"...24 yaşlı Nurayın yaşadığı acı gerçəkliklər" (hissə-1)
Aysel Abdullazadə tərəfindən "Hekayə" bolməsinə 23:03 24 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Qələmə aldığım bu öykü real həyatda yaşanmışlıqlar əsasında yazılıb. Yalnızca adlar dəyişdirilərək, şərti olaraq verilib.

Yaşadıqlarının gənc qızlara da örnək olmağı, onun etdiyi səhvlərin, qərarsızlıqların təkrarlanmaması məqsədilə bunu qələmə alıb, siz oxuculara çatdırmaq istədik.

Onun həyatını danışdığı kimi, elə öz dilindən verilməyini daha labüd hesab etdim.

"Hər şeyi sizlərə, real, olduğu kimi danışıram. Çünki istəyirəm ki, toplum həyatda olan yaşantıların fərqinə varsın, cavan qızlarımız toz-pəmbə xəyallara ümid edib həyatı o xəyallarla deyil, dərk edərək, reallıqla yaşasınlar. Yaşasınlar ki, aldanmasınlar, yıxılmasınlar... Mənim üçün çətin günlər hansı ildən başlayıbsa, elə danışmağa da ordan başlayıram".

2012-ci il... 29 aprel... Gənc qız idim. Həm qonşu, həm də qohumumuz olan bir qızın toyu idi. İlk dəfə idi ki, qonşu toyuna gedəcəkdim. Sadə bəzənmişdim, toy evinə getdik. Məhlədə digər qonşumuz olan Kənanı gördüm. Məni görüb gülümsədi. Hamı ilə birlikdə restorana getdik. Artıq toy başlamışdı. Kənan tez-tez gözümə dəyirdi. Mənə yaxın olan stolların birində əyləşmiş, hiss ediləcək dərəcədə diqqətlə mənə baxırdı. Gözlərimi qaçırırdım. Həm utanır, həm də içimdə qəribə bir şıltaqlıq hiss edirdim. Bir qədər sonra həzin musiqi səsləndi, heç gözləmədiyim anda Kənan mənə yaxınlaşıb "Nuray, mənimlə rəqs edərsən?” deyə soruşdu. Yerimdəcə donub qalmışdım. Təbiətən ağır bir oğlan olduğunu bilirdim, bu cəsarəti də məni lap təəccübləndirmişdi. Sakitcə, "çox sağ ol, yorğunam” dedim. Çünki toyda həm digər qonşular bunu başqa cür alqılayacaq, həm də ailəmin yanında onunla rəqs etməyim düzgün formata uyğun gəlmirdi.

Toy yekunlaşdı, evə gəldik. Kənan və mənə diqqəti artıq beynimdən çıxmırdı, hər an onu düşünürdüm. Uşaqlığımızı xatırladım, bir epizod yadıma düşdü: "orta məktəbdə oxuduğumuz zaman sinif oğlanlarından biri mənim paltomu geyinmişdi. Sonradan uşaqlar mənə dedi ki, sən sinifdə olmayanda Kənan həmin, paltomu geyinən oğlanla dalaşıb və paltonu soyundurub”.

Aradan bir neçə gün keçdi. Mən firma ətirləri satırdım, həm də müəllimə idim. Bir gün yolda Kənan mənə yaxınlaşdı, ona firmadan ətir gətirməyimi istədi. Elə, dayanıb bu haqda danışırdıq ki, Kənanın anası Gülsüm xala bizi gördü. Gülümsəyib bizə baxırdı. Bu an dönüb Kənana baxdım ki, utanıb başını aşağı dikmişdi. Sağollaşıb evə gəldim. Kənanın anası tibb bacısı idi. Onun bizə baxıb gülümsəməyi yadımdan çıxmırdı, özümü çox xoşbəxt hiss edirdim. Deyəsən, artıq Kənanı sevirdim.

May ayının əvvəlləri idi. Hər gün üşüməyə, titrəməyə başlamışdım. Hərarətim 40 dərəcə olurdu. Hər gün iynə qəbul edərək hərarətimi 38 dərəcəyə salırdılar. Hamı düşünürdü ki, soyuqlamışam, boğazım angina olub, ona görə də hərarətim bu qədər yüksəlir. Bu halın davam etdiyini görüb, bir həftə sonra həkimə getdik və müayinə zamanı bəlli oldu ki, ağ ciyərlərim yaradır, vərəm xəstəliyinə tutulmuşam...

Həkim vərəm olduğumu anama çox sərt şəkildə söylədi. Həkim anama: "artıq öldürüb nəyə gətirmisən bunu? Apar dispanerə, öləcək bu qız...” dedi. Başqa bir həkimə getdik. O da eyni sözləri və eyni diaqnozu dedi. Bir aylıq müalicə yazdı. Evdə müalicə alacaqdım. İynələrimi vurdurmaq üçün tibb bacısı lazım idi, anam dedi ki, hər gün ayrı-ayrı yerlərdə vurduraq, Nurayın vərəm olmasını heç kim bilməsin. Amma sonra anladı ki, bu müalicə aylarla çəkəcək və çətin olacaq. Ona görə də qərara gəldik ki, iynələri qonşumuz – Kənanın anası Gülsüm xala vursun. Anam dedi ki, ona bildirməyək. Bacım isə təkidlə bildirdi ki, Gülsüm xala tibb bacısıdır, reseptə baxan kimi xəstəliyi biləcək. Məcbur olduq, anam Gülsüm xalaya hər şeyi danışdı. O əvvəlcə inanmadı mənim xəstəliyimə, sonra dedi ki, mən heç kəsə bildirmərəm. Heç kim bilməz bu evə nəyə görə gəlirəm. Və razılaşdı...

Artıq səhhətim yaxşı deyildi, dərmanlar o qədər güc gəlmişdi ki, mədəm yara olmuşdu. Və may ayının 25-də qan qusdum. Anam, atam hamıya zəng edib bildirdi ki, Nuray artıq ölür. Gülsüm xala isə bütün gün yanımda oldu, axşam isə təcili yardım işinə getməli oldu. Atam həkimimə zəng edib olanları danışdı, nə edək, Nuray ölür artıq dedi. Həkim bir sistem tapşırdı, atam sistemı alıb gətirdi, lakin Gülsüm xala olmadığından sistemi vurmağa adam yox idi. Məni güclə yerimdən qaldırıb maşına qoydular, bu zaman Kənanın bizə baxdığını gördüm. Təcili yardıma gəldik, ordan bildirdilər ki, həkimlərin hamısı "avroviziya” tədbirinə gediblər. Atamgilə deyiblər ki, bir tək növbətçi həkim qalıb, ona da çağırış olsa, gedəcək və sistem yarımçıq qalacaq. Yenidən maşına qayıtdılar, apteklərin qarşısında dayanır, bir-bir soruşurdular. Heç biri sistemi qoşmağa razı olmurdu. Nəhayət, bir aptekin qarşısında gözümü açdım, atamı əczaçıya yalvaran gördüm. Axır ki, burda razı olmuşdular. Sistemimi qoşdular və gecə 3-də evə qayıtdıq, maşından məni düşürəndə yenə məhlədə Kənanı gördüm. Bu sadəcə təsadüf idi? Yoxsa mənim üçün gəlmişdi?

Səhəri gün Gülsüm xala mənə iynə vurmağa gəldi, mənimlə zarafatlaşdı, "ufucu mələk, hamını təlaşlandırmısan, nə özünü artistliyə vurmusan? Elə yalandan deyirsən ağrıyıram, heç yerin də ağrımır. Bu cavanlar sözə baxmır, neçə gündür Kənan da düz-əməlli yemək yemir.” Gülsüm xalanın gözlərinə baxıb gülümsədim, get-gedə yaxşılaşmağa başladım. İynələr və müalicə mənə bir möcüzə kimi köməklik etdi. Amma əsl fəlakətim qabaqda imiş..."

Ardı var...

Qələmə aldı: Aysel Abdullazadə
Müəllif hüquqları qorunur!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+19=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0365 saniye