Kərəm albinos idi. Uşaq ikən çox “dümağ” olduğuna görə az qala utanırdı. Hər zaman məhəllədə bir-birləri ilə oynayan uşaqlara baxarkən yanaqları islanırdı isti göz yaşlarından. Valideynləri hər nə qədər onunla söhbət etsələr də, evdən çıxıb oynamırdı. Çünki uşaqlar ondan həm qorxurdular, həm də gülüb ələ salırdılar. Kərəmi az qala adamyeyən, qansoran eybəcər varlığa bənzədirdilər. Məsumluq yağan qırmızı gözləri isə “vampir”i xatırladırdı onlara...
Məktəbə belə getmək istəmirdi. Ata-anası zorla aparırdılar onu. Bütün gözlər daima onun üzərində olurdu. Heç kəs onunla eyni parta arxasında əyləşmək istəmirdi. Buna görə də ən son küncdə oturub gözlərdən uzaq olurdu. Müəllimlər onu lövhə önünə çağırıb nə uşaqları vahiməyə salmaq, nə də Kərəmi onlara güldürmək istəmirdilər...
Hər dəfə aynada özünə baxarkən aynanı sındırın parça-parça etmək istəyirdi. Bəzən otağından çıxmırdı gün boyu. Çarpayısında uzanıb gözlərini bir nöqtəyə zilləyirdi. Anası onunla bacara bilməyəndə evdə nəyisə sındırıb hönkürtü ilə ağlayırdı. Anasının ağlamasını eşidəndə tələsik qaçaraq onu qucaqlayırdı...
Hər yay babasının kəndinə gedirdi. 7 yaşındakı kiçik xatirəsi ömürlük yaddaşından silinməyəcəkdi. Gözəl yay axşamı idi. Kərəm yaşıllıqda babasının yanında əyləşib gözlərini qutudan çəkmirdi. Gözləri gülürdü, dodaqlarında uşaq təbəssümü əskik olmurdu. Qutunun içindəki cücələrə baxırdı. 9 cücələrin birisi qara, digərləri sarı idilər. Babası bu cücələri təzəcə almışdı.
-Bunların evi yoxdur?-deyə barmağı ilə cücələrin birini sığallayıb soruşdu.
-Aaa! Niyə yoxdur, ay bala?-babası yaşıllığa sığal çəkdi və üzünü yarımçıq aya tutub gözlərini qapatdı...
Zaman keçdikcə, yaşa dolduqca Kərəm özü haqqındakı fikirlərdən azad olurdu. Anasının yardımı ilə albinizm haqqında müxtəlif araşdırmalar apararaq məlumatlanırdı. Özünün heç də “xəstə” olmadığına getdikcə daha da inanırdı. Dərslərini daha da yaxşı oxuyaraq sinfin ən fəal uşaqlarından birinə çevrilirdi. Özünə heyran ordusu toplayırdı özü də bilmədən. Daha əvvəlki utancaqlıq, çəkingənlik, qorxu kimi duyğular ona yad idi. Özünə əminlik və pozitiv düşüncəsi ilə əvvəllər mövcud olan sərhədləri darmadağın edirdi. Düzdür, bəzi beyin”cik”lər Kərəmi virus daşıyıcısı kimi görməklərində davam edirdilər, amma Kərəm və onun gizlidən açığa çevrilən pərəstişkarları onların mənasız ittihamlarına kinayəli gülümsəyirdilər...
Budur, artıq şirkətlərin birində çalışır...