"Qəsəbə"
Vüsal Məmmədzadə tərəfindən "Hekayə" bolməsinə 17:21 25 iyul 2012 tarixində əlavə olunmuşdur

MARAQLI VƏ HƏYƏCANVERİCİ BİR ŞEY YAZMAQ İSTƏDİM, BELƏ BİR ŞEY ALINDI ..:)

  Otağımın qapısı qəflətən möhkəm çırpıldı. Səsə oyandım. Redaktor Əkbər müəllim idi:

-         Ooo... Vüsal müəllim, hələ də yatmısınız?

-         Bağışlayın...

-         Yox, bağışlamalı bir şey yoxdur. Sadəcə, bu qədər yatmaq  yaxşı deyil.

-         Mən çox yatan deyiləm. Bu gün yatıb qalmışam. Bir daha bağışlayın.

-         Qulaq as, sən niyə evinə getmirsən? Neçə gündür redaksiyada yatırsan...

-         Əkbər müəllim, mən evə getsəm işdən sonra, yəqin ki, vaxtında gəlib çata bilməyəcəyəm işə. Görmürsünüz, necə qar yağır? Yollar bağlanıb. Mən də uzaqda yaşayıram. Ona görə, elə redaksiyada qalmağı üstün tuturam havalar qaydasına düşənə kimi.

-         Düz eliyirsən, - bir qədər susduqdan sonra otaqda yeriməyə başladı və dedi, - yəqin, olanlardan xəbərin var?

-         Hansı olanlardan?

-         Qəsəbədə olanları deyirəm...

-         Yox... Nə olub ki?

-         Vüsal, sən necə jurnalistsən? Dünyadan xəbərin yoxdur.

-         Bağışlayın, Əkbər müəllim, amma qara görə qəzetlər gəlib çatmır redaksiyaya. Televizorun antenasını da qar sındırıb.

   Əkbər müəllim otaqdakı televizora yaxınlaşdı. Pultu götürdü və yandırdı. Televizorun ekranı gömgöy idi. Heç bir kanalı göstərmirdi. Nəsə bir qədər fikirləşəndən sonra Əkbər müəllim yenidən üzünü mənə tərəf çevirdi:

-         Yaxşı... Deməli belə, Vüsal, sən bu gün gedəcəksən qəsəbəyə. Orada səni qarşılayacaqlar. Son bir neçə gündə qəribə hadisələr baş verir qəsəbədə. Sən oradan informasiyaları toplayıb bizə göndərəcəksən.

-         Necə hadisələr baş verir?

-         Əslində, hələ ki heç kim bir şey bilmir. Polislər də artıq işə qoşulub. Qanlı bıçaqlar, qan izləri, sınmış pəncərələr və s. insanları narahat edir. Amma maraqlısı odur ki, qəsəbədə bir nəfər də olsun xəsarət alan yoxdur.

-         Hmm... Deməli, manyak, qatil, ya da bunun kimi biriləri camaatı narahat edir?

-         Bilmirəm, bunu aydınlaşdırmağı sənə tapşırıram. Yadındadır, keçən il də buna oxşar bir iş tapşırmışdım? Zəlzələ zonasına göndərmişdim. Uğurlu işin məni vadar etdi ki, bu dəfə də səni göndərim. Yenə uğurlu olsan, sənə gözəl bir hədiyyə edəcəyəm.

-         Çox sağ olun.

-         İstirahətə hara getmək istəyərsən yeni ildə? Yəni, ən çox getmək istədiyin ölkə hansıdır?

-         İtaliya, Milan şəhəri.

-         Sən bu işi uğurla yerinə yetir, mən sənə yeni il səyahəti hədiyyə edəcəyəm İtaliyaya, Milana.

-         Çox sağ olun. Bu hədiyyə üçün əlimdən gələni edəcəyəm. Əmin ola bilərsiniz. Sonra ikimiz də güldük.

   Axşamtərəfi yola düşməli idim. Mənə bir maşın ayırmışdılar. Qəsəbədə qalacağım müddətdə yanımda olacaqdı. Bu cür qarlı havada qəsəbəyə gedib çatmaq o qədər də asan iş deyildi, amma bunu etməli idim. Əslində, qəsəbə redaksiyadan uzaqda deyildi. Adi vaxtlarda yarım saata çatmaq mümkün idi. Bu cür qarlı havada isə 2 saata çatsaq, sevinərdik. Nə isə... sürücü və mən yola düşdük. Axşam qəsəbəyə çatdıq. Bələdiyyə binasına getdik. Bizim kim olduğumuzu öyrəndikdən sonra maraqlanmağa başladılar. Xüsusi otaq ayırdılar qalmaq üçün. Axşam yeməyini yedikdən sonra bələdiyyə sədri məni otaqğında qəbul etdi və qəsəbədə olanlardan danışdı:

-         1 həftə bundan əvvəl qəsəbədə qəribə hadisələr cərəyan etməyə başladı. Dükanlarda, klubda, hətta, qəsəbə stasionunda qan izləri göründü. Elə bil, gecə yarısı kim isə gəlib, qətl törədir, qan izlərini də qəsdən yayırdı ki, hamı görsün, qorxsun. Sonra, qanlı bıçaq tapdıq dünən bir evdə. Həmin evdə də uzun illərdir heç kim yaşamır. Həyətdə oynayan uşaqlardan biri bıçağı tapıb, sonra qışqıra-qışqıra qaçıb evə. Evdəkilər də gəlib görüb, bizə xəbər veriblər. Girdik evə, amma heç nə tapa bilmədik.

-         Mən də həmin evə baxmaq istəyirəm, mümkünsə...

-         Əlbəttə. İstəsəniz, indi gedə bilərik.

-         Gedək.

   Həyəcanlı idim. Bu cür işlər üçün xüsusi təlimlər keçmişdim. Amma mən dedektiv deyildim. Jurnalist idim. Ona görə, polislərin də yanımızda gəlməyinə razılıq verdim. Əlimə əlcək geyindim. Qapını polislər açdılar. Girdim içəri. Ev kiçik  idi. Çoxdandır, yaşayış yox imiş. Sahibi bir neçə il bundan əvvəl qəsəbəni tərk edib, Rusiyaya işləməyə gedibmiş. Mən otaqda qəzişən vaxt bütün bu məlumatları bələdiyyə sədri mənə verirdi.

   Mətbəxə keçdim. Stolun üstündə fincan var idi. İçi su ilə dolu... suyun üzü donmuşdu. Düzdür, içəri soyuq idi, amma bu fincandakı suyu dondura bilərdimi? Ümumiyyətlə, fincanı kim qoyub  bura? Maraqlı idi... Bələdiyyə sədri dedi ki, fincan dünən də olub burda, biz dedektiv gözləyirik. Ona görə, əl vurmamışıq heç nəyə.

   Mən evin içində gəzməyə davam edirdim. Bu vaxt bələdiyyə sədrinin mobil telefonuna zəng gəldi. Sədrin həyəcanlı sifəti diqqətimi cəlb etdi. Nəsə xoşagəlməz bir hadisənin olduğunu bilirdim. Telefon danışığı qurtaran kimi:

-         Getdik! – dedi.

-         Haraya? Nə olub? – soruşdu.

-         Qəsəbənin mərkəzindəki mağaza yanır!

   Biz mağazaya çatanda artıq yanğın söndürülmüşdü. Polis işçiləri mağazanı dövrəyə alıb orada olan-qalanları nəzərdən keçirirdilər. Biz də yaxınlaşdıq və yaxınlaşanda gördüklərimizdən təəccübləndik: Pəncərənin şüşəsi qana boyanmışdı. Amma maraqlı idi ki, yenə ölüb-itən yox idi. Çox maraqlı idi baş verənlər...

   Səhərisi gün tezdən durdum, getdim bələdiyyə sədrinin otağına:

-         Mən dünənki tərk edilmiş evə yenidən getmək istəyirəm. Düşünürəm ki, sirr elə həmin evdə gizlənib.

-         Buyurun, gedək.

  Əlimə əlcək geyinib içəriyə daxil oldum. Evdə gəzə-gəzə sədrə suallar verirdim:

-         Dedektiv gəlmiyib hələ?

-         Sabaha gəlib çıxmalıdır.

-         Bu evdə yaşayan adamla sonralar əlaqəniz olmayıb?

-         Yox. Rusiyaya gedəndən sonra olmayıb. Amma çox yaxşı insan idi. Özü də çox zarafatcıl biri idi. Kefimiz olmayanda gəlib duzlu-məzəli əhvalatlar danışardı, biz də gülərdik.

-         Hmm...

   Birdən gözümə pianino sataşdı:

-         Deyəsən, musiqi sevər olub evin sahibi?

-         Onu dəqiq deyə bilmərəm. Amma bizim qəsəbədə, demək olar, hamının evində pianino var. Çoxlarının anlayışı yoxdur. Not da bilmirlər heç. Amma hamının evində pianino var, - deyib, güldü.

-         Maraqlıdı... Amma, deyəsən, bizim ev sahibinin notdan da xəbəri olub, - əlimdəki qanlı not vərəqlərini sədrə göstərdim.

   Görən kimi üzündə əmələ gələn qorxu hissini sezmək çətin olmadı.

-         Bəlkə də... – həyəcanlı halda dedi.

   Bu vaxt otaqların birindən səs gəldi. Kim isə var idi otaqda. Yanımızda polislər yox idi. Ona görə, özümüzü müdafiə etməyə nəsə tapmaq üçün ətrafa baxdıq. Mən əlimə pianinonun üstündəki gül qabını götürdüm. Sədrin əlində tapança var idi. Ona və əlindəki silaha baxdım. Mənim bu cür baxışıma cavab olaraq dedi:

-         Bu mənim xidməti silahımdır, narahat olmayın, - dedi və gülümsədi.

-         Ehtiyyatlı olun, sədr, - dedim.

   Otağın qapısını açmağa hazırlaşırdım. Bəlkə də, bu dəqiqə etdiyim hərəkət başdanxarab birinə yaraşardı. Amma mən bunu etmək istəyirdim. Bir anda cəsarətlənmişdim. “Qəhrəman jurnalist” olmaq istəyirdim, bəlkə də. Dəqiq bilmirdim bunları. Bir şey məlum idi mənə: bu dəqiqə otağın qapısını açıb, otaqda gəzişən adamı tutmaq istəyirdim.

   Qapını açdım. Hələ ki heç kimi görmürdüm. Otağın bir küncündə çarpayı var idi. Əmin idim ki, bayaq otaqda gəzişən adam indi o çarpayının altında gizlənib. Qorxmağa başlamışdım. Amma yaxınlaşdım çarpayıya. Sədr də mənim ardımca gəlirdi. Əlindəki silahı çarpayıya tuşlamışdı. Birdən çarpayının altından səs eşidildi:

-         Cənab sədr, necəsiniz? Evimə bu cür girmək üçün icazə almısınız?

  Məəttəl qalmışdım. Sədrə baxdım. Deyəsən, səs onun üçün yad deyildi.

-         Cənab sədr, mənəm də, İlqar. Yəni, bu evin sahibi, dedi və çarpayının altından çıxdı.

-         İlqar! – Sədr təəccüblənmişdi.

   Mən sədr və İlqarın görüşmələrinə və söhbətlərinə qulaq asdım.

-         Nə vaxtdan burdasan, İlqar? – sədr soruşdu.

-         Çoxdan, - İlqar güldü və cavab verdi, çoxdan burdayam. Bir həftə olar. Qəsəbə üçün darıxmışdım. Dedim, yəqin, siz də mənim zarafatlarım üçün darıxmısınız. Qan izlərinin hamısı zarafat idi. Amma qəsəbəmizin də camaatı qorxaq imiş ha... adam da qoyun qanından qorxar? – İlqar bunu deyib yenə güldü.

-         Necə yəni? Hər şeyi sən eləmişdin? – Sədr təəccüblü şəkildə soruşdu.

-         Hər şeyi yox, təkcə qan izlərini. Dünən yanan mağaza ilə mənim əlaqəm yoxdur. Mən mağazanın şüşəsini qana bulayanda ora salamat idi. Gecə gördüm ki, yanır. Yəni, mən yandırmamışam.

-         Yox, narahat olma, elə bir ciddi hadisə deyildi o. Amma sən polisə sorğu verməli olacaqsan, - sədr bunu deyib güldü.

-         Eybi yox, sədr, verərəm. Nə də olsa, bir vaxtlar atam da orada işləyib deyə mənə hörmət edərlər, - İlqar gülməkdə davam edirdi.

   Nə isə... Artıq işim qurtarmışdı. Bir həftədir camaatı təşvişə salan hadisə sən demə bir nəfərin zarafatları imiş. Əsəbiləşmişdim... Belə də zarafat olar?!

   İşimə qayıtdım. Hava qarlı deyildi. Yolu rahat gedə bildik. Əkbər müəllim məni görəndə güldü:

-         Vüsal, həll elədin məsələni? – onun hər şeydən xəbəri var idi. Artıq televizor işləyirdi iş yerində.

-         Elədim, - əsəbi halda gülürdüm.

-         Halaldı sənə. Mən də sözümü tuturam. Hazırlaş, gələn həftə Milana gedirsən. Hər şey hazırdır. Bir viza məsələsi qalıb, onu da gözlədim sən gələsən, həll edək. Yaxşı yol sənə, yaxşı istirahətlər, - Əkbər müəllim gülümsədi.

-         Çox sağ olun, Əkər müəllim. – Minnətdarlığımı bildirib, otaqdan çıxdım.

   Redaksiyada aldığım maaşla bir az çətin reallaşdırardım Milana yeni il səfərini. Ancaq sağ olsun Əkbər müəllim və əlbəttə, zarafatcıl İlqar. İndi televiziya kanallarında onun “möhtəşəm zarafat”ından danışırdılar. Qanunda zarafata görə məsuliyyət daşımaq maddəsi olmadığından, polislər də çox qəzəbli idilər İlqara..:)


... dəfə oxunub
Qiymət: 9/10(11 səs)
[qiymət ver ]
Şərh yaz
5+19=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0388 saniye