...Telefonda mesajı gördüm, Elvin gəlib məndən telefonu istəyəndə hirsimdən əlimdə sıxmışdım. Onun məndən əvvəl evliliyini biləndə yerimdə quruyub qaldım. Özümü qarğa-quzğunların içində hiss etdim. Başımı götürüb qaçmaq istədim. Toyda ağlamaqdan başqa əlimdən bir şey gəlmədi. Sakitliyimi qorudum.
Evə gələndə qaynanam - Mələk mənə düşmən kəsildi. Dedi ki, sən bizi toyda rüsvay etdin, əlində telefonu sıxmağını və əsəblə Elvinə qaytarmağını hamı görüb. Hələ üstəlik Elvinin birinci arvadı da həmin toyda imiş. Qaynanam dedi ki, bu hərəkətlərini hər yerdə hamıya deyəcəm. Bir-iki gün sonra Elvinlə barışdım,
15 günün gəlini ata evinə qayıda bilməzdim.
İki gün sonra anam, bacım və əmimin yoldaşı bizə gəldilər. Qaynanam toydakı hərəkətimi anama danışdı, anam isə, "Nuray, qələt edir” dedi. Bacım isə təmkinliyini qoruya bilmədən "yazıq qız, ərinin evli olduğunu öyrənib. Nə etməli idi?” dedi. Qaynanam buna bərk əsəbləşdi, 60 yaşlı ağbirçək arvad bacımı bu sözünə görə söydü. Bacıma nahaq yerə ona elə cavab verdiyini dedim, axı, onlar gedəndən sonra bu evdə mən qalacaqdım, günümü qara edəcəkdi. Mənə görə bacım qaynanamdan üzr istədi. Lakin qaynanam bacımla barışmadı, birdə bu evə ayağını basmamağı dedi. Anam da bacımın ağzından vurdu.
Günlər keçdikcə qaynanam məni incidirdi, eyni zamanda, Elvinin birinci arvadı Zəhranı da söyürdü. Hətta bir dəfə baldızımın qızı mənim yanımda ağzından qaçırtdı ki, Zəhra qaynanamla dalaşıb və biləklərini doğrayıbmış. Qaynanamın zülmündən gecə ilə evdən qaçıb. Qaynanamın məni incitməyindən Elvinə heç nə demirdim, çünki o da anasından asılı idi.
Sentyabr ayının 29-u idi. Hamilə olduğumu öyrəndim. Elvinə bildirdim, o da çox sevindi. Körpəmiz üçün xəyallar qurmağa başladıq. Bir gün Elvin işdən evə gəlmişdi, qaynanam ona, çörəyini yeyəndən sonra bir yerə gedəcəyik dedi. Getdilər...
Qayıdanda Elvin çox əsəbi idi, qapıları çırpdı. Heç nə soruşmadım, düşündüm ki, anası ilə arasında nəsə olub. Ortalığı toplayıb, yatmaq üçün yataq otağına keçdim. Elvin oyaq imiş. Mənə, "bu uşağı istəmirəm” dedi. Dəli oldum, bədənimdən titrəmə keçdi. Nə üçün?-deyə soruşdum. Mənə dediyi çox bəsit bir cümlə oldu: "həyatımdan bezmişəm, özümü öldürəcəm, məndən sonra mənə aid nəsə qalsın istəmirəm” dedi. Onu nə qədər dilə tutmağa çalışsam da faydası olmurdu. Bu an qaynanam gəldi, bizi dinləyirmiş, danışdıqlarımızı eşidib. Elvinə ayrı otaqda yatmağını dedi. O da keçib digər otaqda yatdı. Hamama getdim, paltarlı halda duşun altında oturdum, sabah bətnimdəki balamı aldırmağa aparacaqdılar. Beynim qurumuşdu sanki, heç nə hiss etmirdim.
Səhər oldu, həkimə gedərkən yol boyu Elvinə yalvardım, o isə susurdu. Həkimin qəbulunda Elvin, bizi bura bacısı Gülarənin yönləndirdiyini dedi. Artıq hər şey mənə bəlli olurdu. Həkim fikrimizi soruşdu, Elvin susdu, mən isə uşağımı öldürmək istəmədiyimi dedim. Həkim gedin fikrinizi dəqiqləşdirin deyə bildirdi. Pərişan halda idim, ürəyim bulanırdı, parkda oturduq. Susamışdım, Elvin mənə su aldı. Sanki mənə yazığı gəlirdi, amma çarəsiz idi, anasının və bacısının planından kənara çıxa bilməzdi. Elvinə parkda oynayan körpələri göstərdim, bizim də balamız belə olacaq, oynayıb qaçacaq, o bizim parçamızdır, övladımızdır deyərək ürəyinə mərhəmət toxumu səpmək istədim. Susurdu , arada bir isə ağlayırdı. Evə qayıtdıq.
Qaynanam əməlləri ilə açıq-aşkar hər şeyi bidirirdi, məni Elvinin yanında alçaldırdı, oğluma yaraşmırsan deyirdi, hətta Elvinin başqa qızlarla görüşdüyünü söyləyirdi. Heç nə demirdim. Oktyabr ayının 5-i idi. Məndən qan gəldi, baldızıma deyəndə çox sevindi. Daha yaxşı, deməli özlüyündən açılış olacaq və uşaq bətnindən düşəcək dedi. Amma bunun davamı olmadı. Məni evdə tək qoyub gecə saatlarına kimi Gülarəgildə olurdular. Və bir gün ordan əmimgilə zəng edib, üç gün içində gəlib Nurayı aparmasanız trasa qoyacağıq deyiblər.
Artıq qaynanam öz dili ilə hər şeyi etiraf edirdi. Məni Elvinin birinci arvadına inad olsun deyə alıblarmış. Zəhra Elvindən ayrılandan sonra qız uşağı ilə - mənimlə evlənə biləcəyini göstərmək üçün məni qurban olaraq seçiblər. Oktyabrın 8-də əmim yoldaşı və iki xalam məni bu cəhənnəmdən qurtarmağa gəldilər. Xalam qaynanama dedi ki, bu qız qoyundur ki, alırsınız sonra bəyənməyib, istəmirik deyirsiniz? Qaynanam isə toyda mənim hərəkətlərimi, eyni zamanda, sudan səbəbləri - paltar yuyanda yaxşı sıxa bilmir, yemək yeyəndə çayı da yeməklə bərabər içir-kimi şeyləri söylədi. Xalam cavabında, belə şeylərə görə qız boşamazlar dedi. Qaynanam bir az susdu. Sonra isə oğlum istəmir deyib, işi öz üzərindən uzaqlaşdırdı. Xalamla otağıma keçdim, yalnız özümə aid olan paltarlarımı götürdüm, onların aldığı heç nəyə əlimi belə vurmadım. Əmim yoldaşı Elvinə zəng etdi ki, Nurayın getməyinə özü nə deyir öyrənək. O isə cavabında "mən heç nə demirəm, anam nə desə odur” söylədi. Və məni əmimgilə gətirdilər... Bətnimdəki balamın və özümün taleyim necə olacaqdı artıq təxmin edirdim...
Ardı var...
Qələmə aldı: Aysel Abdullazadə
Müəllif hüquqları qorunur!