"Bədbəxtlik içində xoşbəxtlik... (hissə - 1)
Aysel Abdullazadə tərəfindən "Hekayə" bolməsinə 18:44 02 noyabr 2015 tarixində əlavə olunmuşdur

P.S: Real yaşanmışlıq əsasında qələmə alınıb!

2005-ci il... Dərslərin açılmağına bir həftə qalmışdı. Kəndimizə
yaxın bir yerdə hazırlıq kursu fəaliyyətə başladı. Evdəkilərin
də razılığı ilə bu kursa baş vurdum və qeydiyyatdan keçdim. Universitetə daxil olmaq ən böyük diləyim idi. Kimi yaxşı həyat yoldaşı, kimi pullu yaşam xəyal edər, mən isə tələbə olmağın xəyalını qurardım. Özümü bildim-biləli oxumaq həvəsində olmuşam, daima yüksəklərə daşıyıb o zirvəyə çatmağı hədəf etmişəm. İlk addımım bu kursdan başladı.

Kurs yeni açıldığı üçün kəndin seçilən şagirdlərini qəbul edirdilər. Artıq cədvəllər verilmişdi, sentyabrın 15-də dərsə başladıq. Çox həvəslə oxuyur, hazırlaşırdım. Hər şey öz axarında gedirdi. Sınaqlardan yüksək bal toplayırdım, bu məni həm sevindirir, həm də stimul verirdi. Bu yolda atam ən böyük dəstəkçim idi.
Artıq, yanvar ayı olmuşdu. Bir neçə ay idi ki, dərslərimdən başımı qaldıra bilmirdim. Bir gün telefonuma gizli nömrədən zəng gəldi. Moskvadakı qohumlarımız olar deyə düşünüb telefonu açdım. Səs gəlmədi. Bu zəng gün ərzində dəfələrlə təkrarlandı, telefonun o tərəfində kimsə sakit dayanırdı.

Tətildə idik, dərslərdən beş gün icazəli idim. Bu günlər ərzində də artıq zənglər davam edirdi. Nəhayət, bir dəfə telefonu açanda digər tərəfdən musiqi səsi gəldi. O zamanlar telefon funksiyaları indiki qədər gəlişməmişdi, nömrəni "blok" etmək olmurdu. Evdə deməyə də qorxurdum ki, məni kursdan çıxararlar. Məcbur
qalıb çox vaxt telefonumu sönülü saxlayırdım. Açdığım anda zəng gəlirdi. Kim ola biləcəyi haqqında isə heç bir fikrim yox idi. Dərslər açıldı, tətil yekunlaşdı. İlk dərs günü mənimlə bir partada əyləşən kurs yoldaşım Zərifə: "dərs bitincə sənə bir şey deyəcəm"-dedi.

Dərsin bitməyini gözləyirdim. Zərifə mənə necə sakit bir qız olduğumu və ətrafıma heç diqqət etmədiyimi söylədi. Təəccüblənmişdim, nə baş verirdi? Ondan nə olduğunu və daha açıq danışmasını istədim. Zərifə sözünə davam edərək: "mənim sinif yoldaşım Murad adlı oğlan var, o, elə ilk gündən
sənə vurulub, səni sevir" - dedi. Utandığımdan yanaqlarım qızardı, özümdən asılı olmadan Zərifəyə: "sənə ayıb olsun, mənim hələ 15 yaşım var, nə sevmək, nə danışırsan sən? Bunu sənə deyəndə elə ağzının payını verərdin ki, biz hələ 10-cu sinifdə oxuyuruq, oxumalıyıq, universitetə qəbul olmalıyıq, sevmək vaxtımız deyil... Get, o başıboş sinif yoldaşına da denən ki, sınaq imtahanlarında balını yüksəltsin!" dedim.

Oğlanın adını deyəndə kim olduğunu təxmin etmişdim. O da yaxşı oxuyan şagird idi. Nədənsə, onun bu hisslərə sahib olması məni təəccübləndirdi. Mənə görə, oxuyan uşaqların ağlında ancaq kitab olmalı idi. Murad 2-ci qrupa, mən isə 3-cü qrupa hazırlaşırdım.

Bu hadisədən sonra gizlin də olsa, onun məni izləməyinə fikir verməyə başladım. Sən demə, kursda məndən başqa hamı bilirmiş. Bu zaman bir dəfə olmuş bir olay yadıma düşdü, indi fərqinə vardım. Bir dəfə direktor Muradı çağırıb tənbeh etmişdi. "Murad, sən bura oxumağa gəlirsən, yoxsa o qızın arxasınca sürünməyə? Fikrində belə şeylər olduğu üçün, sınaq imtahanında nəticələrin də zəifləyib" - dediyi beynimdə canlandı. Öz-özümə düşünmüşdüm ki, görəsən, hansı qızdır...

Beləcə, günlər keçirdi. Kursda bir şüşəli dəhliz vardı, içəri görünmürdü, amma içəridən çöl aydın seçilirdi. Murad həmişə məni izləyərdi o dəhlizdən. Gizli zənglərin kimliyi isə artıq məlum olmuşdu. Evə çatan kimi zəng edirdi. Çox vaxt açmırdım. Bəzən isə açanda, sadəcə, mahnı eşidilirdi. Bir dəfə telefonumu anam açmış və o gündən məndən şübhələnməyə başlamışdı...

Ardı var...

Qələmə aldı: Aysel Abdullazadə (Müəllif hüquqları qorunur!)


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+24=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0338 saniye