Qumru
Ülfət Cavad tərəfindən "Hekayə" bolməsinə 22:39 18 mart 2015 tarixində əlavə olunmuşdur

  Qismətinə agır dövran düşmüşdü. Zamana uduzmuşdu,həyatın ağır şərtləri qarşısında çarəsiz hala salınmışdı. Səbr kasası daşmış, iradəsi hüdudları tamamlamışdı. Canı yanırdı,ancaq, köksündəki iztirabları özündən başqa kimsə bilmirdi. Göyərçin gözlü, al yanaqlı,püstə dodaqlı gözəl çöhrəsi ona acılardan qeyri heç nə verməmişdi. Gözlərindən süzülən büllur kimi yaş damlaları belə,onun qəlbindəki yangını söndürməyə yetmirdi.Qumru sıradan biri deyildi.Öz zəkası,həyata baxışları,elmə olan sevgisi və füsunkar gözəlliyi onu çoxlarından fərqləndirirdi. Fəqət, bütün bunlar yaşadığı çağdaş zaman üçün ettalon hesab olunmurdu. Həyasızlığın və xəyanətin dəbdə olduğu yerdə yer tapıb yerləşmək Qumru və onun kimilər üçün imkanlar xaricində qalmışdı. Əxlaqsızların “namus-qeyrət” nəsihətləri abırlıları bir küncə sıxdığı həyatın içində ayaqda qalmaq heç də asan deyildi...

Bu sabah,yeni bir iş görüşməsi üçün dəvət olunduğu şirkətə getmişdi. Şirkət rəhbəri,kadrlarla iş üzrə yardımçısına Qumru ilə şəxsən görüşmək istədiyini bildirmişdi. Qumru bir az həyacanlı,bir az utancaq vəziyyətdə kabinetə daxil oldu.Şirkət rəhbəri əli ilə ona yaxına gəlməsini işarə etdi.Yuxarı başda,enli qara rəngli kresloda 55-60 yaşlarında,sifəti qırmızı,gözləri domba,saçları seyrək və qara boya ilə rənglənmiş,peysəri yekə başına bitişik bir məxluq əyləşmişdi. Domba gözləriylə Qumrunu möhtəkir müştəri kimi süzməsi otaqda iyrənc bir mənzərə yaratdı. Bu,yekə baş və xaşal qarın məxluqun daxili də,zahiri kimi pisliklərdən xəbər verirdi.Bir sözlə,zahiri daxilini tamamən tamamlamışdı.

-Bəlkə,sənin iş məsələni bu gecə restoranda davam etdirək,nə deyirsən?

-Anlamadım?

-Sahibi olduğum restoranlardan birini deyirəm də,birlikdə baş-başa sənin iş məsələni ətraflı müzakirə edək. Həm də,bir az mədəni istirahət edək,nə deyirsən,bu axşam üçün vaxtın olacaqmı?

-Şərəfsiz!

-Nə!?

-Şərəfsiz! Sənin kimi mədəniyyətsizin,mədəni istirahətdən danışmağa necə haqqı ola bilər ki?...

Qumru arxasına baxmadan, boynu yoğun,ləyaqətsiz şirkət rəhbərinin murdarlıq saçan kabinetini tərk etdi.Baş verənlərdən o qədər hiddətlənmişdi ki,şirkətdən necə çıxdığını,nə zaman taksiyə mindiyini və indi əyləşdiyi parka haçan gəldiyini belə xatırlaya bilmirdi. Yenicə özünə gəlməyə başlamışdı. Toparlanmağa çalışmaq istəyirdi. Bu gün baş verənləri xəyalının yaddaşından silib atmaq istəyirdi. Belə məxluqatlarla eyni havanı udmaq,doğrudan da,bir fəlakət idi. Dünya-dəhşət,üzüntü,nadanlıq,yalan və amansızlığı özündə cəm edən qorxulu sığınacaq yerinə çevrilmişdi,qumral gözlü Qumrunun gözlərində. Axı,25-illik həyatının 25-gününü xoşbəxt keçirməyən Qumru, necə bəxtəvər hiss edə bilərdi özünü? Bu,özü-özünə ünvanladığı cavabı acı olan suallardan biri idi...

Canı çox,həm də,lap çox yanırdı.O qədər yorulmuşdu ki,qalxmağa belə gücü qalmamışdı. Ruhunun yorgunluğu cismini hərəkətsiz hala gətirmişdi. Yerindən qalxarkən, ətəyinə saralmış bir payız yarpağı düşdü. Başını qaldırıb libasını dəyişmək üzrə olan qoca çinara baxdı. Sanki, bayaqdan altında əyləşdiyi bu,çinar ağacı da,onun qəlbindəkiləri anlamışdı. Elə bil,qoca çinar öz xəzanlarını onun ətəyinə tökməklə,mən səninləyəm-deyə,dərdinə şərik olduğunu bəyan edirdi. İndi,Qumru üçün dilsiz canlıları dinləmək,dili olanları eşitməkdən daha xoş,daha şirin idi...


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
7+27=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0247 saniye