Qoyun
Qoyun, səni vəzifəyə qoysalar,
Könlün arpa istəyər de, yoxsa, qoç?
Ac olanda məncə, arpa istəyər,
Arzulayar qoyun əgər, toxsa, qoç.
Sənə quzu dedik körpə yaşında,
Ha bəslədik payızında, qışında,
Qoyun, qalmaz qoyun ağlın başında,
Cazibədar bir baxışla baxsa, qoç.
Qoyun var ki, iki ayaq bir başı,
Dörd ayağın bir başın var, ay qoyun.
İnanmırsan heç inanma, özün bax,
Əgər hesab bilirsənsə, say, qoyun.
İrsən keçib, qoyun, sənə qoyunluq,
Sən çəkmisən eynən öylə babana.
Bir az otun, alafun var qudurub,
Heç baxmırsan boz itə, nə çobana.
Vaxt var idi Yusif səni otarıb,
Gəzdirirdi bu dağları, düzləri.
Nə var, nə var kökəlmisən azacıq,
İndi adam saymırsan heç bizləri.
Çəmənlikdə görüb növ-növ otları,
Düşünürsən hamı mənim olaydı.
Canavarın dişi batmaz day sənə,
Elə sənə qəssab qənim olaydı.
Yusif Nazim Ərəbsoy