Bu günkü müsahibim gözəl ailəsi olan, sevimli bir xanım Ülkər Ağalarovadır.
Buyurun, söhbətimizi oxuyun...
1. Salam... Ülkəri tanıyaq...
- Mən - Ağalarova Ülkər Qabil qızı 1993-cü ildə Oktyabrın 8-də Yevlax rayonunda anadan olmuşam. Evliyəm, bir qızım var.
2. Evliliyi bir cümlə ilə ifadə et desək?
- Xoşbəxt bir yuva əsl evlilikdir, məncə.
3. Kitablarla aranız necədir?
- Kitabları çox sevirəm, subay vaxtı oxuduğum bir neçə əsər var ki, ürəyimdə iz qoyub.
4. Bir qıza xoşbəxt olmaq üçün nə lazımdır?
- Bir qızın tam xoşbəxtliyi üçün valideynləri, yaxşı ailəsi, övladı və təhsili olması vacibdir.
5. Həyat fəlsəfəniz nədir?
- Az insan və hüzur.
6. Necə bir evlilik etmisiniz?
- Məntiq evliliyi etmişəm. Sevgi olmayıb, yoldaşım rəfiqəmin qardaşıdır, məni görüb bəyənib, sonradan görüşdük və alındı. Ailə arasında nişan, nişandan 9 ay sonra isə toyumuz oldu.
7. Yoldaşınızdan narazılığınız var mı?
- Hər ailədə olduğu kimi bizdə də olur narazılıqlar. Ən çox da qızımın üstündə olur, imkan vermir ki, onu tərbiyə edim.
8. Qızınız var. Allah bağışlasın. Bir qız anası olmaq necə hissdir?
-Qızım - mənim üçün yaşamaq deməkdir, nəfəs almaq, qız anası olmaq elə bir duyğudur ki, anlatmaq olmur, danışdıqca gözlərim dolur. Atamdan sonra onun varlığı məni həyata bağladı.
9. İlk dəfə qucağınıza alanda nə hiss etdiniz?
- Çox həyəcanlı idim. Yəni, bu mənimdir mi? - deyə düşündüm. Kövrəldim, hiss etdiklərimi ifadə edə bilmirəm.
10. Oxumaq, təhsil almaq yoxsa ailə qurmaq? Öncəlikli olan hansıdır, sizə görə?
- Qız üçün öncə oxumaq. Düzdür, mənə qismət olmadı, arzu kimi ürəyimdə qaldı, amma yoldaşım deyir, Ayla böyüsün, mütləq təhsilini davam etdirəcəksən.
11. Yenidən geriyə qayıtsanız, dəyişəcəyiniz nə olardı?
- 18 yaşıma qayıdıb, atamla olan son söhbətimi dəyişmək istərdim. Ən böyük peşimanlığımdır mənim. Bu günə qədər özümə belə etiraf edə bilmədiyim peşimanlığım.
12. Ailə üçün sevgi yetərlidir mi?
- Yox, tək sevgi yetmir. Hər baxımdan tam olmalıdır, o zaman əsl ailə olur.
13. İki insanın (kişi və qadın olaraq) bir-birinə uyğunluğu nə ilə əsas götürülür, nədir uyğunluq?
- Fikrimcə, uyğunluq xasiyyətdən başqa heç nədə ola bilməz. Qadın elə bir qüvvədir ki, kişilər yüz il də çalışsa, biz qadınlara ayaq uydura bilməz.
14. Ülkər bu gün tam mənası ilə xoşbəxtdir mi?
- Allaha şükür edirəm həmişə. Ailəm, qızım var. Amma tam xoşbəxtlik deməzdim, biri var, biri yox... Maddi demirəm, onlar düzələndir, amma itkilərimiz imkan vermədi tam xoşbəxt olmağa.
15. Xoşbəxtlik an etibarilədir, yoxsa sürəci var?
- Bir gün elə bir acı yaşayarsan ki, xoşbəxtliyin bitər. Ona görə deyərdim ki, xoşbəxtlik bir sürəc qavramlıdır.
16. Dünyanı gözəllik xilas edə bilər mi, gerçəkdən?
- Yox, inanmıram bu deyimə. Əgər gözəllik xilas etsəydi, indi fərqli, gözəl bir dünyada yaşayardıq.
17. Ən böyük uğurunuz?
- Ən böyük uğurum qızımdır (gülür). Qazandığım tək uğur.
18. Qadına yaraşan və yaraşamayan xüsusiyyətlər?
- Mənim üçün qadın əsl xanım olmalıdır, yerişini, duruşunu, danışığını bilməmək bir qadına yaraşmayan xüsusiyyətdir.
19. Təhsilin nə qədər rolu var, sizcə, qadın yaşamında?
- Çox böyük rolu var, düzdür, ali təhsil almasam da, dünyagörüşüm və savadım var. Amma işləmək üçün təhsil öncəlik təşkil edir.
20. Yaxşı ana kimdir?
- Yaxşı ana, özündən öncə övladını düşünən, o yemədən yeməyən, ağlayanda ağlayan, xəstə olanda gecələri gözünü yummayan... Övladı üçün gözəl gələcək qoyan ana, əsl anadır.
21. Siz yaxşı anasınız?
- Özümə deyə bilmərəm ki, mən yaxşı anayam. Amma çalışıram ki, övladım üçün hər şeyin yaxşısını edəm, tərbiyəli, savadlı, ağıllı, vicdanlı böyütmək üçün əlimdən gələni edirəm. Ətrafımdakı insanlar deyir ki, yaşın az, amma təcrübəli anasan.
22. Yaxşı ana, həm də yaxşı həyat yoldaşı ola bilər mi?
- Baxır də. Elə ana var yaxşı anadır, amma yaxşı yoldaş deyil, eləsi də var, əksidir. Amma ikisini bir arada özündə cəmləşdirən qadın tərifə layiqdir.
23. Xanımlara sözünüz?
- Mən kollektivimizi çox sevirəm. Sözüm yox, arzum var ki, daima xoşbəxt olsunlar.
Səmimi söhbət üçün təşəkkürlər.
- Mən təşəkkür edirəm.
Söhbətləşdi: Aysel Abdullazadə