Hesabı ödəyib taksidən düşdüm. Çantamı çiynimdən aşırıb dərindən nəfəsimi dərdim. Əynimdə açıq qəhvəyi şalvar, tünd mavi qısaqollu köynək, ayaqlarımda ağappaq bir cüt baletka vardı. Saçlarımı at quyruğu formasında yığmışdım.
Addımlarımı irəliyə doğru atıb içəriyə daxil oldum. Ruhi-Əsəb Dispanseri. Buraya artıq 5-ci gəlişim sayılırdı. İlk dəfə buraya ayaq basarkən o üzlər, o səslər məni bir müddət təqib etmişdi.
Qapını taqqıldadıb gözlədim. Səs gəlmədi içəridən. Təkrarladığımda yenə səssizlik. Dəstəyi yavaşca burub qapını açdım. Başımı içəri soxub ətrafı nəzərdən keçirtdim."O"nu gördüm. Çarpayısında əyləşib başını aşağıya dikərək barmaqları ilə oynayırdı. Alt dodağımı dişləyib içəriyə girərək qapını örtdüm.
Yaxınlaşıb stulda əyləşdim. Çantamı dizlərimin üstünə qoyub ona baxdım. Mənim baxışlarımı sezərək başını ağır-ağır qaldırıb mənə zilləndi. Bomboş gözlər.
-Salam, Kəmaləddin müəllim,-deyib gülümsədim.
Heç nə deməyib başını təkrar aşağı dikdi.
Bu adam- kimya üzrə məşhur professor idi. İxtisası üzrə o qədər mükəmməl idi ki, kolleqaları belə onun fəaliyyət prosesini yarı qısqanc-yarı heyranlıqla izləyirdilər. Prestijli ali təhsil müəssisələrin birində dərs deyirdi üstəlik. İnanılmaz dərəcədə güclü xarizmatik cazibəyə malik olması ilə tələbə qızları özünə valeh etmişdi. Təbəssümü və baxışı.
Ailəsi vardı. Selcan və 3 mələk qızları. Çox sevirdi onları. Amma bəzən peşəsinə olan sevgisi ailəsinə üstün gəlirdi. Hərkəs çıxıb getdikdən sonra səhərədək laboratoriyada işləməsi Selcanın xoşuna gəlmirdi. Dəfələrlə söz verməsinə rəğmən içindəki lənətəgəlmiş sevgini boğa bilməmişdi.
50 yaşının tamamında ailəsini itirdi. Avtomobil qəzası. Özü sağ çıxa bildi. Amma!