"Aurelianin oratoriyasi"
Ulviyye Heydarova tərəfindən "Digər yazılar" bolməsinə 01:41 08 may 2012 tarixində əlavə olunmuşdur

1992-ci ildən dünyanın teatr məbədlərini gəzib dolaşan və xatirələrdə əbədilik həkk olunan A.P.Çexov adına Beynəlxaq Teatr Festivalı ötən il Bakının da yaddaşında daimi guşə yaratdı. Festival Viktoriya Tyere Çaplinin ərsəyə gətirdiyi «Aureliyanın oratoriyası» tamaşası ilə açıldı. Bəndəniz bu yazısında tamaşadan aldığı təəssüratlarını və əsərin baş qəhrəmanı Aurelia Tyeredən götürdüyü kiçik ımüsahibəsini gec də olsa geniş oxucu auditoriyasına təqdim edəcək.Təəssüratlara keçməmişdən öncə tamaşanın müəllifi haqqında məlumat vermək istərdim. Viktoriya Tyere Çaplin əfsanəvi kinoaktyor Çarli Çaplinin kiçik qızıdır. Həyat yoldaşı məşhur fransız sirk artisti Jan-Batist Tyere ilə birlikdə «individual sirk» və «teatr-sirk» konsepsiyasının əsasını qoyublar. Hər iki sənətkar dünyanı qarış-qarış gəzib yaratdıqları bu sənət növünə aid tamaşaları ilə tamaşaçıların zövqlərini bu gün də oxşamağa çalışırlar. Bu ailənin övladları olan Aurelia və Ceyms də hələ kiçik yaşındaykən valideynləri ilə birgə «Uydurulmuş sirk» və s. tamaşalarda səhnəni paylaşıblar. Hazırda isə hər ikisi valideynlərindən fərqli olaraq şəxsi şirkətlərini açıblar: Aurelia Tyere «Kiçik saatlar», Ceyms Tyere isə «May böcəyi» şirkətinə rəhbərlik edir.«Aurelianın oratoriyası» adından da göründüyü kimi Aurelia Tyereyə həsr olunmuş bir tamaşadır. Aureliya haqqında məlumatlarla tanış olanda maraqlı bir faktla rastlaşdım. Belə ki, aktrisa vaxtıykən səhnəyə atasının çemodanından çıxırmış. Üç gün Bakıda teatrsevərləri riqqətə gətirən «Aureliayanın oratoriyası»nda da sənətçi köhnə kamodun içindən əvvəlcə əllərini, ayaqlarını, sonda isə başını çıxarmaqla tamaşaçıların hüzuruna gəldi. Əlbəttə, səhnəyə haradan təşrif buyurmaq önəmli deyil, əsas tamaşa müddətində yüksək peşəkarlığın nümayişidir. Bir saatdan bir qədər çox vaxt aparan «Aurelianın oratoriyası»nda Aurelia anasının təfəkkür sənətini son dərəcə məharətlə göstərə bildi. Tamaşa başdan-başa paradoks idi. Burada sırf klassik teatr və sirk ənənələri mövcud olmasa da hər iki sənətin nümunələri peşəkarcasına bir-birinə bağlanmışdı. Tamaşa müddətində Aurelia Tyere və onun partnyoru Ceyms Martinesin jestləri, tryukları, rəqsləri hisslərinə qarışıb tamaşaçıları yeni məkana apara bildilər. Bu məkan-səhnədə xəyal, yuxu oyunu hər dəqiqə dəyişiləndə tamaşaçının intizarının yanında heyrət də dayanırdı. Tamaşaya sanki yuxarıdan aşağıya baxırdın, yəni təqdim olunan səhnələr hər şeyi əksinə göstərirdi. Burada kəndirlə üzü üstə düşülür, taksi rolunu oynayan stul sərnişinini aşağı üstə aparır, dondurma isti-isti yeyilir, zivədən asılan paltar qurudulmaq əvzinə isladılır, körpə uşaq siqaret çəkir, anası butulkada süd içir, insanla kölgənin yeri dəyişilir... Bir sözlə, bu tamaşa adi həyatda gördüklərimizin tam əksini göstərirdi. Əlbəttə, bütün bunlar Aurelianın təqdimatında baş verirdi. O, gah gənc ana, gah evdar qadın, gah sevgili, gah sirk ustası olurdu... Bu «gahlar» o qədər idi ki, sadalamaqla bitən deyil. Və bu «gahlarda» o, sanki kimdənsə qaçıb, kiməsə qovuşmağa can atırdı. Bu isə yüksək dinamika ilə nəticələndiyindən tamaşanın uğuruna səbəb oldu.Tamaşada vahid sujet xətti olmasa da, məncə, onun əsas leytmotivini zaman təşkil edirdi. Düzdür, burada oyunçuların geyimi vasitəsilə müxtəlif dövrlərin nümunələri əks olunmurdu. Lakin bununla belə tamaşa boyu hisslərin və hərəkətlərin qeyri ardıcıllığında zaman daha çox özünü göstərirdi. Hətta son səhnələrin birində o, müxtəlif ölçülü saatları ətrafına toplayıb onların zənglərindən sanki musiqi ifa etməyə başladı. O, elə bil zamanı dayandırır ya da ola bilsin, əksinə, artırırdı. Saat oyunun sonunda isə özü iri qum saatının içində əriyəndə təəssüf və heyrət hissini gizlədə bilmirdin. Əlbəttə, təəssüf hissi o qədər də uzun çəkmədi. Axı o, tamaşanın baş qəhrəmanı idi və onun zamana vaxtsız uduzması mümkün deyildi. Belə də oldu. Partyoru C.Martines qumu təmizləyib Aurelianın libaslarla dolu olan çemodanına tökəndə baş qəhrəman yenidən canlandı. Beləliklə, o, zamanına qalib gələrək, hətta kuklalardan hazırlanan balaca tamaşaçılara fokus göstərib, onları əyləndirməyə də imkan tapdı. Bütün nağılvari hekayətin sonunda Aurelia tunelə çevrildi. 3-4 vaqonluq qatar fitin müşayiəti ilə onun qarnından ötməklə dayanmadan hərəkət etdi. Əlbəttə, bu xüsusi geyim olsa da, səhnədə çox təbii görsənirdi. Məncə, final səhnəsinin qatarla bitməsi təsadüfi deyildi. Sanki göstərilən bütün obrazlar qatarın içinə doluşub, Aurelianın daxilindən keçməklə onun nağıl dünyasındakı səyahətin bitmədiyini göstərdi. Bu, əlbəttə ki, təxəyyülün və illər boyu toplanan təcrübənin məhsulu idi. Bütün tamaşa boyu yeganə susan bir şey var idisə, o da dil idi. Burada şübhəsiz ki, əfsanəvi Çaplinin ölməz sözsüz sənəti müqayisəyə gələ bilər. Əlbəttə, istedad, təfəkkür genetika ilə istər-istəməz ötürülür. Amma «Aurelianın oratoriyası»nın istər mövzüsünda, istər oyununda Çaplin sənətini xatırladan nələrəsə rast gəlinmədi. Lakin bununla belə etiraf edək ki, böyük Çaplin olmasaydı, bu cür tamaşa da ərsəyə gəlməzdi.Tamaşa bəndənizə o qədər böyük zövq verdi ki, Aurelia Tyere ilə görüşməyə bilməzdi. Sənətçinin vaxtından oğurlayıb müsahibə almaq istəyimi deyəndə, etirazını bildirmədi. Əksinə, müsahibə rahat olsun deyə özü məni Rus Dram Teatrının pilləkənində əyləşməyə dəvət etdi. Beləcə, əvvəlcədən hazırladığım sualların müəəyən qismini ona ünvanladım. Qeyd edim ki, təşkilatçılarla öncədən müsahibə haqqında fikrimi bildirəndə, mənə Çarli Çaplinə dair suallar verməməyimi məsləhət gördülər. Əgər müsahibəni tamaşaya baxmazdan əvvəl alsaydım, bu məndə təəccüb doğurardı. Amma Aurelinın öz sənətini görəndən sonra belə yanaşmanın səbəbi mənə aydın oldu. Bir də axı, onun uşaqlığı babasının yox, valideynlərinin yanında - məşqlərdə, səhnələrdə, qastrollarda keçib. Odur ki, o, özü də hər müsahibəsində etiraf edir ki, bu nəslin nümayəndəsi olmaqdan böyük qürur duyur və babası daim iş başında olduğuna görə onunla bağlı xatirələri o qədər də çox deyil. Beləliklə, musahibəni təqdim edirik:
- Tamaşa bir yuxunu xatırlatdı. İstərdim tamaşanın fəlsəfi mahiyyətini açıqlayasınız...
- Həqiqətən də elə gerçəkliklər var ki, onlar artıq bizim üçün adiləşib. Məsələn, kiminsə anadan olması, dünyasını dəyişməsi... Bunlar bəzən insanlara yuxu kimi gəlir, amma əslində, adi haldı. Bəzən məntiqə sığmayan şeylər baş versə də, bu artıq bizim üçün normallaşıb. Əsərin fəlsəfi mənası da bundadır. Tamaşadan da gördünüz kimi bəzi səhnələr var idi ki, ümumiyyətlə, absurd mənaları izah edirdi. Yuxuda belə həqiqətlər baş verir. Amma oyanandan sonra görürük ki, bu sadəcə bir yuxudur.
- Tamaşa cətin tryuklarla zəngindir. Obrazlarını hər dəfə canlandıranda həyat təhlükəsi ilə rastlaşmaqdan qorxmursuz ki?
- Əsla! Belə qorxu yaşamamışam. Ancaq hər axşam özüm-özümə deyirəm ki, bu mənim sonuncu günüm ola bilər.
- Siz sənətkar ailəsində dünyaya gəlmisiniz. Sənəti seçəndə qarşınıza hansı məqsədi qoymuşdunuz?
- Düzü, bu haqda hələ ki, bir söz deyə bilmərəm. Amma ümid edirəm ki, bizim bu kimi tamaşalarımız çox olacaq. Bayaq da qeyd etdiyim kimi mənim bir fikrim var - hər gün mənim son gecəm də ola bilər...
- Maraqlıdır, niyə məhz teatrın bu növü ilə məşğul oldunuz? Yəni yarı pantomim, yarı sirk nümunələrini nümayiş etdirməklə fikirlərinizi sözsüz tamaşaçılara çatdırırsınız. Tərcüməyə ehtiyac olmadığından irəli gəlir, yoxsa necə?
- Bildiyiniz kimi valideynlərim də teatrın bu növü ilə məşğul olur. Mən on ildir ki, onlarla birgə yaşamıram. Deyim ki, bu növ tamaşalar üçün darıxırdım. Ona görə də yenidən teatrın bu növü ilə səhnəyə qayıtdım. Bir də söylədiyiniz fikir də düzgündür. Bəli, tərcüməyə ehtiyac olmadığı üçün mən bunu seçmişəm. Bunun da əsas üstünlüyü ondan ibarətdir ki, bu cür tamaşalar daha çox yerləri gəzib, səhnələri fəth etmək gücünə qadirdi. Amma qeyd edim ki, bəzi klassik əsərlər var ki, orda mən dili bilməsəm də, hərəkətlərdən, jestlərdən söhbətin nədən getdiyini bilirəm.
- Yeri gəlmişkən, klassik tamaşada özünü sınamağı düşünmüsünüzmü?
- Əlbəttə, istəyərdim. Ancaq hələlik mən bu yolla gedirəm...
- Bakı haqqında məlumatlarınız var idimi?
- Bəli, Bakıya gəlməzdən əvvəl şəhər haqqında bir kitaba rast gəlmişdim. Kitabda Bakının kosmopolit bir şəhər olduğundan bəhs edilirdi. Deyim ki, maraqlı bir kitab idi. Bundan sonra bu haqda daha başqa kitablar tapacam. Təəssüf ki, ağır iş rejimim olduğuna görə hələ şəhəri gəzməmişəm. Amma tamaşalar bitəndən sonra şəhərlə daha yaxından tanış olacam.
- Siz aktyor ailəsində böyüdünüzə görə maraqlı uşaqlıq illəriniz olub. İstərdim bir qədər uşaqlıq həyatınızı oxucularımızla bölüşəsiniz...
- Valideynlərim dayə tutmasınlar deyə məni və sonralar qardaşımı hər zaman səhnəyə gətirərdilər. Bu da ailəmizin həmişə bir yerdə olmasına səbəb idi. Bu ailəmiz üçün elə də çətin deyildi. Əksinə, bizim üçün çox maraqlı idi. Çünki biz balaca idik, hətta nadinclik edib səhnədə kiçik qutuların içində də gizlənirdik. Yəni səhnədə belə oyunlardan çıxırdıq. Sonra isə nəhayətsiz məşq, səhnə, qastrollar... Bir fatkı qeyd edim ki, səhnə həyatında daha çox iki məqamı dərk etmişəm. Birincisi valideynlərimin düzgün tərbiyə etmə üsulu, ikincisi isə səhnədə gördüyüm möcüzəvi aləm...

«Aurelianın oratoriyası» da Aurelianın səhnədə gördüyü və yaşatdığı möcüzəvi aləmdir. Viktoriya Tyere-Çaplin sanki bu tamaşanı hazırlayıb qızına oynamağa növbəti oyuncağını verib. O, bu oyuncağı canlandırmaqla sadəcə, başını qatmır, hər kəsi möcüzəyə inandırmağa çalışır. Tamaşaya baxıb, inanmağa dəyər...


... dəfə oxunub
Qiymət: 9/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
4+23=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0286 saniye