"4 manat" hekayəsi ("Şərəf başqa şeydir" seriyasından 1-ci)
Seymur ORUC tərəfindən "Hekayə" bolməsinə 01:11 01 avqust 2015 tarixində əlavə olunmuşdur

"4 manat" hekayəsi

 

... Sürücünün bu qədər səbrli olması məni çox heyrətləndirmişdi və mən onun qədər soyuqqanlı ikinci bir adam daha güman ki, həyatım boyunca bir daha görməyəcəm. O - adi bir sürücü o gün bizə və dolayısıyla mənə böyük bir dərs vermişdi. Bəlkə də mənim nə demək istədiyimi tam anlamayan birisi üçün bu o qədər də böyük bir hadisə deyildi, ya da mənim təbiətimdə olmayan birisi üçün. Ancaq o gün mənimçün adi sıradan bir gün deyildi...

Əslində gün o qədər də fərqli başlamamışdı. Mən ilk imtahanımı uğurla verib evə tələsirdim. Çünki bugün rayona gedirdim. Gedəcəkdim də... Dərslərimi oxuyan bir tələbə olaraq növbəti uğurumu ailəmə bir-başa özüm - üzbəüz deməliydim. Lap əvvəllər olduğu kimi, telefonsuz olmalıydı bu. Aramızda o qədər də böyük bir məsafə yox idi, sadəcə 170 kilometr. Bu məsafəni xatırlayıram ki, necə də uzun gəlirdi əvvəllər. Hələ Bakıda yaşadığım dönəmlərdə, yəni ailəmizlə rayona köçməmişdən öncə rayona yaxınlarımızı hər yay ziyarətə gəldiyimiz o dönəmləri xatırlayıram. Pəncərə kənarında əyləşə bilməkçün apardığım mübarizələr, uzun və gözəl keçən mübarizələrin ardından gələn qalibiyyətlər... Diqqətlə uzağa zillənirdi gözlər, sanki yolun kənarındakı hər dağ, dərə, yol, çəmən, insanlar, şəhərlər səninmiş kimi olurdu. Gördüyün ilk qeyri-adi və tanımadığın şeyləri valideynlərindən soruşmaq həvəsi və sırf buna görə heç nəyi qaçırmamağa çalışmaq... İndisə zaman necə də tez gedir, məsafələr necə də qısalıb. Bir saat nədir ki? Qulaqcıqda səslənən 3 dəqiqəlik 20 musiqi sadəcə...

Qayıdaq o günə. Yorğunçuluq, insan səsləri - uzun zamandır bir-birini görməyən iki rayon qadının uzun zamandır görmədikləri birisi haqqında qızğın qeybətləri, çörək pulu qazanmaqçün bacardığı qədər yüksəkdən satdığı şeylərin, azuqələrin ismini sadalayan uşaqlar, qadınlar və kişilər, bir-birilə yeni tanış olan iki gəncin ilkin söhbətləri, mühərrik səsi və daha artığı. Daha nə ola bilərdi ki, sanki? Hələ mənə yad olan bir dildə içkili bir kişinin ətrafındakı bir-iki həmdillisi ilə danışığını demirəm. İnsanlar mənə yadlaşırlar, ya mən insanlara? Böyüdükcə, ya da "böyüdüldükcə" gələn özünə arxayınlıq idi, ya daha başqa səbəbləri var idi bu yadlığın? Bütün bunlara qapadılmış bir-iki qulaq isə yalnız qulaqcıqla dola bilərdi. Kənardan necə göründüyündən asılı olmadan özünü musiqinin şövqünə vermək, ya da alüdəçilik deyin buna. Fərq etmir, sadəcə içimdəki səsi duymaq istəyirəm mən mənə içimi anlatan musiqilərlə. Ya mən çox kirli idim, ya ətrafımdakılar. Ya bu insanlar, ya da bu musiqilər yalan deyirdi.

Avtobusun tərpənməsinə gümanki, hələ çox qalmışdı. Saat önəmli deyildi, boş stulların sayı qədər gözləməliydik. Bayram ərəfəsi olduğu üçün ətrafda müfəttişlər hər şey şəffaf görünsün deyə gəzişirdilər. Bir-ikisi yolunu azıb bizim avtobusa tərəf də yaxınlaşdı. Klassik sual: "Qiymət artımı ilə üzləşmirsiniz?" Çox gözləmədilər, hamı bir ağızdan "yox, cənab müfəttiş, hər şey qaydasındadır" dedilər. Necə də nəzakətlidirlər? "Cənab müfəttiş", "hər şey qaydasındadır" - bunlar həqiqətən də qiymətləndiriləsi ifadələrdir. Amma hər kəsin unutduğu və deyəsən yalnız mənim bildiyim bir şey - biz 2.50 manat dəyəri olan biletlərin əvəzinə 4 manat gedişə verirdik. Deməli belə: 4 manat - 2.50 manat  = 1.50 manat; 1.50 manat x 45 nəfər = 67.50 manat... Nəysə, əlbəttə ki, mən də hər kəs kimi "qəpik - quruşun" söhbətin etməyəcəkdim, hər şey qaydasındaydı çünki... Ya bəlkə o cavan oğlan kimi mən də bilet almalıydım? Bax indi o konduktorla necə də söz güləşi aparır? Bacarmazdım, bacarmazdıq...

Əlində fərqli kökə və butorbrodlar, ya da onun kimi şeylər satan insanların haradan qazandığını anlaya bilmirəm. Mən bu zamana qədər avtobusumuzda bu insanlardan nəsə alanını görməmişəm. Amma gördüyüm və bildiyim bir şey - 21ci əsrin müasir Azərbaycanı, fəxrlə yazıldığını düşündüyüm böyük hərflərlə "Bakı Beynəlxalq Avtovağzalı", həm də çox mərtəbəlidir. Kafelər, dəbli görünsün deyə "restaurant"-lar, otellər, ticarət məntəqələri... Xüsusən də ticarət məntəqələri. Məncə bu ölkədə hər 10 nəfərdən birinə ticarət məntəqəsi düşür. Gəlirli sahə kimi universitetlərdə həkim adıyla qəssablar yetişdirmək əvəzinə məncə, bazarşünaslıq, falan ixtisas kimi tədris edilməlidir. Mən o ixtisasda keçiləcək fənləri təsəvvür edə bilmirəm: Bazar qanunları, Dəzgah açmalarının elmi əsasları, ya da layihələndirilməsi və s. Hələ imtahana düşəcək sualları demirəm...

- Hansı səs tonunda bağırmaq müştərini sənə daha çox cəlb edər?

- Qonşu dəzgahdakını zərərsizləşdirməyin ən qısa variantları hansılardır və s.

Guya bizim universitetlər nəyi tədris edirdi ki? Həm belə olacağı təqdirdə satıcılarımız xaricdə ölkəmizi daha layiqincə təmsil edə bilərdilər. Məlumunuz ölkəmiz bu mənada xarici ölkələrlə sıx əməkdaşlığa malikdir. Rusiya olsun, qardaş Türkiyə olsun, BƏƏ (Dubay) olsun və s.  Nəysə, avobusun içərisinə daxil olub insanlara nəsə almalarını sanki əmr edərcəsinə deyən o uşaq - məncə bu uşağın gələcəyi var. Sadəcə cəmiyyət heç nə oxumaq istəməyən digər avaraların əvəzinə ona şans verməliydi ki, universitetə daxil olsun və təhsil alsın. Bəlkə də onun diplomu digərlərimiz kimi çərçivələnib divara asılmayacaqdı. Amma mən inanmırdım ki, o uşaq orta məktəbə belə getmirdi məncə. Cəmiyyət - atası, anası, ya da onu yetişdirən digərləri ona bu şansı belə tanımamışdılar. Sözüm onda da deyildi, ya da əslində onda idi, bəlkə də başqalarında. Məsələn o uşağın geyiminə, üst-başındakı pasa, kirə baxan digərlərində. Necə də alçaldıcı baxışlar idi bunlar. Sanki bayaqkı müfəttişlərə olan yaltaqyana baxışlar onların deyildi.

Qarşımdakı oturacaqda cavan bir oğlan oturmuşdu. Gümanki o da inkişaf edən təhsilimizin geri tələbə nümayəndələrindən idi. Müəllimə necə və nə qədər "hörmət etməsindən" danışırdı. Təqribən 70 yaşlı bir dayı avtobusa daxil oldu. Oğlan danışığını kəsib bacardığı qədər mübarizə apardı ki, dayı onun yanına əyləşməsin. Dayı da deyinə-deyinə gəlib mənim yanıma əyləşdi. Necə də bəxtsizəm? Dayının arxasınca avtobusa inkişaf edən təhsilimizin geyimi ilə heç də geridə qalmamış nümayəndəsi - bir qız daxil oldu. Oğlan heç kimə bildirmədən oturduğu sağ oturacaqdan soldakına necə keçdisə, sanki o, elə avtobusa girdiyi ilk dəqiqədən burada əyləşmişdi. Sanki bayaq sola keçməmək üçün dayı ilə "3-cü Dünya müharibəsini" başladan həmin oğlan deyildi. Tanışlıq, universitet xatirələri və daha bilmədiyim başqa söhbətlər gedirdi qarşımdakı oturcaqlarda. Gümanki qarşımdakı bu iki gəncin yoldaşlığı yolun sonuna doğru başqa şeyə də çevriləcəkdi. Həmin zaman diqqət yetirmişdim ki, dilimizdə nə kimi yoldaşla qoşa işlənən sözlər var, hamısı artıq yoldaşı sevgili ilə dəyişirdi. Məktəb yoldaşı, sinif yoldaşı, qrup yoldaşı, məhlə yoldaşı, kurs yoldaşı, sosial şəbəkələrdə "dostluqda" olan yoldaşlar və indi də qarşımda oturan bu yol yoldaşları. Zəmanə dəyişir və mən hər keçən dəqiqə inkişafdan biraz daha geri qalıram.

Məni bu həyata, bu insanlara, bu avtobusa bağlayan bir iki şey var idisə, onlardan biri indi yanımda, daha doğrusu qulağımda idi. Kənardan həmin dayı "nə deyər" deyə bir-iki dəqiqə qulağımdakıları çıxarıb dayını dinlədim. Dayı  köhnə "bir musiqilik vallar" kimi eyni şeyi təkrarlayıb dururdu. Sovet başqa idi, insanlar daha isti idi, dövlət xalq üçün daha çox çalışırdı, indi Sovet geri dönsə əliyalın qaçardım ora və s. Bildiyimiz və tez-tez eşitdiyimiz bir musiqiyə bənzəyirdi bu, bayağılaşmış və artıq dəbdən düşmüş bir musiqiyə. Dayının dediklərindən keçən dəfə tum satan xalanın dediklərini xatırladım: " Sovet başqa idi, heyif deyildi o vaxtlar? Çörəyi talonla alırdıq, hərəyə bir dilim çörək düşürdü... amma o vaxtın xeyri-bərəkəti vardı. Getdi Leninlə bir yerdə..." Anlamırdım, xala düz deyirdi bəlkə də, bəlkə də miqdar deyil, bərəkət daha önəmlidir. Nəysə... Əsas o idi ki, biz heç vaxt özümüzün olanı bəyənməmişik. İndi milli bir dövlətə sahibik, amma insanlar var ki, yenidən başqalarına kölə olmaq arzusundadırlar. Bəlkə də onlara sadəcə bu gərəkdir. İş-ev sistemində bir qarın çörək və üst-başı örtməyə bir-iki dənə çin malı geyim, bu qədər...  Qısacası qulaqlığımı qulağıma keçirib boz , qara ya da rəngini hələ də dəqiqləşdirə bilmədiyim insanların arasından işıqlı, təmiz bir dünyaya keçid etdim.

... Reallıqlar xəyallar qədər gözəl deyil. Bütün uşaqlıq xəyallarında bahalı maşınlar, evlər, xoşbəxt ailə, gözəl istirahətlər, uşaqlar arzu edən insanlar idi indi bu avtobusda əyləşənlər. İşləməkdən, istidən, tərdən əlləri, sifəti eybəcər vəziyyətə düşmüş bu insanların qəlbləri nə qədər təmiz idisə belə, həm də çox kirlənmişdilər. Digər insanlara olan nifrət, baxışlardakı kədər, yorğunçuluq, hüsran... Sanki insanlar digər insanları öz xəyallarının gerçəkləşməməsindəki əsas səbəbkarlar kimi görürdülər. Sanki onlar çox vacib olan bir işə qəbul olmaq üzrədirlər, həyatsa həmin bir nəfərlik vakansiya... Onlarınsa hər biri sədəcə bu yer üçün mübarizə aparan insanlar idi...  sadəcə insanlar. Onlar insandırlar, onlar bütün xəyallarında tutduqlarından fərqli sadəcə insan ola bildilər...  Atalarının onlara dediyi kimi: "Nə olursan ol, əsas insan ol!"  Bacarmışdılar da. Amma həyat o qədər insan tanıyırdı ki, sadəcə insan olmaq yetmirdi yaşamaq üçün. Onlar isə atalarını tez-tez "xatırlayırdılar". Həmin ataları da anlamaq çətin deyil, övladları üçün hansı güzəranı qoymuşdular ki, övladlarından da nə gözləyəydilər.

Çox keçmədi ki, haqqında əvvəldə qibtə ilə danışdığım sürücü avtobusa daxil oldu, avtobusun mühərrikini söndürdü. Bu hərəkəti ilə o, hər kəsə hələ uzun müddət gözləyəcəyimizi göstərməyə çalışmışdı. Hər avtobusda vardır elə xalalar, hansılar ki, vəzifələri yalnızca danışmaqdır. Çox yaxşı nitq qabiliyyətinə də malik olur bəziləri, insanları özlərilə sürükləyə bilirlər bir çoxu. Düşünürəm ki, namizədliklərini versələr asanlıqla bələdiyyə seçilə bilərlər. İnanmayacaqsınız, amma seçilənlərini də tanıyıram... Hansılar ki, həyatı, insanları, problemləri bütünlüklə dərk etdiklərini düşünən xalalar. Hansılar ki, öz ailələrində hər şeyi "düz-qoş" edərək yoluna qoyub digərlərinə məsləhət verən xalalar. Hansılar ki, avtobusa, metroya daxil olan zaman, düşən zaman, oturmaq gərək olan zaman özlərini irəliyə verdikləri kimi, gərəkdir-gərək deyil səslərini yüksəldib guya insanların haqqlarını müdafiə edən xalalar. Yenə həmin xalalardan biri səsini yüksəldib bir-iki ağız sürücünü, zəmanəni, dövlət sistemini söydü... Sürücü yola verdi, güman ki, o da çox görmüşdü belələrini. Amma bizim bu avtobusda belələri daha çox idi. İnsanların arasında panika düşmüş kimi hamı bir ağızdan danışmağa başladı. Heyrətləndim, hələ həmrəylik gününə 3 gün qalmışdı axı, bu necə ola bilmişdi ki? Bizdə axı adətdir - hər şeyi zamanında sevirik. Məsələn, insanlara yaxşı zamanında - yaxşı vəzifədə, imkanda olanda dəyər veririk, ya da Xocalını yalnız 26 fevralda xatırlayırıq. Mənə ən gülməli gələn isə 25 fevral gecə saat 24:00-dək efirində şampun, ya da digər cürbəcür reklamlar, müğənnilər və onların kimlərlə necə, harada, nə üstündə dava etdiyini, ya da evləndiyini, əyləndiyini göstərən telekanallarımızın saat 24-ü 1 dəqiqə ötən kimi ekranın sağ,  ya da sol yuxarı, ya da aşağı küncünə qara lent, üzərindən qan axan qərənfil şəkili qoyub matəm havasına girməsi və biraz sonra 26 fevralda hansısa naməlum ölkədə hansısa naməlum insanın toyunda  bir gün əvvəl "tərif yağdırdıqları" hansısa müğənninin oxumağını pisləməsidir. Ən gülməlisi isə, bir-iki ay sonra yenə həmin müğənninin həmin ekranda kiminləsə davası, ya da hansısa "uğuru" haqqında danışılmasıdır. Bax! Bizim sifətimiz az öncəki iki cümlədə işlədilən  "ya da"-ların, ya da "hansısa"-ların sayı qədər dəyişkən və naməlumdur, "dilimiz də həmçinin..." Uzun sözün qısası Həmrəylik gününə 3 gün qalmış insanların belə həmrəy olması məni çaşdırmışdı, güman ki, sürücünü də... Heç bir söz demədən nikbinliyini qoruyaraq avtobusdan uzaqlaşdı. İnsanlar isə onun avtobusdan uzaqlaşması ilə ahəngdə daha da səslərini yüksəltdilər.

Sürücünün 25-26 yaşı olardı. Yaraşıqlı, ucaboylu, biraz da enlikürək idi. Bütün yol boyunca yaranmış hər vəziyyətdə susurdu. Onun səsini sona qədər heç kim duymadı. Sadəcə gülərək keçirdi. Ancaq fikrimcə, bayaq xalalardan birinin onu pis danlaması və hətta söyməsi onu bərk incitmişdi. Avtobusda, ondan arxadakı oturacaqda əyləşmiş xanımı və anasının yanında danlanmaq və söyülmək, bundan sonra isə susaraq təmkinliyi əldən verməmək həqiqətən də hər kişinin işi deyildi. Avtobus tam doldu, pullar yığıldı və yola düşdük. Yol boyunca sürücü avtobusu bacardığı qədər asta sürdü. Hər yaranmış vəziyyətdə sürücü avtomobili dayandırır, uzun müddət yerindən tərpətmirdi. Addımbaşı bəhanələr yaradır və insanların ona nə deyəcəyinə baxırdı. Sanki beynində nə isə quraşdırmışdı artıq. İnsanlar isə, sözün, tənqidin biri bir qəpikdən paylayırdı. Sürücü tam sakit, sadəcə gülümsünərək etdiklərinə davam edirdi. Onun bu qədər saymazyana hərəkəti insanları daha da qıcıqlandırır, özündən çıxarırdı. Əvvəlcə susan insanlar da yavaş-yavaş ağızlarının içində deyinməyə başlamışdılar və zaman ötdükcə daha da səslər yüksəlirdi. Mən isə susurdum. Sürücünün nə etmək istədiyi haqqında düşünürdüm, bu insan mənim diqqətimi çəkməyi bacarmışdı. Artıq o an bu hekayə haqqında düşünməyə başladım. O, mənim ilk hekayəmin qəhrəmanı idi. Biz 1 saat yarım, ən çoxu isə 2 saat nəzərdə tutduğumuz yola tam 4 saat sərf etmişdik və hələ daha 20 dəqiqəlik yolumuz qalmışdı. Doğrudur, sürücünün bu hərəkəti düzgün deyildi. O, bilərəkdən, qəsdən avtobusu yavaş sürətlə idarə edərək insanların, o cümlədən mənim evə gec çatmağımıza səbəb olmuşdu. Amma onun son sözü həqiqətən inanılmaz oldu və bütün bu hərəkətlərinin səbəbini şəxsən mənim gözümdə izah etməyi bacardı.

Rayona daxil olmağımızla bağlı  yolun kənarında yaradılmış abidənin düz qarşısında sürücü avtobusu dayandırdı. Daha 20 dəqiqəlik yolumuz qalmaqda idi. Biz bunun sürücünün avtobusu dayandırmasıyla bağlı növbəti bəhanəsi olduğunu düşünürdük. Amma sürücü avtobusu dayandırdı, sərnişin qapısını açdı, avtobusdan enib həmin qapıdan yenidən avtobusa daxil oldu. Sərnişinlər nə baş verəcəyini maraqla gözləyirdi. Sürücü yenə həmin təmkinliyini qoruyaraq "bayaqdan aşağı sürətlə gəlirəm və sizin evlərinizə gecikməyinizə səbəb oldum. Amma heç kəsdən üzr istəməyəcəm. Mənim yerimə hər kəsdən üzr istəyəcək 10 nəfərin gediş pulunu özünə geri qaytaracam. Bura gələcək, hər kəsdən mənim yerimə üzr istəyəcək və mən də pulunu verəcəm. Çətin bir şey yoxdu məncə. Sonda isə mən həmin 10 nəfərdən hər kəsin qarşısında üzr istəyəcəm. Onsuz da hamımız gecikmişik, tələsən yerimiz yoxdu. Dediyim olmayınca avtobusu yerindən tərpətməyəcəm. Söz verirəm" dedi. Hər kəs bir-birinə baxırdı. Qəribə hal idi həqiqətən də. Ancaq təklif də pis deyildi. Əsas olan ilk idi. Bir nəfər üzr istəsə hər kəs yavaş-yavaş üzr istəməyə başlayacaqdı. Sürücünün arxasında əyləşmiş iki qadın hər kəsdən əvvəl sürücünün adından hamıdan üzr istədi. Budur ilk olmuşdu, utanmağa ehtiyac yoxdur. Hamı bilir ki, avtobusun içindəki hər kəs kasıbdır. Burda nə var ki? Nəhayət insanlar bir-bir ayağa qalxıb, sürücünün yanına gəlib, hər kəsdən üzr istəməyə başladı. Lakin sürücü onlara yerlərinə qayıtmağa izn vermədi. Çünki onlardan da sürücü hər kəsin qarşısında üzr istəməli idi. 10 nəfər tamamlandı. Onların içərisində bayaq hamıdan çox səsin yüksəldən həmin xalalardan da var idi. Sürücü 8 nəfərin pulunu geri qaytardı və onlardan üzr istədi:

- Hə, sizdən başda söz verdiyim kimi üzr istəyirəm ki, sizi bu alçaldıcı prosesə daxil etdim və sübut etdim ki, siz necə də alçaqsınız. Xüsusən də sən (həmin xalanı işarə edərək). İndisə bu avtobusdan enməyinizi istəyirəm. İstəyirsiniz bunu rica, istəyirsinizdə də əmr kimi qəbul edin. Siz bu avtobusdan enmədikcə isə avtobusu yerindən tərpətməyəcəm. Ya avtobusdan enib alçaq olduğunuzu qəbul edəcəksiniz, ya da yerinizə əyləşib həm də sırtıq olduğunuzu göstərəcəksiniz. Amma mən bu avtobusu yerindən tərpətməyəcəm. İstəyirsiniz məni vurun, istəyirsiniz üzümə tüpürün.

İnsanlar bu 8 nəfərə şikarını parçalamağa hazırlaşan aslanlar kimi baxırdı. Onlar çaşqın vəziyyətdə bu baxışlara çox da tab gətirməyib avtobusdan enməyə başladılar. Bir-ikisi qalmaq istəyirdi, amma avtobusun içərisindəki digərləri o qədər pis baxır və sözlər söyləyirdilər ki, məcbur onlar da düşdülər. Lakin həmin xala enərkən sürücünün üzünə bir "pat" tüpürdü. Sürücü isə sadəcə gülümsündü, o, yenə də yola verirdi.

Hə, 8 nəfər dedim, çünki digər 2 nəfər sürücünün anası və xanımı idi, onlar sadəcə bu qurmada iştirak edirdilər - qərara gəlib ilk önə çıxan insanların rolunda. Çünki sürü ideologiyasında qaldığımızı sürücü çox yaxşı bilirdi. Bilirdi ki, bir “qoyun” mütləq yoldan azmalı ki, igərləri də onu izləyə bilsin...

Sürücü yerinə əyləşdi və yola davam etdik. Güman ki, bu hadisədən sonra sürücünü işdən çıxaracaqdılar. Digərləri isə güman ki, əllərində qazanc qalacağını düşündükləri 4 manatı taksiyə verib evlərinə yollanacaq, adi və heç kəsdən, heç nədən utanmadan həyatlarına davam edəcəkdilər ...eh, 4 manat!!!

 

Hər bir hekayədə ən azı bir şərəfsiz mütləq vardır və sadəcə o bütün bir hekayənin nəbzini dəyişməyə qabildir! 

Seymur ORUC


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+26=
Hesaba giriş
Müəllif

Seymur ORUC
Haqqında
Yaxında dərc ediləcək "Roman Azərsoy" kitabının müəllifi
Əlaqə
Tel.:
(+994 77) 270-10-20
E-mail:
symr.rc@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0334 saniye