"Gələcəyin qurbanı"
Vüsal Məmmədzadə tərəfindən "Hekayə" bolməsinə 03:44 06 aprel 2012 tarixində əlavə olunmuşdur

Bəzən elə olur ki, başqaları sənin həyatını idarə edirlər.
Buna imkan vermək olmaz. Mübarizədə uduzursansa, filmi bitirməlisən...

- Bu gün Müqəddəs Sirius yeni ilin gəlişini xəbər verəcək. Sabah isə sənin üçün adi bir gün olacaq. Meşəyə gedəcəksən. Tayfa üçün odun gətirəcəksən.
- Gələcəyim haqqında məlumat verdiyiniz üçün, çox sağ olun, Ulu Kahin.
Tayfa nümayəndəsi Kahinin komasından çıxdı. Oğlu həmişəki kimi qapının ağzında gözləyirdi. Və həmişəki sualını verdi:
- Ata, nə oldu?
- Heç, sabah meşədə işləyəcəm.
- Axı hava çox soyuqdur. Bu qarla dağa qalxmaq olmaz.
- Kahin deyibsə, deməli, qalxa biləcəm. Kahin onu da dedi ki, bu gün yeni il başlayır. Müqəddəs Sirius bunu xəbər verəcək.
- Bu gün?
- Hə...Artıq sənin də 14 yaşın olacaq. Sən də gələcəyini öyrənməyə haqq qazanacaqsan.
- Mən bunu istəmirəm.
- Nə danışırsan? Günah işlətmə! Lənətlənərsən! Ulu Kahin çox müqəddəs adamdır. Yadımdadır, onun tayfamıza gəlişi: Hava soyuq və yağmurlu, Kahin isə ac idi. O dedi ki, Müqəddəs Sirius onu göndərib. Biz ona isti yer və yemək verdik. Həmin gündən bizi qəbul edib, gələcəyimizdən xəbərlər verir. Bu artıq tayfanın qanununa çevrilib. Hər bir üzv öz gələcəyi ilə maraqlanmalı, Ulu Kahinin yanına gəlməlidir. Sabahdan sən də gələcəksən.
Oğlu heç nə demədi. Atası sözünə davam etdi:
- Ananı qurban verməyimi də Ulu Kahin əvvəlcədən mənə demişdi: "Ay bədrlənən günün sabahı arvadını Müqəddəs Siriusa qurban edəcəksən". Mən Kahinin yanından çıxandan sonra elə hey bu barədə düşünməyə başladım. Əslində, özümü çoxdandır borclu hiss edirdim. Fikirləşdim ki, elə arvadımı qurban versəm, həm günahlarım bağışlanar, həm də borcumu ödəmiş olaram. Axşam səmaya baxdım. Bədrlənmiş ayı gördüm. "Gecikmək olmaz. Elə sabah bunu etməliyəm" - deyə düşündüm və ananı qurban verdim. Ulu Kahin yanılmamışdı. Ona görə tərəddüd etmə. O, gələcəyin haqqında danışanda diqqətlə qulaq as.
Növbəti gün Tayfa üzvü meşəyə getdi. Odun yığıb gətirdi. Qarlı havada sürüşkən dağa çıxmaq o qədər də asan olmadı. Amma o, komasına salamat qayıtdı. Kahinin dediyi kimi...
Qapını açanda oğlunun qanlar içərisində yerə sərildiyini gördü. Odunları yerə atıb onun yanına qaçdı. Oğlu qanlı bıçağı əlində möhkəm sıxmışdı. O, boğazını kəsmişdi.

 


... dəfə oxunub
Qiymət: 7/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+30=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0212 saniye