...Məni əmimgilə gətirdilər. Hələ bundan iki-üç gün öncə qaynanamla baldızım məni məcbur etdilər ki, əmimgilə zəng edib onlara, getdiyimiz toyda mənim biabrçılıq etdiyimi, qaynanamın dediklərinin hamsının düz olduğunu deyim. Əmimgil anlamışdılar bunları deməyə məcbur olduğumu, əmimin yoldaşı mənə telefonda ağlama, biz səni başa düşürük deyirdi.
Əmimgilə gələndən sonra anamgil bətnimdəki körpəmi aldırmağımı söylədilər. Mən isə hər dəfə bir oyun çıxarıb buna əngəl olurdum. Bir dəfə xəstəxanaya aparmışdılar məni, uşağımı aldırmaq istəmədiyimi deyəndə xəstəxana ortasında anam məni vurdu. Sonra qolumdan dartıb məni çölə çıxardı, əlinə şüşə kəsiyi götürdü, "əgər bu uşağı aldırmasan özümü bu şüşə ilə doğrayacağam” dedi. Mən isə o hirslə "tez elə, doğra” deyib ağlamağa başladım. Anam "sən bizim ölümümzə razısan, amma bir itin küçüyünün ölümünə yox” deyə qışqırdı. Zorla da olsa, anestezoloqun məni yatırtması ilə(narkozla) uşağımı aldırmağa məcbur oldum. Və bəlli oldu ki, ac qaldığım üçün mədəmdə yara əmələ gəlib. Həm bu səbəbdən, həm də psixoloji müalicələr aldım.
Sonradan öyrəndim ki, məndən sonra Zəhra ilə Elvin barışıblar. Zəhranın bacısı ilə Elvinin xalası oğlu evli idilər. Onlar da ayrılıbmışlar, biz evlənəndə təzə barışmışdılar. Zəhra da qayıdıb, halbuki, onun haqqında qaynanam və baldızım nələr danışırdılar. Zəhranın öz anası ilə əxlaqsız olduğunu deyirdilər. Zəhra bizim getdiyimiz o toyda qayıtmaq istədiyini deyibmiş. Bunlar da artıq məni hər vəchlə incidirmişlər ki, özüm bezib ata evinə qayıdım.
Barışandan sonra Elvinlə Zəhranın bir qızı olub. Görəsən, mənim balamın günahı nə idi? Bir il əmimgildə qaldım, əmim məni ata evinə getməyə qoymadı. Hərdən atamgilə gedirdim, bir dəfə Kənanı gördüm. Artıq mən ona layiq deyildim, salamını alıb tez uzaqlaşdım ki, mənə heç nə deyə bilməsin.
Bir ilin sonunda məktəbdə işlədiyim iş yoldaşımın məsləhəti ilə onun dayısı oğlu ilə ailə qurdum. Sahib – indiki həyat yoldaşım da bir dəfə evli olub ayrılmışdı. Ayrılma səbəbi isə Sahibin heç vaxt uşağı olmayacağı idi. Bunu bilib qəbul etdim. Çünki mən də körpəmi məcburən aldırmışdım, günah qazanmışdım. Özlüyümdə Allah qatında günahımı bağışlatmaq üçün uşaq götürüb böyütməyi fikirləşib, bu addımı atdım. Amma Allahın möcüzəsi ilə evləndiyim aydan hamilə qaldım. Çox sevinirdim, 32 həftəyə qədər balamı normal bilirdim, 32-ci həftəsində idi, 10 gün həkim nəzarətində xəstəxanada qaldıqdan sonra həkimlər mənə dedilər ki, uşaqda ağ böyrək sindromu var, uşağın böyrəkləri hər gün bir az daha şişir, ya süni doğuş etməlisən, ya da xəstəxananı tərk etməlisən. Mən isə bu balamdan da vazkeçə bilməzdim. Ərizə yazdım ki, uşağımda olan qüsuru qəbul edib xəstəxanadan gedirəm. Başqa xəstəxanalara getdik, hamısı məni dopler müayinəsi edib mənlik deyil deyib göndərirdilər. Elə olurdu ki, bir gündə 3-4 dəfə dopler edirdilər və geri qaytarırdılar.
Gülsüm xala gəlmişdi yanıma, mənə bu uşağın bətnimdən alınması gərəkdiyini izah etməyə çalışırdı. Ona sərt cavab verdim, "mənim balam hələ sağdır, ölməyib” deyə qışqırdım. Baldızım Arzu mənimlə danışdı, balama bu şəkildə əziyyət verdiyimi dedi. Gülsüm xala ilə söhbətimi atam eşidib, həyatımı nə dərəcədə təhlükə altına salmağımı bilmişdi. Atam mənə yalvardı, nəhayət ki, məni razı saldı. İndi isə süni doğuş üçün məni heç bir həkim qəbul etmirdi. Axırda güc-bəla ilə bir həkim tapdıq, ölü adı ilə balamı süni doğuşla dünyaya gətirdim. Mələyim hələ ölməmişdi, qarnımın üstünə qoydular. Qara saçlarını gördüm, qoxusunu duydum. Yaşadığım ən gözəl hiss idi. Bir müddət sonra uşaq ölüb, mənə deməyiblər. Son dəfə görmək ümidi ilə iyirmi tikişlə bütün mərtəbələri gəzib balamı axtarmışam. İndi balamın balaca məzarı var.
Noyabrda ikinci dəfə hamilə qaldığımı öyrəndim. Amma o da inkişafdan qaldı. İndi isə aylardır hamilə qalmıram. Nədəni isə bəlli deyil. İkinci ailəmdə sakit yaşayışım var, sadəcə arzularımı Allahdan istəyirəm. Kənana isə anası öz bacısı qızını almaq istəyirdi, amma o başqa bir qonşunun yanında olarkən söyləyib ki, "mənim sevdiyim qız gözümün qarşısında başqa birinə ərə getdi, mən daha heç kimlə evlənməyəcəm”.
Son...
Qələmə aldı: Aysel Abdullazadə
Müəllif hüquqları qorunur!