"O bizə lazımdır, anasına oğul, balalarına ata kimi!" - MƏKTUB
Aysel Abdullazadə tərəfindən "Esse" bolməsinə 16:34 02 dekabr 2015 tarixində əlavə olunmuşdur

Bu xəbəri yazmaqda məqsədim sadəcə sizlərlə durumumu bölüşməkdi. Doğrudan da düz deyirlər ki, tanımadığın adamlarla bölüşmək, paylaşmaq asan olur.

Nənəm rəhmətə gedəndən sonra sanki dünyam yıxılmışdı. Bir allah bilir ki, mən nələr yaşadım, nələrdən keçdim. Dörd ildir ki, qaynanamla bir yerdə yaşayıram. Başqa çarəm yoxdu. Onun Bakıda oğlundan və bizdən başqa kimsəsi yoxdu. Heç olsa belə, kimsənin ocağına sığınmağı bacaracaq bir insan deyil.

İtirdiklərimlə barışmasam da, hardasa həyatımızda təlatümlü yaşantılarımıza son qoymağa çalışıb, sakit bir dönəmə gəlmişdik. Qaynanamın qəfil ortaya çıxan xəstəliyi yenə aləmi qatdı-qarışdırdı. O, (uşaqlarımın atası) evimizə gəlib-getməyə başladı. Anasının bütün müalicə xərclərini qarşılaması əlimi-qolumu bağladı.

Əslində, onun və arvadının evimizə gəlib getməsi məndən başqa heç kimi narahat etmirdi. Bayramlarda, uşaqların ad günlərində belə lazımmış kimi gəlirlər, etdikləri bazarlıqları öz evlərindəymiş kimi yerbəyer edirlər. Uşaqlara və qaynanama xatir heç nə deyə bilmirəm. Bişirirəm, özüm yeməsəm də deyə-gülə yeyib – içirlər. Bəzən özümü bu evdə qulluqçu kimi hiss edirəm.

Çox fikirləşirəm, son vaxtlar isə onun münasibətində dilimə gətirməyə ürpəndiyim bir ilıqlıq, mehribanlıq hiss etməyə başlamışam. Hər şeydə sanki mənimlə məsləhətləşməyə, hesablaşmağa çalışır. Göz görəsi onun bu hərəkətləri, münasibəti arvadının da ürəyincədi, hiss edirəm. Onu da deyim ki, Arzu xanımın (uşaqlarımın atasının həyat yoldaşı) mənə münasibəti əvvəldən pis olmayıb. Ən azından bu illərdə ürəyimin dərinliklərində ona qarşı minnətdarlıq hissi olub, indi də var. Onun yanında olduğu üçün...
Həm də anam yaşında olan bu qadından heç vaxt pislik görməmişəm.

Ona qarşı həmişə nifrət və iyrənməyə bənzər hisslərim olub... Amma indi hiss edirəm ki, ona qarşı tamam hissizləmişəm. Yoxdu artıq, o nifrət də, o nifrətdən doğan əsəb, sarsıntı da...

Yox, məni düz başa düşün, sanki öyrəşirəm ona, evimin hər hansı bir əşyasına öyrəşdiyim kimi... Görəndə əsəbiləşmirəm. Hətta söhbət də edə bilirəm.

Oğlumun dərslərinə kömək edir, ən azından bu məsuliyyətini dərk edir. Üzdə bildirməsəm də, ürəyimin dərinliyində bu məni sevindirməyə bilmir. Uşaqlarımın üzündə, gözlərində bir inam var, tamlıq var. Və mən bunları görürəm, onları bu hisslərindən məhrum edə bilmirəm. Məncə heç etməyin də mənası yoxdur.
Rəhmətli nənəm həmişə deyərdi ki, dırnağı ətdən ayırmaq çox ağrılı olur.
Mən bu ağrını balalarıma yaşatmaq istəmirəm. İstəsəm də gücüm çatmaz daha.

Çünki o bizə lazımdı, anasına oğul kimi, balalarıma ata kimi!

Sizlər necə fikirləşirsiniz?


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+14=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0253 saniye