"Ölmüş həyat eşqi"
Günel Qasımova tərəfindən "Digər yazılar" bolməsinə 19:37 07 aprel 2012 tarixində əlavə olunmuşdur

Sual verə bilərsiniz ki, niyə məhz ölmüş həyat eşqi? Ona görə ki, mənim və mənim kimilərinin həyatı dünyaya gəldiyimiz andan ölüb. Daha doğrusu ata-anamızın ( onlar kimilərinə ata- ana demək olarsa təbii ki) bizi atdığı gündən ölüb.

14 yaşım var və bu yaşıma qədər çox düşünmüşəm və elə indi də düşünürəm “niyə məhz mən?” ancaq tapa bilməmişəm və bilməyəcəm də. Çoxları düşünür ki, Allah hər şeyi insanın ürəyinə görə verir. Məncə bu belə deyil. Belə olsaydı mən burda olmazdım.  Başqa uşaqlar kimi evimizdə- (atamın- anamın) yanında olardım. Burda çox çətindi. Uşaqlar burda olanları unutmaq üçün çox yola əl atırlar. Axırda olan da özlərinə olur.

Ailəsi olan uşaqlar böyüyəndə hansı sənətlə məşğul olacaqlarını, gələcək ailə həyatlarını düşünürlər, biz bunları heç xəyal da edə bilmirik. Onsuzda reallaşmayacaq. Boş arzulardan nə çıxar ki? Əksəriyyətimizin burdan çıxıb gedəcəyi yerdə, məşğul olacağı sənətdə bəllidir. Artıq sözə gərək yoxdur. Məhz buna görə də gələcək haqda düşünmürəm. Hamıya və hər şeyə, insanlara onların sevgilərinə də nifrət edirəm. Gəlirlər bizə yemək, paltar alırlar, oxuyub- oynayıb gedirlər. Bilmirlər ki, onlar gedəndən sonra burda nələr baş verir. Gətirib öz paltarlarını bizə verirlər. Əksəriyyətimiz isə götürmək bir yana qalsın heç üzlərinə belə baxmırıq. Ona görə yox ki, xoşumuza gəlmir, sadəcə olaraq bilirik ki, o gedəndən sonra onsuzda bizi döyə-döyə əlimizdən alacaqlar. Hər şey yenə də əvvəlki kimi qalacaq.

Bəzən isə ağlıma gəlir ki, insanlar tənə ilə, kinayə ilə öz əşyalarını gətirib bizə verirlər. Ona görə də bir anlıq nifrət yaranır qəlbimdə. Ancaq içimdən o nifrəti tez qovub çıxarmağa çalışıram. Deyirəm  elə deyil bu insanlar bizi özlərinə yaxın bildikləri üçün bura gəliblər.  Bəzilərinin yaxınları nə vaxtsa burda olub,  bəlkə indi də var bilmək olmaz.

Çox zaman düşünürəm ki, ailəmlə, yaxınlarımla yaşasaydım onlardan eşitmək istədiyim ilk sual nə olardı? Həmişə də bu nəticəyə gəlirəm ki, “Atanı çox sevirsən yoxsa ananı?” sonra isə “Böyüyəndə kim olacaqsan?”  Bunları düşünəndə özüm- özümə nifrət edirəm, bu ölmüş həyatım qarşısında, mənim ata- ana deməyimə layiq olmayan insanlar qarşısında özümü aciz hiss edirəm...

 


... dəfə oxunub
Qiymət: 6/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
6+30=
Hesaba giriş
Müəllif

Günel Qasımova
Haqqında
Bakı Slavyan Universitetində jurnalist təhsili alıram. Yazmağa və bədii ədəbiyyata  həvəsim böyükdür. Problemlərdən yazmağa üstünlük verirəm.
Əlaqə
E-mail:
guney008@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0236 saniye