"Bədbəxtlik içində xoşbəxtlik... (Final)
Aysel Abdullazadə tərəfindən "Hekayə" bolməsinə 19:52 02 noyabr 2015 tarixində əlavə olunmuşdur

P.S: Real yaşanmışlıq əsasında qələmə alınıb!

...Telefonuma baxdığımda mesajlar gəldiyini gördüm. Düzü, nəsə Murad üçün darıxırdım. Vüsaləyə zəng etdim. Amma ondan Muradı soruşa bilməzdim. Evimizə çox elçilər gəlirdi. İngilis dili müəlliməmiz özü bizə gəlmişdi. Mənə dedi ki, nümunəvi abituriyentim olmusan, indi isə gəlinim olmağını istəyirəm.
Çox açığım tutmuşdu. Gələnlər çox olsa da, nədənsə, artıq ürəyimdə Muradı istəyirdim deyə razı olmurdum. Evdə isə hələ universiteti oxuyacam, sonra işləyəcəm, daha sonra ailə quracam deyirdim. Amma beynimdə Muradı gizləmişdim. Bəzən düşünür, kursda onu çox acıladığıma görə peşiman olurdum. Heç olmasa qarşılıq verərdim deyə fikirləşirdim.

Vüsalə də artıq ondan söz açmırdı. Məni evlərinə çağırdı ki, gəl on gün mənə ingilis dili öyrət. On gün onlara gedib gəlməyim üçün maşın da göndərərəm dedi. Mən isə risk edib razı olmadım. Düşündüm ki, birdən Murad bu səssizliklə məni aldadıb qaçırar.

Bir gecə Muradı yuxuda gördüm. Toyumuz idi. İkimiz də
sevinirdik. Amma nə onun, nə də mənim anamım üzü gülürdü. Sanki ikisi də bizim toyumuza narazı kimi idilər. Muradla əllərimizi bərk-bərk tutmuşuq ki, bizi ayıra bilməsinlər. Evdən gəlinliklə çıxıram, amma toy baş tutmur. Onun anası onu, mənimki isə məni çəkib aparır. Ağlaya-ağlaya ayrılırıq. Tez yuxudan tənginəfəs ayıldım. Yuxu olduğuna çox sevindim.

Beləcə, dərslər açıldı. Hər gün universitetə gedir, evdən
çıxmağıma sevinirdim. Evdəkilərə isə mənə gələn elçilərə yox deyib yola salın demişdim və dörd il mənə toxunmayın söyləmişdim.

Bəzən Muradın məndə olan nömrəsinə gizli zəng edirdim, bir dəfə telefonu açdı, səsini eşidib bir az da olsa rahatlaşdım. Ona iki il niyə belə davranmağının əzabını çəkirdim. Bir tərəfdən də, düşünürdüm ki, onunla danışsaydım, bəlkə də, universitetə qəbul olmazdım.

Bir gün Vüsalə mənə zəng etdi, dedi, sənə bir şey deyəcəm, amma mənə sonadək qulaq as. Mənə kursda olanlardan ta bugünə qədər olan hər şeyi danışdı. Və dedi ki, Murad yanımdadır, istəyirsənsə danışa bilərsən. Mən isə yox, istəmirəm, iki aydır səssiz-səmirsizdir, indi gərək deyil deyib telefonu söndürdüm. Sonra Vüsaləyə zəng etdim ki, ona bu sözümü de, Murad da Vüsalə vasitəsilə göndərirdi sözünü. Axırda Vüsalə bezdi, ikimizin də nömrəmizi bir-birimizə verib, gedin özünüz danışın dedi.

Beləliklə, Muradla mesajlaşmağa başladıq. Mənə ilk mesajı: "salam, necəsən, əlçatmaz həsrətim" olmuşdu. Artıq hər gün, hər dəqiqə yazışırdıq. Hətta ilk günü səhər sübh 06:00-a qədər yazışmışdıq, kurs günlərindən, onun hərəkətlərindən... Səhər dərsə bir saat gecikmişdim.

Bir gün Murad zəng etdi ki, binanın qabağına düşüm, məni orda gözləyir. Düşdüm, amma tanıyan, görən olar deyə uzaq gəzdik, sadəcə telefonla danışırdıq. Danışa-danışa çox qorxurdum, kimsə anlayar deyə. Bir müddət sonra Muradın əsgərliyə çağırış vərəqi gəldi. O getməli idi. Və getdi... Mən sanki onun gedişi ilə tək qaldım, bu böyük dünyada. 40 gün onunla heç danışa bilmədik. Çox darıxırdım. Nəhayət, bir gün zəng etdi. Evdə tək idim. rahat xeyli danışdıq. Bir də mənə on gün sonra zəng edəcəyini dedi. Çox məyus olmuşdum, amma başqa çarəmiz yox idi.

Evdə elçilərə yox dediyim üçün anam məni çox sıxırdı. Sanki qohumlar yarışa durmuşdu. Biri gəlib, biri gedirdi. Murad da yox idi deyə lap çox sıxılırdım. Anam "bəs, kimə gedəcəksən, hamıya yox deyirsən" sözləri ilə çox basqı edirdi. Anam mənə elçi gələn oğlanın bibisi qızı ilə plan qurmuş, məni aldadaraq görüşə aparmışdı. Mənə də, oğlana yox desən gözümə görünmə dedi. Ürəyimdə düşünürdüm ki, sevdiyim var deyəcəm. Amma anama görə qorxdum, deyə bilmədim. Sadəcə hələ üç ilim var, mən oxuyacam kimi sadə bəhanələr göstərdim. Oğlan isə nə dedimsə razılaşdı. Nömrəmi də vermişdilər, axşamı mənə zəng edib dil tökdü.

Onun zəng etməyini bilən atam telefonumu əlimdən aldı. Canım qurtardı deyə sevinərkən, elçilərin gəldiyi xəbərini eşitdim. Anam atama mənim razı olduğumu dedi. Atam da məndə heç nə soruşmadan "hə" dedi. Artıq iki gün içərisində hərili qız olmuşdum. Ağlamaqdan ölürdüm. Muradın zəngini gözləyirdim ki, mənə güc versin, uzaqlaşım burdan. Sanki hiss etmiş kimi mənə elçiliyin səhəri zəng etdi. Ağlaya-ağalaya məni unut, istəmədən məcbur verdilər dedim. Murad isə zarafat olduğunu söylə deyib dəli olmuşdu. Sonda isə telefonda ağlayaraq vidalaşdıq. O, heç demədi ki, anamgili göndərim, əgər ailən səni ərə vermək
istəyirsə. Bunu eşitsəm həmin an qaçıb atama yalvarardım ki, məni sevdiyimə ver. Son sözü XOŞBƏXT OL, ƏGƏR OLA BİLƏCƏKSƏNSƏ... oldu. Bununla da hər şey bitdi.

Mən nişanlandım. Sonra xəbər tutdum ki, əsgərlikdən qaçdığına görə onu həbs ediblər.

Mən evləndim, evliliyimin bir ilində yoldaşım ağır avtomobil qəzasında dünyasını dəyişdi. Övladım da olmadığından qaynatamgil məni atamgilə gətirdilər.

Bir müddət ailəmlə yaşadım, bu olanlar ərzində isə Murad hərbidə bütün işlərini tamamlayıb geri qayıtmışdı. Məni tapdı, yenidən məni istədiyini, evlənmək istəyini bildirdi. Ailəsini də razı salıb elçi göndərdi. Məni Murada verdilər. Çox sevincli idim. İllər sonra da olsa sevdiyimə qovuşurdum. Murad ağ gəlinliklə məni evimizdən çıxardı. Və çətinliklə də olsa sevgimiz qovuşdu. Artıq tamlığı ilə xoşbəxt idim, bizi daha da bir-birimizə bağlayan qızımız - Mələk dünyaya gəldi. İkinci övladımızın isə yolunu gözləyirik.

Sonda, əgər qismətinidəki insanla rastlaşmısınızsa, illər sonra
olsa belə qovuşacaqsınız. Çünki Tanrının yazdığı qədərdən qaçmaq olmaz...

Daha başqa həyatlarda görüşmək diləyilə....

Qələmə aldı: Aysel Abdullazadə (Müəllif hüquqları qorunur!)

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+12=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0306 saniye