"QƏLƏMİN MÜQƏDDƏS BORCU YAZMAQDIR"
Rizvan Fikrətoğlu tərəfindən "Elmi məqalə" bolməsinə 21:25 23 noyabr 2016 tarixində əlavə olunmuşdur

Allah sənə rəhmət eləsin, Böyük Mirzə. Necə də doğru demisən : “Qələmin müqəddəs borcu yazmaqdır”.

Gerçəkdən də qələmin ən vacib və müqəddəs borcu yazmaq, doğrunu göstərmək, həqiqəti üzə çıxarmaq, qaranlığa işıq saçmaqdır... Maddi dəyəri ucuz, lakin mənəvi dəyəri ölçülərə sığmayan, fikirləri ağ kağıza tökən qələm hər şeyə qadirdir.

“Azad söz!”. Necə də gözəl, səlis səslənir. Bəs nədir azad söz?! Azad söz – fikirlərini çəkinmədən, qorxmadan həqiqətlərə əsaslanaraq, doğru-düzgün söyləməkdir. Azad söz böhtandan, qarayaxmadan, şərləməkdən... uzaq olmalıdır. Ona qarşı gəlmək, istər dolayı, istərsə də birbaşa azad sözün qarşısını almaq üçün senzura tətbiq etmək həqiqəti qıfıllamaq, yalana, böhtana, riyakarlığa... göz yummaqdır. Azad sözü boğmaq beşikdə yatan körpəni boğmaqdan daha təsirli, daha qəddardır. Deməli, ən böyük qatil azad sözü boğanlardır. Azad sözün qarşısını alanda, ona sərhəd çəkəndə  Cəlillər məzarlarında sakit yata bilmir, Mirzələr narahat olur.

Hər kəs qələm sahibi deyil. Ola da bilməz. Bu qeyri-mümkündür. Mənim fikirimcə, bu insanlar seçilmişlərdir. Sanki Ulu Yaradan bu insanları ədaləti bərpa etmək üçün yer üzərinə göndərib. Ona görə bunları sayı da azdır.

Qələm sahibləri xalqın demək istədiklərini, fikirlərində olanları deyənlərdir. Qələm sahiblərinin dedikləri qanundur. Bu elə qanuni fikirlərdir ki, minilliklər belə keçsə, həmin fikirlər sözə, sənətə qiymət verənlərin sayəsində həm qələm sahiblərini, həm də onların fikirlərini yaşadır, daha da papulyarlaşdırır. Axı zaman ötdükcə - günlər, həftələr, aylar, illər, qərinələr, əsrlər keçdikcə həmin fikirlər özünü dəfələrlə doğruldur, sübut edir, aktuallığını göstərir...

Nəzərə alsaq ki, ötən əsrlərdə yazıçılar, şairlər və bu kimi sahədən olan qələm sahibləri daha çox nüfuz sahibi idilər. Hazırda isə bu qəbilədən olanlar ikinci və digər sırada öz yerlərini tutblar. Azad sözün carçısı kimi jurnalistlər daha öndədirlər. Jurnalistlər elə nüfuza sahibdilər ki, hətta siyasətçilər belə jurnalistlərdən, daha dəqiq desəm, jurnalistlərin yaradıcılığından bəhrələnir, faydalanırlar. Gerçəkliyi demək, reallığı göstərmək, olayları olduğu kimi işıqlandırmaq missiyasında çalışan jurnalistlər o jurnalistlərdir ki, onlar fikirlərində heç bir qrup, təşkilat, şəxsiyyət və s. maraqlarını ifadə etmirlər. Hətta və hətta öz maraqlarını belə güdmürlər. Çox vaxt biz bunu görə bilmirik. Deməli, “azad sözün carçısı kimi jurnalistlər daha öndədirlər” – deyərkən söhbət jurnalist adına layiq olan jurnalistlərdən gedir.

İnformasiya texnologiyalarının günü-gündən sürətlə inkişafı öz müsbət meyarlarını göstərsə də, mənfi amillər qaçılmazdır. Texnologiyanın inkşafı plagiatçılığa geniş yol açsa da, öz qələminin gücünə güvənən, nəfsinə hakim olan söz sahibləri, yaradanlar və yaşadanlar da az deyil.

“Əkinçi”dən tutmuş bugünkü günə qədər mətbuat sahəsində xeyli inkişaflar və tənəzzülər olub. Bu illərdə azad sözün boğulduğunu da, inkişafını da gördük, Mirzələrin şərlənməsini də, doğulmasını da gördük.

“Senzura insanın vicdanı olmalı və yaxud vicdanında olmalı” ifadəsini çox eşitmişəm. Doğru deyirlər. Təəssüflər olsun ki, azadlığı bəzən anarxiya hesab edən “qələm sahibləri” də var. Xeyr! Söz, fikir, ifadə... azadlığı anarxiyaya gedib çıxmır. Əsl qələm sahibləri bunu yaxşı bilir.

Qələmin gücü riyaziyyatda olan natural ədədlərə bənzəyir. Natural ədədlər birdən başlayır, ta ki, sonsuzluğa kimi davam edir, sonuncu ədəd bilinmir. Bu ədədləri köməyi ilə böyük hesablamalar aparılır, işlər görülür.

Qələm elə bir silahdır ki, heç bir top-tüfəng onunla yarışa bilməz. O həmişə qalibdir. Bu mənada söhbət qələminin gücündən maksimum istifadə edə bilən söz sahiblərindən gedir. Qələmin imkanları xeyli genişdir, maksimum dərəcədə şaxəlidir, sonsuzdur. Əsas odur ki, söz sahibi bu imkanlardan tam yaralana bilsin.

Sözü bütöv, fikirləri aydın, ifadələri şaxəli, lakonik olan, ürəyi xalqla döyünən, cəmiyyətin fikirlərini ifadə edən, başqa mənada demək istədiklərini deyən (yazan) qələm sahibləri əslər keçsə belə unudulmur, onlar ehtiramla yad edilir, sevgi ilə qarşılanır...

 


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+12=
Hesaba giriş
Müəllif

Rizvan Fikrətoğlu
Haqqında
Abişov Rizvan Fikrət oğlu 15.09.1996-cı ildə Yardımlı rayonunun Ərsilə kəndində dünyaya göz açmışdır. 2014-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşdur. Hazırda BDU-nun II kurs tələbəsidir. Bir çox şeirlər, məqalələr, hekayələr və s. müəllifidir.
Əlaqə
Tel.:
0513461438 və 0708823655
E-mail:
rizvanyardimli@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0295 saniye