P.S: Real yaşanmışlıq əsasında qələmə alınıb!
...Anam şübhələndiyi əsaslarla məni sorğu-suala utmuşdu. Ona hər şeyi olduğu kimi söylədim. Məni dinləyən və hadisəni anlayan anam, atamla danışmağı qərara aldı. Atama danışandan
sonra Muradgilin ailəsi ilə tanış çıxdıq. Atam ailəsinə dəfələrlə ismarıc göndərdi. Üçüncü ismarıcdan sonra zəngin sayı gündə bir dəfəyə enmişdi. Gecə saat 12:00-da zəng edərdi. Zərifə ilə də əlaqəmi kəsmişdim. Çünki məndən ona məlumat aparırdı.
Muradın gizli şəkildə çəkdiyi şəklimi oğurlayıb mənə gətirmişdi. Ondan sonra lap şübhələndim ki, bəlkə də, mənim şəklimi
sən ona verirsən, nə məlum?! Beləliklə, hər şey qaydasında gedirdi. Bəzən fikirlərimi qatsa da, imtahandan az bal toplayan kimi özüm-özümü danlayırdım ki, "Jalə, sən daha yaxşı oxumalısan". Və dərslərimdə açıqlarımı qapadırdım. Hətta telefonumu günlərlə sönülü saxlayırdım, kursa gedəndə götürür, evə çatan kimi söndürürdüm. Qarşıma məqsəd qoymuşdum ki, oxuyacağam və bu kənddən çıxıb yüksək pillələrə qalxacağam. Bir gün sınaq imtahanından ən yüksək nəticəni-622bal toplamışdım. Sevincimdən uçurdum.
10-cu sinif şagirdi üçün bu əla nəticə idi. Kursda bu sevinci yaşayarkən bir an arxaya çevriləndə Muradın mənə baxıb güldüyünü gördüm. Uzaqdan təbəssümlə "təbriklər" dediyini eşitdim. Bu an telefonuma mesaj gəldi, açdığımda: "sən buna layiqsən. Oxu, oxu, oxu... oxumaqdan başqa gözün heçnə görməz" sözlərini gördüm. Baxdım ki, bayaq dayandığı yerdə yox idi, getmişdi. Açıq nömrə ilə zəng etməyə cəsarət
etməyən biri, indi hansı cəsarətlə mesaj yazmışdı deyə düşündüm. Evə gələndən sonra zəng etmək istədim, amma
cəhd etsəm də nömrəsi işləmədiyindən zəng getmədi.
Artıq yay tətili gəlmişdi. Önümdə böyük iki ay vardı. Tətilləri çox sevərdim. Tətil boyunca dəfələrlə zəng edirdi, telefonumu dəyişdiyimdən gizli zəngləri artıq "blok" eləyə bilmişdim. Murad gizli zəng etdikcə onda nömrəm məşğul kimi görünürdü. Bu, onu qıcıqlandırmış olmalı idi.
Zərifənin anası müəllimə idi. Ondan xahiş etmişdi ki, Zərifəni bizə göndərsin. Qız bizə gəlmiş, olanları danışmışdı. Onu Muradın göndərdiyini, zənglərin nə üçün məşğul göstərdiyini soruşmağını demişdi. Və əlavə etmişdi ki, zəngi düzəltsin, bir söz deyib sonra narahat etməyəcək. Mən isə Zərifəyə sonuncu xəbərdarlığımı edib, qapımızın həmişə ona açıq olduğunu, fəqət mənə belə xəbərlərlə gəlməməyini söylədim. Məndən inciyib getdi. Muradın zənglərini isə açmırdım. Nömrəmi də dəyişmirdim, həm
ilk nömrəm idi, çox sevirdim, həm də kursda nömrəmiz olurdu, dəyişsəm də yenə tapacaqdı. Bunu sırf Murada görə dəyişməzdim.
Sonunda tətil bitdi, dərslər və kurs fəaliyyətimiz başladı. Mən kursa gedəndə barmağıma üzük taxmışdım, bu dəfə isə məni bir qız vasitəsilə narahat edirdi. Bu qız da 1-ci qrupa hazırlaşırdı və Muradla eyni küçədə yaşayırdı, yəni qonşu idi. Bu qız mənimlə yaxınlıq etməyə başladı. Mən artıq 11-ci sinifdə oxuyurdum. Bu qızın Muradın qonşusu olduğunu isə sonradan bildim. Bir gün mənə: "nişanlın qəşəng üzük alıb" deyəndə nişanlı olmadığımı dedim. O isə gülümsəyib: "nişanlısan zənn edirdim" dedi. Bir sözlə, Muradı nişanlanmışam deyə aldatdığımı düşünərkən, öz dilimlə də təkzib etmiş oldum. Bu qız mənimlə yaxın olmuşdu, doğum tariximi soruşur, haqqımda hər şeyi öyrənməyə çalışırdı. Mən isə səbəbinin fərqində belə deyildim...
Ardı var...
Qələmə aldı: Aysel Abdullazadə (Müəllif hüquqları qorunur!)