Deyəsən,qonşudan gələn səs olmuşdu buna səbəb,bilmirəm. Hər nə idisə məni yuxudan oyatmaq üçün kifayət edəcək qədər yüksək bir səs gəlmişdi hardansa. Yenidən qıvrılıb yastığımı qucaqladım. Yuxumu tapa bilmədim otağın qaranlığında,bəlkə də yatandan sonra harasa atmışdım,bilmirəm. Yastığım da susmuşdu,o da yorulmuşdu nənni oxumaqdan,indi özü də yatırdı. Tərpədib oyatmaq istəmədim,qalxıb yatağımda oturdum. Nə gözəl olardı yatağımın bir az daha enli olması,ən azından iki nəfər yata biləcək qədər. Digər yanımda indi qadınım yatmış olardı. Onsuz da oyanmışam, əsil yatmış gözəlin hüsnünü seyr etmək məqamıdır,əsil. Nəysə,bu xəyalın axırı yaxşı yerə getmir deyə gecənin bu hissəsini düşüncələrimə abort etdirdim. Durub bir siqaret yandırıb evdən çıxdım. Evin qapısını mümkün qədər səsi çıxmaması üçün yavaş örtdüm. Yastıq yatırdı,axı. Harasa getdiyimi duyub,narahat olmasın.
Göy guruldayır,yağış yağırdı.Tanrını da kimsə oyatmışdı,deyəsən.Deyinə-deyinə əl-üzünü yuyurdu.Səkinin qırağında əl-üz suları özləri üçün kiçik çayca yaratmışdılar,axırdılar üzü aşağı.Səkinin üstündə boynu bükük şəkildə,yazıq-yazıq dayanan kimsəsiz küçə işıqları əl-üz sularının yolunu aydınladırdı.Əl-üz sularının gecə simfoniyası müşayiətində irəliləməyə başladım küçənin yuxarısına doğru. Əl-üz suları da yuxarıdan üzü aşağı axırdı,axı. Əl-sularının mənbəsini tapa bilərdim,bəlkə də. Tanrıya çatmağın ən asan yolu idi,bu. Sadəcə əl-üz sularının yaratdığı çaycanın əksinə doğru gedəcəkdim. Bütün evlərin işıqları sönlü idi. Ev işıqlarının,əlbəttə,küçə işıqlarından fərqi olmalıdır. Onların valideyn kimi sahibləri var. Müəyyən rejimlə oyanırlar,yatırlar. Yaşlandıqlarında təqaüdə çıxırlar,cavanlar onları əvəz edir. Küçə işıqları isə elə deyil. Ölənədək oyaq qalırlar,öləndən sonra da uzun müddət əvəzçiləri tapılmır. Heç kim də bir dəfə təşəkkür etməz onlara. Kim bəyənib,təqdir edər ki?! Adı üstündə-küçə işığı. Yaxşı işıq olsaydı küçə işığı olmazdı,deyil mi?! Ayaqları toz,palçıq ləkələri ilə doludur. Bəlkə də Tanrı onları yumaq üçün əl-üzünü yuyur,nə bilmək olar. Küçəlilərin Tanrıdan başqa heç kimi,heç nəyi olmur,axı. Fəqət,küçəlilər təmizliyi də sevmir,axı. Onlar həyatı sevirlər,həyatın ən sadiqliləridir. Həyatın onların üzərində toxuduğu naxışları sahiblənirlər,qoruyurlar,bəsləyirlər,böyüdürlər və s. Özləri yaşamadığı hisləri o naxışlara yaşadırlar. Axı,küçəlilər sahiblənilmirlər,qorunmurlar,bəslənilmirlər,böyüdülmürlər. Küçəlilər doğularkən böyük doğulurlar. Hamısı özlərinə eyni təxəllüs götürür-küçəli. Sadiqlik rəmzidirlər,deyil mi?! Mən yatağımın bir az daha geniş olmasını arzulayarkən,onlar doğulandan ölənə qədər kiçicik yerlərinə sahiblənirlər,qoruyurlar,bəsləyirlər. Beləcə özləri yaşamadıqlarını yaşadırlar öz yerlərinə. Qəribədir,deyil mi?! Yaşamadığını yaşatmaq. Müəllim bilmədiyi dərsi necə izah edə bilər ki?! Küçəlilər edirlər,amma. Tanrı da belədir. Özü insan kimi yaşamasa da insanı yaşadır. Necə də bənzəyirlər küçəlilər ilə Tanrı,deyil mi?! Bu qədər bənzərlik eynilik olmasın?! Bəlkə də elə Tanrı küçəlilərdir,deyil mi?!