nə olasıdı ki, həmişə keçdiyim yollardı da...” – deyə özümü ovudaraq meşəyə girdim. Nə qədər ki, narıncı günəş hələ dağların arxasında özünə yer eləməmiş, istəyirdim heç olmasa yolu yarı eləyim. Amma bu gün deyəsən, günəş yatmağa tələsirdi, ya da mən tələsdiyimdən gözüm hər şeyi sürətli görürdü.

Həftədə bir neçə dəfə keçib-getdiyim, hələ dovşandan, dələdən həşəratlardan, quşlardan başqa bir canlıya rast gəlmədiyim bu sakit təbiətli meşə birdən-birə gözümə bədheybət kimi göründü. Adamda qürur qalar?.. Başım çiyinlərimin üstündə xarab kompas əqrəbi kimi sağa-sola dönürdü. Elə vahiməyə düşmüşdüm ki, qarşıma çıxan hər ağac, yan-yörədən eşitdiyim hər çıqqıltı soyuq tərimi axıdıb bədənimdə su qoymamışdı.

"Bircə bu lənətəgəlmiş meşə qurtarsaydı...”

Hələ bu azmış kimi, qəfil yağışa da düşdüm. Çətirli ağacların birinin altında məmnuniyyətlə yağışın kəsməsini dayanıb gözləyərdim, amma... onda sözsüz qorxudan gecəni səhərə sağ çıxmazdım. İki-üç dəqiqəyə bütün bədənib islandı, suyun içində fırçıltı ilə ayaqlarımı yeyinlətməyə çalışır, bu gün məni gecikdirmiş bütün səbəbkarların var-yoxunu gözdən keçirdirdim. 

Payızın hələ yaydan fərqlənməyən günlərində havanın qəfil dəyişməsi lap kələyimi kəsmişdi. Əməlli-başlı donmuşdum. Elə bir az da irəliləmişdim ki, arxadan önümə gur işıq düşdü. Diksinib geriyə baxdım: avtomobil! Bu gecə vaxtı məndən və ağac-uğacdan başqa heç biz cismin olmadığı meşədə maşın necə peyda oldu? Nə vaxt gəldi ki, görmədim, ya da səsini eşitmədim? Həə, axı qorxumdan meşə səslərini eşitməmək üçün qulaqlarımı möhkəm tutmuşdum...

Maşın yolun üstündəcə dayanmışdı. Sevincək yaxınlaşıb tərli şüşəsindən içinə boylanmağa çalışdım, bir şey sezəmmədim. Əlimi qapının dəstəyinə atanda gördüm ki, açıqdı. Ehtiyatla açıb maşının içinə baxdım – heç kim yox idi. Bütün bədənim uçundu. Bu nə idi? Qarabasma? Yox, axı əlim cismi hiss edir... Fakt, əllərim dəmirə, dəri oturacağa toxunur?!

Yağışın əlindən tez oturub elə bunları düşünürdüm ki, maşın hərəkətə gəldi. Öz-özünə sürülməyə başladı. İlahi! Bədənimdəki bütün tüklər tikan kimi oldu. Titrəyən çənəmin əlindən, bildiyim duaları da oxuya bilmədim. Bərəlmiş gözlərimi sürücüsüz sükana zilləmişdim ki, birdən hardansa tüklü bir qol içəri girib sükanı tənzimlədi, sonra yenə də yox oldu. Yoox! Bu artıq qarabasmadan başqa bir şey ola bilməzdi. Bağırmaq istəsəm də səsim çıxmadı. Qurumuş boğazımı udqunaraq yaşlamağa başım qarışmışkən, birdən qapı açıldı. Üzündə saqqaldan əl basmağa yer olmayan domba gözlü bir kişi və ya kişiyəbənzər məxluq qapının ağzından diqqətlə mənə baxırdı. Elə bu dəqiqə ürəyimin partlayacağını düşünən zaman "məxluq” dilləndi:

– Sən kimsən? Maşında neynirsən?

– Mə... mən evə gedirəm...

– Necə yəni?

– Pi...piyada gedirdim, gördüm maşın dayanıb... O-oturmuşdum ki, maşın öz-özünə sürüldü...

– Əəə, nə öz-özünə? Mən bu maşının yiyəsiyəm. Maşın yolda söndü. Üç saatdı, maşını itələyirəm, bir əlimlə də sükanı tutmağa çalışıram. Kişinin oğlu maşının içində bəy kimi oturub... Əəə, dur bas bayıra!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+15=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0287 saniye