"İdeya - müasir dövrün yeni pulqazanma metodu kimi"
Vüsal Məmmədzadə tərəfindən "Digər yazılar" bolməsinə 03:33 16 aprel 2012 tarixində əlavə olunmuşdur

İdeya – ağıla gələn fikir. Bu fikir hansısa bir hadisə, yaxud yeni yazmaq istədiyin bir yazı haqqında ola bilər. Ümumiyytlə, bir işin başlanğıcı ideyadır. Əvvəl görəcəyin işin planını qurmaq lazımdır. Amma plandan da qabaq ideya var.

   Müasir dövrdə ideya özünün iqtisadi sahəsini formalaşdırmaqdadır. Bu özünü müxtəlif cür göstərir. Biz televiziya mühitində olan bəzi məqamlara nəzər yetirək:

   Müasir istəklərə uyğun proqramların hazırlanması. Artıq cəmiyyət qeyri-adi, indiyə kimi görmədiyi bir şey istəyir. Çünki uzun illər boyu həyata keçirilən layihələr insanları yorub. Televiziya sahəsinin inkişaf etdiyi ABŞ və Avropada buna xüsusi diqqət yetirilir. Reytinqin araşdırılması ilə məşğul olan şirkətlər auditoriyanın istəklərini telekanalların aidiyyəti şöbələrinə çatdırırlar.  Bəs müasir televiziya izləyicisi nə istəyir?

   XXI əsrin əvvəllərində telekanalların reytinqli verilişləri şou biznesdən bəhs edən qalmaqallı proqramlar idi. Lakin çox keçmədən bu cür layihələr ya formasını dəyişdi, ya da məhv oldu. Qeyd etdik ki, bəzi verilişlərdə forma dəyişiklikləri oldu. Ümumiyyətlə, bir teleproqramın ömrü çox olmur. Ancaq onu uzunömürlü etmək mümkündür. Bunun üçün yeni ideyalar lazımdır. Həmin layihədə müasir tələblərə uyğun, auditoriyanın istədiyi bir neçə detalı əlavə edərək və istənilməyən məqamları ixtisar etməklə yaxşı nəticəyə nail olmaq mümkündür. Bu cür hallar daha çox intellektual verilişlərdə özünü göstərdi. Dünyaca məşhur “Milyonçu – “Milyonçu olmaq istərdinmi?”” telelayihəsi bu günə qədər yaşamaqdadır. Əsas ideya saxlanılmaqla bəzi dəyişikliklər edilən proqram bu gün də ən reytinqli verilişlər sırasındadır.

  İdeya necə pul qazandırır? “Milyonçu”, “Britain`s got talent” və s. bu kimi dünyaca məşhur bir neçə telelayihə var ki, onlar ideya müəllifinə külli miqdarda pul qazandırmaqdadır. Deməli,  iqtisadi məqam ortaya çıxır. İdeya müəllifi hazırladığı layihəni satmaqla pul qazana bilir. Bunu bir neçə cür etmək mümkündür:

1.      Xüsusi insanlar var ki, onların işi yalnız müəyyən məsələ ilə, o cümlədən, teleproqramlarla bağlı fikirlər irəli sürməkdir. Onlar ideyaları ilə mövcud layihədə dəyişikliklər edir, ya da sifarişlə müəyyən olunmuş kontekstdə yeni layihə hazırlayırlar;

2.      İdeya ilə məşğul olan xüsusi şirkətlər mövcuddur. Bu şirkətlərdə reytinq araşdıran, auditoriyanın istəyini öyrənən, PR`la məşğul olan və layihə hazırlayan mütəxəssislər var. Şirkət yeni ideya irəli sürür, layihəni hazırlayır və lazımi strukturlara, o cümlədən, telekanallara təklif edir. Bu cür telelayihələr böyük məbləğ hesabına alınır.

   Göründüyü kimi ideya ilə müəllif, yaxud şirkət külli miqdarda qazanc əldə edir.

   Bəzən, bir mövcud ideyanın oğurlanması halları baş verir ki, bu da ən çox özünü televiziyada göstərir. Lisenziya hüququ böyük məbləğ tələb etdiyindən, istədiyi verilişi yayımlamaq üçün telekanal başqa üsullara əl atır: layihənin adı dəyişdirilir, verilişin çəkiliş studiyası tamam fərqli olur, proqramın ssenarisində dəyişikliklər edilir. Təcrübəli teleizləyici bu proqramı başqa televiziya kanalında görübsə, oğurlanan elementləri dərhal sezəcək. Bu xoşagəlməz halılardır və çox vaxt istənilən effekti vermir. Bəzən isə, məhkəməyə gətirib çıxarır. Bunların baş verməməsi üçün layihənin lisenziya hüququnu alıb, verilişi olduğu kimi təqdim etmək daha yaxşı olar. Lisenziya hüququnun satılması isə sonda ideya müəllifinə qazanc gətirir. Deməli, yaxşı ideyan varsa, sən varlana bilərsən.

   Müasir dövrdə milli televiziya kanallarımızda ideya qıtlığı nəzərə çarpmaqdadır. Müstəqil şəkildə hazırlanan layihələri, demək olar ki, görmək olmur. Həmçinin, maraqlı tendensiya da özünü göstərir: xarici telelayihələr Azərbaycan kanallarına türk və ya rus telekanallarında təqdim olunandan sonra gəlir. Bunu onunla izah etmək olar ki, bizə daha yaxın olan və televiziya sahəsində yetərincə inkişaf eləmiş bu iki dövlətin teleproqramları azərbaycanlılar tərəfindən izlənilir. Amma digər ölkələrin telekanallarına o qədər də baxılmır. Halbuki, həmin telelayihələri daha tez təqdim etmək mümkün olsa, bu daha effektli olar, proqramlar daha çox reytinq toplayar. Məsələn, Türkiyə televiziyasında gedən və müəllifi İngilis Telekanalı olan hansısa bir layihə azərbaycanlı izləyicidə maraq oyadıbsa, o, bu proqram Azərbaycan televiziyasında təqdim olunanda da türk televiziyasını izləməkdə davam edəcək.

   Bütün bunları bir kənara qoyub, bir daha qeyd etmək olar ki, yeni ideyalara ehtiyac var: bir çox sahələrdə olduğu kimi, televiziya sahəsində də. Həmin ideya bir insanın həyatını dəyişəcək qədər effektli ola bilər. Bu cür effekti isə insanların istəyini öyrənərək müəyyən etmək mümkündür.


... dəfə oxunub
Qiymət: 6/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+20=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0322 saniye