P.S: Real yaşanmış həyat hekayəsi...
…Baldızımla arasında münasibət olduğu iddia edilən bu oğlanın bir qızı vardı, çox şorgöz adam idi. Danışılanlara fikir vermirdim, nəyimə lazım deyə fikirləşib hamıdan yan keçirdim. Bir gün bu oğlanın bizimlə birlikdə işləyən yoldaşı yanıma gəldi, ağlayaraq danışmağa başladı. Arzunun əri ilə görüşdüyünü, danışdığını dedi. İnanmadım, bəlkə yanılırsan, ola bilməz dedim. Arzuya da, qadının mənə dediklərini deyib ölçü götürməsini söylədim. Yaxşı hal deyildi. Arzu bütün bu dediklərimi həmin gəlinin ərinə deyib,
gücü yoldaşına çatan "qeyrətli” əri də, arvadını ölümünə döymüş, qabırğasını sındırmışdı. Bu oğlanın narkotik aludəçisi olduğunu öyrəndim, Arzuya da uzaq durmağını bildirdim.
Bir müddət sonra gəlin yenə yanıma gəldi ki, gecələr gec saatlara qədər danışırlar, inanmıram deyəndə isə, baldızımın saatlarla danışılan nömrələrinin siyahısını göstərdi. Arzunu oğlana qarşı duyuq saldığım üçün bu oğlan mənə düşmən kəsildi. Məktəbdə lazım olan yazılarımı həmişə komputerdə yazırdı, bu söhbətdən sonra artıq imtina edirdi.
Ayın 15-də doğum günüm idi, 14-ü günü evdə bu söhbət açıldı, baldızım məni borclu çıxartdı. Bunun şərdən başqa bir şey olmadığını dedi. Mən də əsəbiləşdim ki, mənim burda heç kimim yoxdu, bu işlədiyim üçüncü kollektivdir, niyə mənim adıma bir söz
çıxmır, heç kimlə artıq bir söz-söhbətim yaranmır? Bunu eşidən qaynatam üstümə hücum çəkdi, "qancıq, qızımı şərləyən sənsən”-deyib, mənə şillə vurdu.
Hirsimdən sadəcə ağlaya bildim, kimsəsiz olmağımı mənə o şillə daha çox dərk elətdirdi. Mənim də arxamda ata nəfəsi, ata şəfqəti olsaydı, heç kim qorxusundan mənə əl qaldırmaz, söyməzdi. Ərim yanıma gəlib atasının ərk eləyib məni vurduğunu dedi. Bununla lap odlandım, ona "sən ər kimi mənim arxamda durmadın, atanı da heç vaxt bağışlamayacam, o, qızının pozğunluğuna
görə mənə sus payı etdi” - dedim. Səhərədək yata bilmədim, səhəri diri gözlə açdım. Özümü öldürmək istədim, balalarım gözümün qarşısında dayandı. İşə getməyə halım yox idi, amma gedib o şərəfsiz oğlanı məhv edəcəkdim, ondan hesab soracaqdım. Bir güclə qalxıb məktəbə getdim, elə halda idim ki, hamı niyə beləsən deyə soruşurdu.
O alçağı gözləyirdim, daha susmayacaqdım, əsəbdən boğulurdum. Müəllimlər otağına gəldi, buna "sən haçan kişi olacaqsan?” deyəndə çevrilib mənə baxdı. Baldızımı belə sevirsənsə boynuna al, sevmirsənsə, mənim həyatımı qaraldıb ailəmə söz-söhbət salma! Mənə dedi ki, hər şeyi sən özün qabartdın. Sənin həyatını məhv etmək mənə borc olsun. Mən isə, "əlindən gələni ardına qoyma” deyəndə bu qışqırmağa başladı. Özümü idarə eləyə bilməyib əlimin altındakı stulu bunun başına
fırlatdım, az qala beyni deşiləcəkdi, məni zorla saxlayıb
sakitləşdirdilər. Bir az sonra gəlib üzr istədi və səninlə heç vaxt işim olmayıb dedi.
Bu halda dərsimi necə keçəcəyimi bilmirdim. Doğum günümü belə qarşılamışdım, şagirdlərimin sevgisi ilə yenə ruhlandım. Onlar ad günüm olduğunu bilib mənə sürpriz hazırlamışdılar, şəkillər çəkdirdik. Başıma gül ləçəkləri səpdilər. Onların sevgisini, diqqətini görüb sevinmişdim. Heç vaxt ailəmdən bu günümdə quru təbrik belə almamışdım. Evə gələndə uşaqları da hazırlayıb anamgilə getməyi qərara aldım. Dözə bilmirdim daha, üstümə hər cür ad qoymuşdunuz, bircə pozğun olmağımı deməyiniz qalmışdı. Onu da dediniz. Getmək qərarımı görəndə Nihat əl-ayağa düşdü, bacısı boşanmışdı, mən də boşansam hamı bunların özündə bir
problem olduğuna şübhə etməyəcəkdi. Qərarlı olduğumu görəndə Nihat anama zəng elədi, anam yenə söhbətin nə yerdə olduğunu anlayıb Nihatı danlamağa başladı.
Bütün bunlara Nihatın özünün səbəb olduğunu, qızına ər olmadığını söylədi. Nihat da donub qalmışdı. Mənə yalvarmağa başladı, uşaqlarım qorxub ağlayır, yenə Nihatın məni döyəcəyini zənn edirdilər. Məsafə çox uzaq, əlimdə isə beş qəpiyim yox idi. Hirsli başla getmək istəsəm də, yenə taleyimə boyun əydim. Baldızımla qaynatamı isə Allaha həvalə etdim ki, haqqı nahaqdan ayıran O’dur.
Həmin gün evdə uşaqlar susmadılar, bütün gün ağladılar. Qaynanam isə o tərəf- bu tərəfə keçib öz aləmində sakitlik yaradırdı. Arzu boşanandan anasının əsəbləri pozulmuşdu, yuxusunda narahatlıqlar vardı. Onun güclü narkotik tərkibli sakitləşdirici dərmanları vardı. Mən qoşulub qaçanda Nihata "bir Allaha, bir də sənə sığınıram, sən mənim nəinki ərim, həm atam-anam, qardaşım olacaqsan” demişdim. Amma Nihat mənə heç vaxt arxa-dayaq olmadı. Daima ayaqlar altına atdı, məni
arvadı kimi müdafiə etmədi. Başqalarına baxıb qibtə edirdim.
Həmin gecə Arzu anasının beynini doldurmuşdu, mənim, kiminləsə onun qeybətimi etdiyimi söyləmişdi. Anasına qızının sözü qanun idi. Arvad mənə qışqırmağa başladı, ağzına gələni deyib şər atdı. Artıq cana doymuşdum. Gecə yarısı qaynanamın sakitləşdirici dərmanlarından hamısını ovucuma töküb, uşaqlarımı öpüb həbləri birnəfəsə içdim...
Ardı var...
Qələmə aldı: Aysel Abdullazadə
Müəllif hüquqları qorunur!