"Ən böyük uğurum, onun həyatının yoldaşı olmağımdır" - MÜSAHİBƏ
Aysel Abdullazadə tərəfindən "Müsahibə" bolməsinə 17:21 13 noyabr 2015 tarixində əlavə olunmuşdur

Bu günkü qonağım örnək ana, mükəmməl həyat yoldaşı
və gözəl bir xanım - Rəvanə Həşimovadır.


1. Salam... Rəvanə Həşimovanı tanıyaq...
- Salam... Həşimova Rəvanə. 1988-ci il 18 iyunda Bakı şəhərində doğulmuşam. Orta təhilliyəm. Altı ildir, evliyəm. Bir qızım var, sizlərə qismət...

2. Evliliyi bir cümlə ilə necə anladarsınız?
- Evlilik, olduqca çətin, məsuliyyətli və çox maraqlı bir həyatdı, yaşamağı bilənə.

3. Məntiq evliliyi yoxsa sevgi, hansının daha uğurlu olacağına inanırsınız?
- Hər ikisi vacibdir, sevgi ilə daha maraqlı olar, məncə, amma bəzən həyat insanların önünə elə şərtlər qoyur ki, məntiq evliliyi etməyə məcbur olurlar.

4. Kimdir xoşbəxt qadın?
- Heç kimin onu xoşbəxt etməyini gözləməyən, öz-özünü xoşbəxt edən qadın xoşbəxtdir. Məsələn, mən... (gülür)

5. Azadlıq və xoşbəxtlik məfhumları arasında bir əlaqə, bağlılıq var mı?
- Buna geniş cavab verə bilərəm. Azadlıq, bəzi qadınlar üçün budur - hər istədiyimi geyinim, saatlarca gəzim, əylənim, evə neçədə istədim gəlim, qızlarla hər gün görüşüm... Bununla da xoşbəxt olmaq olar? Etiraf edirəm ki, mən belə azadlıq yaşamamışam. Heç istəmirəm də... Xoşbəxtliklə azadlığın əlaqəsi yoxdur.

6. Xoşbəxtsiniz yoxsa azad, ya hər ikisi?
- Xoşbəxt...

7. Qadının azadlığı kişidən mi asılıdır?
- Əgər evli, nişanlı xanimdırsa, 99% bəli, kişidən aslıdı... Ölünü də özbaşına buraxsalar, kəfəni yırtar çıxar.

8. "Təhsil və qadın" ikilisi gələcək üçün bir qadının həyatında nə qədər önəmlidir?
- Çox-çox önəmlidir. Təhsi, mənim üçün xəyal olaraq qalıb, Allah nəsib etsin, qızımda bu xəyalı gerçəkləşdirə bilim.

9. İndiyə qədər ən böyük uğurunuz nə olub?
- Uğurum çoxdur desəm, yalan olmaz. Ən böyük uğurum, onun həyatının yoldaşı olmağımdır.

10. Qismət yoxsa şəxsi seçimlər?
- Şəxsi seçimlərimizin içində həmişə qismətimiz olanı yaşayırıq.

11. Xoşbəxt sözünün tərkibində "bəxt" anlamı var, bunu alın yazısı ilə əlaqələndirmək olar mı?
- Olar... Alnımıza yazılanları yaşayırıq, bir də yazılmayanlar var. Onların yazılması da, yaşanması da öz əlimizdə olur. Bəzi qadınlar var ki, onlar özləri üçün yazmalı olduqları yazını ömür boyu bədbəxt olmaq üçün sərf edirlər, bədbin düşüncələri ilə, bütün neqativləri üstlərinə çəkirlər. Məncə, bizə verilən alın yazısını yazma şansındakı "bəxt" kəlməsinin əvvəlinə çalışıb "xoş" əlavə etməliyik. "bəd" yox...

12. Evliliyiniz sizə nə verib?
- Evliliyim, mənə 5 il güvən, istilik, hüzur, xoşbəxtlik verib. Beş ilin sonunda isə gözəl övlad verib, çox şükür.

13. Həyat yoldaşınız arzularınızın həyata keçməsində dəstək olub, yoxsa fikrinizi dəyişməyə çalışıb?
- Hər işimdə mənə dəstək olub, sağ olsun, ama şərtlə - "bircə, mənə işləmək adı çəkmə" deyib. Çəkmə, çəkmə də... Heç nə ondan artıq deyil ki... Qaz gələcək yerdən toyuq əsirgənməz. Mənim də toyuğum işləmək istəməyim idi, ona görə qurban etdim. Əsas odur, qaz gəlsin... (gülür)

14. Şirini ilk qucağınıza alanda hansı hissləri yaşadınız, o hissi necə ifadə etmək olar?
- Onun ifadəsi mümkünsüzdür. Sadəcə ağladım...

15. Yaxşı ana kimdir?
- Hər övladın anası onun üçün yaxşıdır.

16. Bəs, yaxşı ata?
- Şirinin (qızımın) atası (gülür)

17. Qadın bir kişidən nə istəyir?
- Qadın güvən, diqqət, sahiblənmək, sevgi və s. gözləyir.

18. Evlilik etmək üçün hansı kriteriyalar mütləqdir?
- Əgər kriteriyaları kişi-qadına ayırsaq, belə cavab verərdim. Kişidə önəmli olan şey tənbəl olmamağıdır. Məsələn, bütün günü çayxana, pivə, nərd vərdişləri varsa, bu, işsizlik yox, tənbəllikdir. Tənbəllik varsa, o kişi ailə saxlaya bilməz. Tənbəl olmayan daşdan da olsa, çalışıb beş manat qazanacaq, bax, onun ailə saxlayacağına etibar etmək olar.
Qadında isə, o beş manatla da dolana bilmək, ailəni idarə edə bilmək kriteriyaları önəmlidir, axı, hər kəs milyonçu ilə həyat qurmur. Təbii ki, bu yazdıqlarım gözü yüksəkdə olan qızlara aid deyil, çox təəssüf ki, hazırda çox qızlarımız yaraşıq və imkan axtarır.

19. Rəvanə bu gün bir qadın kimi olmaq istədiyi yerdədir mi?
- Təhsil almaqla, işləmək xəyallarımı çıxsaq, bəli... Axı, nəyim çatmır? Həyat yoldaşıyam, anayam, bunndn yüksək zirvə var mı?!

20. Ailədə hörmət birincidir yoxsa sevgi?
- Hörmət... Sonra sevgi. Hər ikisi vacibdir.

21. Kişilər hansı qadını itirməkdən qorxarlar?
- Kişiyə görə, bu, dəyişir, məncə... Biri gözəl qadını, biri ailəcanlı qadını, bir nəfər də məni. (gülür)

22. Qızınız üçün necə bir gələcək azru edirsiniz?
- Qızım üçün təhsilli gələcək arzu edirəm... Qalanı, Allah Kərimdir.

23. Ən yaxşı tərbiyə üsulu hansıdır?
- Bu, olduqca, qəliz məsələdir. Əsas odur ki, döyərək tərbiyə verməyəsən, bununla tərbiyə olmur, sözlə, izah edə-edə, məsələn, deyirsən, Şirin olmaz, deyir "cızz?" Deyirəm, hə...

24. Vətəndaş nikahına münasibətiniz necədir?
- Əlbəttə ki, yaxşı baxmıram... Ən əsası, Allah qarşısında olan nikahdır və sonra dövlət nikahı. Bunun bir adı var - "ailə" Vətəndaş nikahında olanların adı nədir?

25. Ümumiyyətlə, sevgi, hörmət - möhtəşəm duyğular varsa, mutluluğu yenə də bir kağız parçasına bağlamaq əsasdır mı?
- Əlbəttə, əsasdır. İndi bir telefon alanda sənədləşdirirsən, qeydiyyata aldırırsan, əşyaların belə rəsmiləşdirildiyi zamanda insanların münasibəti niyə rəsmiləşməsin ki? Bəziləri bu rəsmiləşməni fərqli anlayır - sabah ayrılsaq, mənə də nəsə pay düşsün, deyə düşünürlər. Xoşbəxtliyin, ailən olmadıqdan sonra ordan sənə bir otaq ev mi qaldı, beş kiloqram qızıl mı qaldı, nəyə yarar?

26. Xoşbəxt ailə tablosunun formulu?
- Başa düşmək. Anlamaq. Varı, yoxu dərk eləmək. Olmaz deyəndə, yox deyəndə sifət etmək yerinə, səbr etmək... Bunlar olarsa, mutlu ailə tablosu heç zaman pozulmaz.

27. Xanımlara sözünüz?
- Xanımlara sözüm çoxdur. Həyat, siz düşündüyünüz qədər güllük-gülüstanlıq deyil, bir az aza da qane olmağı öyrənin, hər xırda şeylər üçün dünyanın sonu gəlmiş kimi qaralar bağlamayın. Ömrümüz söz-söhbətlərlə, dalaşmaqla, küsməklə keçəcək qədər uzun deyil. Hər şey gec olmadan, həyatın dadını çıxardın. Dad qatmaq, ağ-qara həyata rəng qatmaq öz əlinizdədir. Ailə qurmaq istəyən xanımlar, heç kimə sultan oğlu elçi gəlməyəcək və qızlar, əmin olun ki, evlilikdə hər axşam kişi evə əlində bir dəstə güllə gəlmir, içkinin içinə üzük filan da atılmır, hər gün şam işığında yemək yeyilmir, hər gün otağınızın qarşısına gül ləçəkləri tökülmür, düşünürsünüz ki, belə olur? Ağ yalandır. Olur, ama hər gün yox... Belə olmadığı halda şikayətlənməyin. Xırda şeylərlə də xoşbəxt olmağa çalışın. Hörmətlə XoşbəxtQadın!

Belə soyuq bir gündə isti söhbət üçün təşəkkür edirik.
- Mən təşəkkür edirəm.

Söhbətləşdi: Aysel Abdullazadə

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+32=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0238 saniye