"Çox sağ ol"a həsrət
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 13:27 23 fevral 2015 tarixində əlavə olunmuşdur

Həyat yoldaşı şirkətdən qayıdıb kresloda əyləşmişdi. Noutbuku bir-birinin üstündən aşırdığı dizlərinin üstünə qoyaraq barmaqlarını klaviaturalardan, gözlərini monitordan ayırmaq bilmirdi. Kandarda heykəltək dayanıb bu profili izlədikdən sonra mətbəxə keçdi. Stul çəkərək oturdu və əli ilə çənəsinə dayaq verdi. Gözlərinin önündə keçmişi canlanmağa başladı.

Elektrik çaydanın səsinə nostaljini qapadaraq ayağa qalxdı.

Çayı gətirib jurnal masasına buraxanda ərinə nəzər saldı. Yenə də eyni vəziyyət. “Çox sağ ol”u 15 il əvvəl demişdi ən son. Nüfuzlu iş adamına çevriləndən bəri robotdan bir fərqi yox idi. Hər yerdə-iş. Ailə yeməyində belə ciddilik nümayiş etdirirdi.

Nuray üçün artıq bunların heç bir önəmi yox idi. Kərəm lap əvvəllər də belə idi. Onun üçün insani duyğular bir heç idi sadəcə. Bir zamanlar Nurayın həyatını necə məhv etmişdisə, indi də qızı Fatimənin həyatını söndürmək istəyir. Nurayın işləməyinə ən başından qadağasını qoymuşdu. “Qadının işi-evdə olmalıdır” demişdi. Nuray hər nə qədər gözəl qadın olsa da, xoşbəxt deyildi. Kərəmdən “romantika” gözləmirdi, sadəcə hörmət, qayğı istəyirdi, amma əri görmürdü. Ümumiyyətlə, Kərəmin əsas yaşam mənbəyi işdən başqası deyildi. Evlilik həyatı boyunca bir dəfə də olsun, səyahət planlaşdırmadı, bayra keçirtmədi, ailəsi ilə maraqlanmadı, xəstə valideynlərini ziyarət etmədi. Hər şeyi Nuray özü etdi-qızı ilə şəhərdə təşkil olunan bayram mərasimlərinə, konsertlərə, teatrlara, sərgilərə qatıldı, yaxınlarının ziyarətlərinə getdi, Fatimənin dərs problemlərini həll etdi.

Fatimə atasının “sağ qolu” olan İlqarla nişanlanmışdı. Universitet bitən kimi evlilik proqramı işə salınacaqdı. Nuray isə bilmirdi, bilmirdi ki, qızına necə kömək eləsin. Axı o, atasını tanımırdı. Gərək vaxtında tanıtdırardı. Fatimə atasının məşhur iş adamı olması ilə qürur duyurdu. Nuray imkan yaratmadı ki, qızı atasızlıq dərdi çəksin. “Atanın sadəcə adı var, özü yoxdur” demədi. Kiçik və məsum qəlbin əbədi yaralanmasını istəmədi.

Fatimə nişanlısı İlqarla xoşbəxt idi deyəsən. Bəli, "deyəsən"! Hər telefon zəngi, hər mesaj, hər görüş qızı qanadlandırıb uçurdurdu.

Nuray əlini uzadıb çərçivəni götürdü. Fatimə və İlqar. Amma bu xoşbəxtlik uzun sürməyəcək. Qızı da onun həyatını təkrarlayacaqdı. İlqarın gələcək qayınatasından elə də ciddi fərqi yox idi.

Nəsə etməliydi. Gec də olsa. Buna imkan yaratmaq olmaz. Nurayın yaşam mənbəyi qızı idi. Əgər Fatimə bədbəxt olacaqsa, Nuray əbədilik məhv olub gedər.

Yadına keçən gecədəki oğlan düşdü. Kaş ki, Fatimənin gələcək həyat yoldaşı o olaydı. Qadın ruhunu necə də gözəl görürdü, çünki feminist idi. Nurayı rəqsə dəvət edərkən qadın rəsmən simurq quşu kimi küllərindən təzədən doğulmuşdu. Adı Nəcəf idi. Rəssamlığı oxuyurdu. Nuray gizlidən-gizliyə Nəcəfin Fatiməyə necə baxdığını görmüşdü. Fatimə modelyer işləmək istədiyini bildirərkən onu müdafiə etmişdi hətta.

Çərçivəni yerinə qaytarıb ərinə bir daha nəzər saldı.Necə də həsrət idi onun “çox sağ ol”una, təbəssümünə, gözlərindəki qığılcımına. Amma daha buna dözüm nümayiş etdirməyəcəkdi. Fatimə ilə danışacaqdı. Onsuz da Nəcəfin gizli sevgisini görmüşdü o gecə...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+28=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0217 saniye