Bir kənd var idi. Ucqar kənd idi bu kənd. Əhalisi də az idi. Kənd elə bir yerdə yerləşirdi ki, kənar adamların yolu təsadüf hallarda buradan düşürdü. Kənd əhalisi əkinçilik və maldarlıqla başını saxlayırdı. Oxumuş insana da rast gəlmək mümkün deyildi. Çünki bu kənddə məktəb yox idi. Hamı savadsız idi.
Kəndin girişində bir palıd ağacı var idi. Yaşı 50-60 olardı. Hər halda, kəndin ağsaqqalı Əhməd kişi belə deyirdi. O qeyd edirdi ki, hərbi xidmətə yollananmamışdan bir il əvvəl bu ağac bura əkilib. Amma ağacın ömrü uzun olmayıb. Təxminən on il bundan əvvəl quruyub. Ağacın quruma səbəbləri bilinmir, amma bir şey məlumdur ki, quruyandan sonra bu, eləcə də, qonşu kəndlərin əhalisini özünə cəlb edə bilib. Dərdi olan hamı bu ağaca pənah gətirib.
Qurumuş palıdın pirə çevrilməsinin maraqlı bir tarixçəsi var: Günlərin bir günü 3-4 kənd adamı qonşu kəndə gedərkən gözləri palıd ağacına, daha doğrusu, bu ağaca bağlanmış qırmızı rəngli bir parçaya sataşır. Kəndlilər başlayırlar fikir yürütməyə: "Bu Allahdan bir nişanədir. Bu parçanı Allah bura bağlayıb və bizə nişan verir ki, bu ağacdan kömək diləyə bilərik". O biri kəndlilər də bu fikrə dəstək verib: "Düz deyirsən, bu ağac müqəddəsdir. Yoxsa, kim bu ağaca parça bağlayardı ki... Mən hələ eşitmişəm ki, bizim qonşu kənddə də belə bir ağac var. Camaat oranı ziyarət edir. Şikəstlərin ayağı, korların gözləri açılır ziyarətdən sonra. Yəqin, bu ağac da elədir. Allah bizi sevib, bu ağacı bizə bəxş edib. Gərək, kəndə bu xəbəri çatdıraq"-dedi.
Kəndlilər həmin günün axşamı bütün kənd əhlini meydanda toplaya bildilər. Pir haqqında camaata məlumat verdilər. Hamı səhəri gözlədi. Sübh tezdən, xoruzlar banlamamış kəndin ağsaqqal və ağbirçəkləri getdilər piri, yəni qurumuş palıd ağacını ziyarətə. Ağaca bağlanmış qırmızı parçanı görəndə əmin oldular ki, həqiqətən də bu ağac müqəddəsdir. Nə isə... Xəbər yayıldı qonşu kəndlərə. Təkcə bu kəndin əhalisi deyil, qonşu kəndin əhalisi də bu ağacı ziyarətə gəldilər. Gələnlərin hamısı özü ilə qırmızı yaylıq və ya elə həmin rəngdə olan parça gətirir, ağaca bağlayırdılar. Arzularını diləyir, dərdlərinə çarə axtarırdılar. Hələ bəziləri özü ilə qurbanlıq qoyun gətirir və ağacın altında kəsirdilər. Bu cür üç ay keçdi. Ağac qırmızı parçalarla bəzədildi. Karlar, korlar bu piri ziyarət etdilər ki, bəlkə, qüsurları düzələ. Amma nə fayda... Deyəsən, kənd əhalisini sevmirdi pir. Elə qonşu kəndlərinkini də, onu ziyarətə gələn heç kimə pirin yazığı gəlmirdi. Çünki heç kim arzusuna çata bilməmişdi bu üç ayda. Xərclədikləri pulların qarşılığını görməyən əhali: "yəqin, belə məsləhət imiş. Ona görə müqəddəs pir arzumuzu yerinə yetirmədi"-deyirdi. Amma insanlar piri ziyarət etməkdə davam edirdilər.
Məhsul vaxtı yetişdi. Heç kim sahəsindən istədiyi məhsulu əldə edə bilmədi. Torpağa qulluq etmək əvəzinə, gününü pirdə keçirən kəndlilərə torpağın qəzəbi tutdu.
Bir ay da keçdi... Şəhərdən qonaqlar gəlmişdi kəndə. Hiss olunurdu ki, yüksək təbəqənin insanlarıdır. Kəndə girhagirdə qonaqlar maşınlarını saxladılar və düşüb palıd ağacını, yəni piri seyr etməyə başladılar. Və birdən hamısı güldü. Qara kostyumlu kişilərdən biri yanındakına dedi: "-bu nədi, ay Arif. Biz sənə demişdik ki, bir qırmızı parça bağlayarsan. Maşallah, sən bütün ağacı qızartmısan ki...". Arif də mat qalmış halda, onun bu sözlərini cavablandırdı: " Mən eləməmişəm bunu. Ağacın yuxarısından bir nişan kimi qırmızı parça bağlamışdım". Qonaqlar bu vəziyyətdə kəndə girdilər. Kənddə onları mehriban qarşıladılar. Əhali möhtərəm qonaqlarından gəlmə səbəblərini soruşdular. Onlar da cavabında bildirdilər:
- Biz şəhərdən gəlirik. Şəhərə yeni çəkiləcək yolun lahiyəsini işləyirik. Bu lahiyəyə görə yolun keçəcəyi yerləri gəzib, ərazilərlə tanış oluruq. Təəssüf ki, bəzi evlər, bəzi bağlar, elə sizin kəndin girişindəki qurumuş palıd ağacı da bizim lahiyənin qurbanları olacaq. Biz onları məhv etməliyik. Evləri uçurulanlara kompensasiya ödniləcək. Amma sizin ağacınıza, yəqin ki, heç nə ödənilməyəcək.
Kəndlilər məəttəl halda qonaqların sözlərini bitirməsini gözləyirdilər. Onlar danışıb qurtaran kimi kəndin qabaqda gələnləri sözə başladılar:
- siz nə deyirsiniz?! Heç bilirsiniz, o ağac sizin başınıza nə oyun açar?! Müqəddəsdir e, o...
- Bizim əməkdaşımız lahiyə üzrə bu əraziləri gəzərkən, təxminən, 3-4 ay bundan əvvəl qurumuş palıdı da nişanlayıb. Sizin o ağacınız bizim yolun keçməli olduğu yerdə yerləşir. Ona görə, bağışlayın, amma biz onu kəsəcəyik. Onsuz da quruyub. Heç kimə bir xeyri yoxdur.
Uzun çəkən söhbətdən sonra kəndlilər başa düşdülər ki, 3-4 ay bundan əvvəl ziyarətgaha çevirdikləri palıdın başına qırmızı parçanı şəhərdən gəlmiş yol çəkən bir işçi bağlayıb.
Bir həftədən sonra şəhərdən gətirilən texnika vasitəsilə pir, və ya başqa adı ilə qurumuş palıd ağacı kəsildi. Onu ziyarətə gələn insanlar qurumuş ağacdan kömək gözləyirdilər. Amma bu ağac nəinki onlara, heç özünə də kömək edə bilmədi.