P.S: Real yaşanmış həyat hekayəsi...
Yaşam və yaşanmışlıqlar insanı formalaşdıran ən önəmli faktordur. Hər insanın yaşadıqları, onun necə biri olmasında mühüm rol oynayır. Mən də sizlərlə yaşadığım həyatımı paylaşıram. Ta ki, bu günümə qədər olan həyatımı…
Adım Nəzrindir. 1987 doğumluyam. Azərbaycanın bir bölgəsində doğulub böyümüşəm. Ziyalı ailədə dünyaya göz açmışam. Anam müəllimə, atam isə ali təhsilli olsa da, ixtisası üzrə işləməyən biri idi. Atam haqqında uzun danışacam. Yuxarıda dediyim kimi, bugünki həyatım, atamın mənə sunduğu yaşamdır.
Təəssüf ki, insan dünyaya gələndə yaşamını özü bəlirləyə bilmir.
...Atamla anam qohumdurlar. Mən doğulanda atam yanımızda olmayıb, Rusiyada yaşayırmış. Amma arada gəlib-gedirmiş. Anama qazancından heç vaxt heç nə verməyib, özü üçün həyatını yaşayan biri idi atam… Düşündüyü təkcə özü idi. Buna baxmayaraq, anam mənə görə atama hər şeyi keçib, həyata bu şəkildə davam edib. Anam məni təkbaşına, öz zəhməti ilə böyüdüb. Mən özümü bildim-biləli biz anamla bir otaqlı bina evində yaşayırdıq. Atam arada gələr, heç nəyimizlə maraqlanmadan gedərdi.
Yadıma gəlir ki, mənim 8yaşım vardı, atam gəlmişdi, həmişəki kimi geri qayıtdı və o getdikdən sonra rayonumuzda qaz kəsildi, 1994-95-ci illər idi, qaz olmadığına görə məcbur babamgilə köçməli olduq…
Və o zaman anam özü də bilmədən qardaşıma hamilə olduğunu öyrəndi. Babam-anamın atası, gördü ki, atamdan bizə haray yoxdur, bizim üçün ev tikməyə qərar verdi.
Atamın etdiyi hərəkətlərə, bizi birbaşımıza belə buraxdığına görə babam xəcalətli idi və bu səbəbdən mənə qarşı soyuq idi. Həmişə dayım uşaqları nəsə etsə, məni döysələr belə, babam, yenə günahı məndə görərdi, məni acılayardı. Artıq, o körpə ürəyimdə atama və eləcə də, onun ucbatından bizi xor görənlərə nifrət yaranırdı. Bu minvalla qardaşım doğuldu.
Anam həm işə, həm də evimizin tikilməyinə görə ora-bura qaçdığından qardaşımı mən saxlayırdım, mən böyüdürdüm. Yay idi, artıq, evimizi tələsik düzəldib köçdük. Çünki babamgildə qaldıqca dayımın uşaqları bizi daha çox incidirdilər, atamıza görə bizə başqa münasibətdə idilər.
Dənizə çimməyə gedirdik, suda ayağımı dartıb məni öldürmək istəyirdilər. Qardaşım beşikdə ağlayanda onu boğmağa çalışırdılar. Anam buna görə evimizə köçməyə tələsirdi. Qışda qardaşım artıq 8 aylıq idi, atam gəlmişdi, yenə dava-dalaş, laqeydlik və çıxıb getdi. Bundan sonra atamın 8 il nə öldüsünü, nə qaldısını bildik. Əmilərim və bibilərimə də o qədər ziyanlar vermişdi ki, onlar da bizdən uzaqlaşdılar. Onlar hamısı imkanlı, vəzifəli idilər, atama görə utanırdılar.
Üçümüz illəri ötürürdük - anam, mən və qardaşım… Anam işə gecikməsin deyə qardaşımı tezdən bağçaya aparırdım, ordan da özüm məktəbə gedirdim. Ata nənə-babam bizimlə heç maraqlanmırdılar. Atama görə bizimlə düşmən kəsilmişdilər. Atam hamı ilə münasibətini korlamışdı, şizofren xəstəliyinə tutulmuş kimi bir insan idi. Hami ilə dalaşır, problem yaradırdı. Bizə arxa-dayaq olan təkcə böyük dayım idi. Dayım gömrükdə inspektor vəzifəsində çalışırdı. Bizi yemək-içmək və pulla tam təmin edirdi. Onun varlığında çox əziyyət çəkmədik. Dayımın uşaqları
mənə ağzına gələni desə də, anam dayım üçün üstündən keçməyimi - cavab qaytarmamağımı söyləyirdi. Amma dayımın qayğısını da həyat bizə çox gördü. Dayım Bakıda-evində qazdan boğularaq rəhmətə getdi. Anam dayıma çox bağlı idi, onun ölümü anamı çox geri saldı, ürəyində genişlənmə yarandı…
Mən, artıq, 10-cu sinifdə oxuyurdum. Dedilər, atan rayona gəlib. Çünki nənəm can verirdi. Ölüm ayağında bizdən halalıq istəyirmiş. Anam çox qırılmışdı, getməyəcəyini dedi. 8 il sonra əmilərimlə atam məni gəlib nənəmin yanına apardılar. Nənəm
son dəfə mənə baxıb: "halal edin” dedi. Üzünə baxdım, gözümdən yaş axdı, amma bizi qapısından qovmağı, alçaltmağı, bir nənə kimi bir dəfə başımıza sığal çəkmədiyi gözümün önünə gəldi, halallıq vermədim və əbədi gözlərini yumdu…
Beləliklə, nənəmin 40-ı çıxana qədər atam qaldı. Mən də dərslərimə hazırlaşır, daha yaxşı nəticələr göstərirdim. Rus bölməsində oxuyurdum, əlaçı idim. Olimpiadalarda yüksək yer tuturdum. Şeirlər yazır, rayon qəzetində məqalələrim çap olunurdu. Məktəbi də ilin ən yaxşı şagirdi fəxri diplomu ilə bitirdim. İlk öncə hüquqşünas olmaq arzusunda idim, dayım icazə verməmişdi ki, haqqla işləsən, yox olacaqsan. Necə ki, dayımın qazdan boğulmasının ölümünə səbəb olması, adi bir hadisə kimi göstərilməsi bunun canlı sübutu idi. Sonra həkim olmağa həvəsləndim. Anam isə tək qız olduğum üçün məni uzaqlara buraxa bilməyəcəyini deyib, bu həvəsimdən döndərdi. İstəmədən
də olsa, sənədlərimi müəllimlik ixtisasına verdim. Rayonumuza yaxın bir bölgənin universitetini yazdım və elə, oraya da qəbul olundum. Riyaziyyat-informatika ixtisası üzrə təhsil alacaqdım. Anamın sevincinin həddi-hüdudu yox idi. Atam isə haqqı olmadığı halda, mənim həkim olmağımı istəmişdi, eşidəndə buna çox əsəbiləşdi.
Atam, o dərəcədə əsəbi insan idi ki, hamı onu dəli kimi tanıyırdı. Və onun qızı olduğum üçün utanırdım. Məni harda görsə, pərt edir, qardaşımı yaşıdlarının yanında alçaldırdı. Nifrət edirdik ona…
Mən artıq tələbə idim. Qrupda 22 nəfər tələbə idik. Hərəsi bir rayondan gəlmişdi. O qədər utancaq idim ki, heç kimlə işim olmazdı. Hamı gözlərimin gözəl və mənalı olduğunu deyərdi. 17 yaşım vardı, həyatımda heç vaxt sevgi haqqında düşünməmişdim. İçinə qapanıq bir qız idim, daima dərslərimi fikirləşirdim. Bir gün dedilər ki, narkotika ilə mübarizəyə qarşı tələbələr arasında diskussiya olacaq. Hər qrupdan bir nəfər seçilirdi. Bizim qrupdan mən getməli oldum.
Söhbətlər aparıldı, telefon və saatımı götürməyi unutmuşdum. Saatı bilmək istəyirdim, arxaya dönüb coğrafiya ixtisasından bir oğlandan saatı soruşdum, bu da utancaq bir oğlan idi. Saatı soruşmaqda məqsədimin onunla tanışlıq olduğunu düşünüb. Məni acılayaraq: "bilmirəm, saatım işləmir”- dedi. Bu cavaba çox əsəbiləşdim, "adam kimi cavab verə bilərdin” deyib, önə doğru çevrildim. Hər şey o gün başlamışdı, nifrətdən sevgiyə bir addım…
Ardı var...
Qələmə aldı: Aysel Abdullazadə
Müəllif hüquqları qorunur!