"Evlilik - qadını ya xoşbəxtliyə, ya da bədbəxtliyə aparan sirli yol" - MÜSAHİBƏ
Aysel Abdullazadə tərəfindən "Müsahibə" bolməsinə 17:27 04 dekabr 2015 tarixində əlavə olunmuşdur

Bu günkü müsahibi gözəl ailəyə sahib, sevimli bir xanım Cəfərova Ruqiyyədir.
Buyurun, söhbətimizi oxuyun...


1. Salam. Öncəliklə, bir az sizi tanıyaq...
- Salam... Cəfərova Ruqiyyə Əli qızı. Gəncə şəhərində anadan olmuşam. Ailəliyəm, bir qızım var.

2. Çalışırsınızmı və ya hansısa fəaliyyətiniz varmı?
- Özəl şirkətdə 3 il kreditor işləmişəm, hazırda analıq məzuniyyətindəyəm.

3. Təhsil almaq ailədən sonramı gəlir, sizcə, yoxsa öncəliklimi?
- Öncəlikli təbii ki. Hətta inanın, mən təhsilim yarımçıq qalar qorxusu ilə universiteti bitirənə qədər ailə qurmağı özümə qadağan etdim.

4. Azərbaycanda qadın olmaq çətindir?
- Yaxşı qadın olmaq, ümumiyyətlə, hər yerdə çətindir -dilindən, dinindən, irqindən asılı olmayaraq.

5. Qadını qadın edən nədir?
- Qadını yaxşı qadın edən - yaxşı və pis günlərindən çıxartdığı ağıllı nəticələrdir, məncə.

6. Qadın-kişi münasibətində hüquq anlayışı necədir, sizcə?
- Bir çox qanunların olduğu kimi tam qadın-kişi hüquq bərabərliyi də mənə görə çox vaxt yalnız kağız üzərindədir.

7. Evlilik nədir?
- Evlilik - qadını ya xoşbəxtliyə, ya da bədbəxtliyə aparan sirli yol.

8. Məntiq yoxsa sevgi evliliyi etmisiniz?
- Həyat yoldaşımı məntiqlə seçib, sevgi ilə ailə qurmuşam.

9. Deyirlər, xoşbəxt qadın gözəl olur, bu gerçəkdənmi belədir?
- İnanın, elə çirkin xoşbəxt qadınlar var ki. Bütün "qüsurları" ilə qəbul edilib sevilən xoşbəxt qadınam - bu mənada ola bilər.

10. Xoşbəxtlik anlayışını necə izah edərsiniz?
- Xoşbəxtlik tam anlamında, əsasən, bəlli zaman kəsiyində yaşanan anlayışdır, məncə. Məsələn, nişanın, toyun olar, ana olarsan, övladının "ilk"lərini yaşayarsan xowbəxt olarsan. Bir də qızım "ana, öp" (yəni öpüm) deyib məni qucaqlayanda dünyalar mənim olur.

11. Xoşbəxtlik və azadlıq vəhdətdirmi?
- Bu sualı müxtəlif prizmalardan cavablandırmaq olar. Hər zaman yox, məncə.

12. Azad qadınsınız?
- Fikirlərimlə və bəzi hərəkətlərimlə bəzən azad qadınam, bəzən də sevgi "əsiriyəm".

13. Sevgi əsasdır yoxsa sayğı?
- Əslində, hər ikisi əsasdır. Amma maraqlıdır ki, bəzən sayğısız sevgi, sevgisiz də sayğı olur.

14. Qadın və təhsil ikilisinin önəmi nə dərəcədədir sizin üçün?
- İnanılmaz önəmlidir. Sabahı bilmək olmur. İnsanı ancaq bacarığı və diplomu qurtara bilər. Bəlķə deyəcəklər, imkan daxilində. Mən də çox çətinliklərlə hazırlığa gedib, universitetə qəbul olmuşam, həm də ikinci il. Anama canım qurban olsun, onun sayəsində oldu. Əsas istək və məqsəddir.

15. Karyera quran qadın, həm də uğurlu ailə həyatı qura bilərmi?
- Nişanlananda da, ailə qurandan sonra da işləyirdim, Zeynəbim anadan olanadək işləmişəm. Uğurlu alınırdı, məncə. Amma o zaman da insan ailə xoşbəxtliyini tam yaşaya bilmir, artıq övladının xoşbəxtliyi üçün çalışırsan.

16. Təhsilli qadın təhsilli toplum formalaşdırır, çünki övlad tərbiyəsi məhz ananın üzərinə düşən öhdəlikdir. Buna münasibətiniz?
- Bu fikirlə tam razı deyiləm. Düzdür, anam ali savadlı müəllimə olaraq bizə yaxşı tərbiyə verib, amma biz üç bacının təhsili və məktəb tərbiyəsi ilə ali təhsilsiz atamız məşğul olub.

17. Həyat yoldaşınız arzularınızın həyata keçməsində dəstək olub, yoxsa fikrinizi dəyişməyə çalışıb?
- Fikirlərimi də çalışıb yox, dəyişib. Əslində, çoxunu yaxşıya doğru, sadəcə mən zamanında dərk etməmişəm. Amma elə gözləmədiyim anda arzularımı reallaşdırıb ki.

18. Ümumiyyətlə, ailədə söz sahibisinizmi?
- Tam yox, təbii ki. Bəlkə də əlli faiz. O, yaranan vəziyyətdəki fikirlərimə baxır. Biz yoldaşımla bəzi məsələrə çox zaman məsləhətləşib qərar veririk.

19. Qadını qadın edən kişidir, yoxsa kişini kişi edən onun qadını?
- Qadını yaxşı qadın edən ağıllı və dəyərli kişidir. Kişini də yaxşı kişi edən öz ağlı və dəyəridir.

20. Evlilik etmək üçün hansı kriteriyalar mütləqdir?
- Bəzi evliliklər seçmə şansı vermir, təəssüf. Kiçik bacım kimi. Amma qismətimdən mənim mütləq bildiyim kriteriyalar yoldaşımda oldu - ali təhsilli olmağı (elektrik mühəndisliyini qırmızı diplomla bitirib), içki içməməyi, siqaret çəkməməyi və işi.

21. Kitablarla dostluğunuz varmı?
- Heç kimlə olmadığım qədər yaxın bir dostluğum var. Artıq 15 ildir, kitablarla dostam.

22. Elə bir kitab olubmu ki, sizdə dərin iz buraxsın?
- 15 ildə qeyd etdiyim oxuduğum kitab sayı 150-dir. Əslində, çox azdır bəlkə də. Çoxu təsirli, maraqlı, günlərlə məni ağladan olub. Amma ən çox iz buraxan dəfələrlə oxuduğum İnqilab Xan Rəvanın "Nakam məhəbbət"i - Ayişə-İbrahim sevgisi olub.

23. Ana olmağı hansı hisslə müqayisə etmək olar?
- İnanın, heç bir hisslə.

24. Analığın öhdəlikləri nələrdir?
- Çoxdur. Əsas olan o öhdəlikləri dəqiqlik və səbrlə yerinə yetirməkdir.

25. Yaxşı ana kimdir?
- Yaxşı övlad yetişdirən ana təbii ki. Amma təəssüf ki, bəzən yaxşı ana yaxşı övlad yetişdirə bilmir, yaxşı övladı da yaxşı ana yetişdirmir.

26. Bir qadın olaraq bu gün olmaq istədiyiniz yerdəsinizmi?
- Çox şükür Allahıma, istədiyim yerdəyəm. Həyat yoldaşımın dəstəyi və sevgisi mənim həyat mayakımdır.

27. Xoşbəxtliyinizin rəngini soruşsam?
- Yoldaşım demiş, rəngarəng. Monoton rəng əsl, keşməkeşli sevgi rəngi ola bilməz, məncə.

28. Son olaraq, xanımlara sözünüz?
- Əvvəlcə sizə bu müsahibəyə görə çox təşəkkür edirəm, Aysel xanım. Xanımlarımıza isə arzum, çox xoşbəxt olsunlar və bu yolda bəzi istəklərini qurban verməkdən çəkinməsinlər. Öpürəm onları.

Xoş söhbət üçün biz təşəkkür edirik.

Söhbətləşdi: Aysel Abdullazadə


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+21=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0427 saniye