P.S: Real yaşanmış həyat hekayəsi...
…Mən məktəbə gedir, əvəzedici müəllimə kimi dərslərimi keçirdim. Qaynanam Şərafətlə baldızım Arzu uşaqlarıma baxırdılar. Bunu, gündə əlli dəfə başıma vurur, məni alçaldırdılar. Evə gələndə uşaqlarımı tanınmaz halda görürdüm, qaynanam öz işində olur, Arzu isə bütün gün telefonla oynayırdı, adı da mənim uşaqlarıma əziyyət çəkməkləri formasında səslənirdi. Maaşımı da alırdılar, qaynanam deyirdi ki, elə bil dayə tutmusan, ona da
haqqını verməli idin. Evi gecədən təmizləyir, səhər işə getməmişdən bütün ev işlərini görürüdüm, bununla belə, günorta evə qayıdanda səhərki təmizlikdən əsər-əlamət qalmırdı.
Baldızım-Arzunun gözəl "aktyorluq” bacarığı var idi. Hər gün evdə dava edirdi ki, mənə iş tapın, sizin nökəriniz deyiləm, evdən çıxıb işləmək istəyirəm. Halbuki, evdə çay içdiyi stəkanı belə yumaqdan uzaq idi. İxtisası müəllimə idi, buna idarədə iş tapdılar, 3-4 ay çalışandan sonra işdən çıxarıldı. Bir az da başqa işdə çalışdı, oradan da uzaqlaşdırdılar. Yay olduğundan anamgilə gəlirdim, bir az nəfəs almaq istəyirdim. Arzu boşanmamışdan əvvəl problemləri birtəhər qaynanamla ötüşdürürdüm, bu gələndən sonra anasını daha da mənə qarşı çevirməyə başladı. Məni qaynatamın gözündən salırdılar.
May ayında oğlum yuxudan oyananda istiliyi olduğunu hiss edirdim. Bunu qaynatam da təsdiqləyirdi. Kişi mənimlə həmişə həmfikir olurdu, mənim ağıllı, ağıryana təbiətim ona xoş gəlirdi. Baldızım buna da göz qoyub, atası ilə mənim münasibətimi də pozmağa çalışırdı. Qaynanama uşağın istiliyini dedim, həkimə aparmaq istəyimi bildirdim. Məni acıladı, havaların istiliyindən uşağın istiləndiyini dedi. Susub, içimə atıb ağlayırdım. İyunda anamgilə gəldik, burda oğlumun hərarəti daha da artdı. Rəngi qaralmışdı, əsmər uşaq idi, indi bənizi daha da qaralmışdı. Yeriyən uşaq artıq yerimir, ancaq qucağımda daşıyırdım.
Bir tərəfdən istilər, bir tərəfdən uşağımın belə dərdi məni əridirdi. Anamla rayonda bütün həkimləri dolaşdıq, gah dedilər qanında allergiya var, gah dedilər böyrəyində problem var. Müalicələr yazıldı, yazıq anam əlində-ovucunda olanları toplayıb həkimlərə, müalicələrə xərclədi.
Heç bir fərq olmadı, yoldaşıma xəbər edib vəziyyəti danışdım, Bakıya həkimə aparaq dedim. Nihat gəlib bizi öz rayonlarına qaytardı. Uşaqların öz həkimi vardı, onun yanına apardıq. Həkim balamı- Ömərimi uzadıb müayinə etdi və dönüb üzümüzə baxaraq: "bu uşaq ölür, siz hələ yatmısınız” –dedi. Dünya başıma firlandı, artıq həkimin nə dediyini duymurdum. Həkim yoldaşıma, dərhal göndəriş alıb, Bakıya xəstəxanaya getməyimizi söylədi. Göndəriş alıb, Bakıya yola düşdük. Bakıdakı xəstəxanada xalam qızı və xalam oğlu cərrah idilər. Onlara zəng etdim,
vəziyyəti anlatdım. Çatan kimi uşağı reanimasiyaya aldılar, analizləri götürüldü. Analiz cavabları çıxana qədər rayondakı həkim zəng etdi ki, ya qan xəstəliyidir, ya brusellyozdur. Dua edin ki, brusellyoz olsun, qan xəstəliyi olsa uşaq yaşamaz dedi…
Həkimlər xəstəxanada qalmağımızı söylədilər. Bunu eşidən qaynanam pulumuz yoxdur deyib narazılıq etdi. Dövlət xəstəxanası idi, heç nəyə məhəl qoymadan tək balamı düşünürdüm. Bir həftə sonra analiz cavabları çıxdı, brusellyoz xəstəliyi olduğu aşkarlandı. Ağartı məhsullarından mikrob keçibmiş. Balamın orqanlarında şişmə gedirmiş, gec gəldiyimizə görə həkim bizi məzəmmət edirdi. Balamın sağalacağını soruşanda mənə yaxşı olacaq deyib, arxamı çevirəndə uşaq yaşamaz dediklərini duyurdum. Bütün orqanlarında böyümə gedirdi. Tək Allaha sığındım, bu günə qədər tək dayağım O olmuşdu, yenə olacaqdı, mənə bala dağı çəkdirməzdi Allahım…
Aylarla xəstəxanada yatıq oğlumla. Bir yerə gedə bilmirdim, çimməyə şərait yox idi, natəmizlikdən dərimdə xəstəliklər yaranmışdı, çirkdən saçlarım kökündən qopub tökülürdü. Heç nə vecimə deyildi, bir tək balamın sağalmağını gözləyirdim. Oğlumun həkiminə ölənə qədər minnətdar olacaqdım, balama çox diqqətli yanaşırdı, müalicədə irəliləyiş vardı. Orqanların şişkinliyi çəkilir,
yığılırdı. Bizə dayımgil yemək göndərir, xalamoğlu gətirirdi. Anam da rayondan hər şey yollayırdı. Qaynanamla danışanda bir dəfə yemək göndərməyini dilimlə istədim. Yoldaşımgilin qohumlarından heç kim gəlmədi yanımıza, bir tək Bakıda yaşayan əmisi qızı vardı, o yoldaşı ilə gəlmişdi. Axşam görüş saatlarında bütün xəstələrin yanına qohumları gəlir, biz isə oğlumla bir-birimizə baxırdıq.
İki ay müddətində yoldaşım bir dəfə gəldi. Əliboş, heç nə gətirmədən gəlib uşağa baxıb məni də acılayıb getdi. Avqustda xəstəxanadan çıxdıq. Həkim uşağa qarşı çox diqqətli olmağımı söylədi, payızda yenidən müayinə üçün gəlməyimizi bildirdi. Rayona-evə gəldik, ev-eşikdə sanki adam yaşamayıb. İlahi, iki qadın olan ev necə bu gündə ola bilərdi? Uşağı divanda oturtdum,
iş görməyə başladım. Ömər divandan yıxıldı, nəfəsi kəsildi, o qədər qışqırdım ki, səsim tutulmuşdu. Üzünə su səpməyə başladım, özünə gəlib yediklərini qaytardı.
Həkimə aparmağa qoymadılar, oğlum düzəlsə də, bir gün bunun fəsadının olacağı ağlımdan çıxmırdı...
Ardı var...
Qələmə aldı: Aysel Abdullazadə
Müəllif hüquqları qorunur!