"Qloballaşan dünyada enerji problemi"
Vüsal Məmmədzadə tərəfindən "Digər yazılar" bolməsinə 03:59 26 aprel 2012 tarixində əlavə olunmuşdur

   Yerdə həyat üçün lazım olan hər şey Yaradan tərəfindən incə dəqiqliklə yaradılıb. Bizi kosmosun zərərli təsirlərindən müdafiə edən atmosfer, bir-biri ilə balanslaşdırılmış əlaqədə olan kimyəvi elementlər, həyat verən yağış və s.  Bunlarla yanaşı həyatın mövcudluğu üçün lazım olan başqa bir məvhum da var – enerji.

   Planetimizdə enerji müxtəlif yollarla əldə olunur. Qədim zamanlarda daha sadə üsullardan istifadə edilirdisə, hazırda elmin inkişafı enerji əldə etmək üçün imkanları genişləndirib. Lakin onu qeyd etmək lazımdır ki, heç də Yerin hər ərazisində enerji mənbələri bərabər paylanmayıb. Məsələn, neftlə zəngin olan İran körfəzində yanacaq enerjisi əldə etmək o qədər çətin olmadığı halda, neft yataqları olmayan Yaponiyada bu cür üsulla yanacaq enerjisinin əldə olunması qeyri-mümkündür. Bu sadə bir müqayisə idi. İndi isə qloballaşan dünyada hansı enerji mənbələrindən istifadə olunmasından, səmərəli enerji əldə etmə üsullarından və enerji probleminə aid praqnozlardan bəhs edək.

   Ənənəvi enerji mənbələri.

   Neft yataqları. Neft qədim zamanlardan müxtəlif məqsədlərlə istifadə olunan enerji mənbəyidir. Zaman keçdikcə neftin emal olunması onun istifadə olunduğu sahələri genişləndirdi. Hazırda dünyada ən geniş tələb olunan enerji mənbəyidir.

   XIX əsrin sonlarından etibarən neftin istifadə edildiyi sahələr genişləndi. Nəticədə neft yataqlarını əldə etmək uğrunda iri dövlətlər mübarizəyə başladılar. Bu mübarizələr hazırda da davam edir. Neftlə zəngin olan ərazilərə hərbi basqınlar və s. hadisələr bunu sübut edir. Ancaq son dövrlərdə alimlərin açıqlamaları neftə bu qədər də etibar olunmamasına əsas verib. Belə ki, dünyada olan neft ehtiyatları tükənmək üzrədir. BMT-nin açıqlamasında təxmini olaraq bildirilir ki, 2050-ci ildə hazırda mövcud olan neft ehtiyatlarının 50%-də çoxu istifadə ediləcək. Bunu nəzərə alan BMT alternativ enerji mənbələrindən istifadəni təklif edir.

   Kömür. Bilindiyi kimi daş kömür ehtiyatı dünya üzrə çox az bir ərazidə yayılmışdır. Əsasən, bataqlıqlarla zəngin olan şimal ölkələrində daş kömür yataqlarına rast gəlmək mümkündür.

   Neftin kütləvi istifadəsinə qədər daş kömür əhəmiyyətli yanacaq enerjisi hesab olunurdu. Ancaq neftin emalı və texnologiyaya tətbiqi daha asan olduğu üçün, tədricən, daş kömürdən istifadənin sərhədləri daraldı. Hazırda isə yanacaq kimi, əsasən, zavod və fabrik sənayesində istifadə olunur. Praqnozlara görə 2050-ci ilədək dünyadakı mövcud daş kömür ehtiyatı tamamilə qurtaracaq.

   Müasir enerji mənbələri.

   XIX əsrin ortalarında elmdə müəyyən nailiyyətlər əldə olundu. Artıq ənənəvi enerji mənbələri ilə yanaşı yeni enerji mənbələri də kəşf edilmişdi. Alimlər güman edirdilər ki, kəşf olunan yeni enerji mənbələri gələcəkdə dünyanın xilasına kömək edəcək. Çünki dövrün alimləri bilirdilər ki, ənənəvi enerji mənbələri tükənəndir və enerji mənbələri tükənəcəyi halda  dünyada fəlakət baş verə bilər. Ancaq kəşf olunmuş yeni enerji mənbələri – külək enerjisi, su enerjisi və s. tükənən deyildi. Dünya mövcud olduqca bu enerji mənbələri də mövcud olacaqdı. Buna görə zaman keçdikcə bu sahənin inkişafına diqqət yönəldildi.

   Külək enerjisi. Əslində külək enerjisindən qədim zamanlardan istifadə olunur. Təxminən, 5500 il bundan əvvəldən etibarən gəmilərin suda hərəkəti üçün yelkənlər hazırlanır. Həmin yelkənlər külək enerjisi ilə gəmini hərəkət etdirə bilirdi. Bundan əlavə, təxminən, 7-ci əsrdən etibarən yaxın şərqdə, daha sonralar başqa ərazilərdə yel dəyirmanlarından istifadə olunmağa başlandı. Lakin bunlar primitiv formalar idi və XIX əsrdən etibarən elmi cəhətdən külək enerjisi izah olunmağa başlandı. Külək enerjisindən müxtəlif məqsədlərlə istifadə etməyin mümkünlüyü müəyyən edildi. Nəticədə ilk addımlar atıldı. 1888-ci ildə ABŞ-da Charles Francis Brush küləkdən elektrik enerjisi aldı. Tezliklə dünyanın müxtəlif ərazilərinə bu ixtira yayıldı. Hazırda külək generatoru adlanan və külək enerjisini elektrik enerjisinə çevirən turbinlərdən geniş istifadə olunur.

   Günəş enerjisi. Günəş Yer üçün ən böyük enerji mənbəyi hesab olunur. Günəş enerjisi də qədim zamanlardan istifadə edilib. Əsasən, işıqlandırma məqsədi ilə istifadə edilən günəş enerjisini müasir dövrdə elektrik, yanacaq və s. enerjilərə çevirmək mümkündür.

   Yer üzünə düşən günəş işığında olan enerji miqdarı 0-1100 W/m2 dəyərindədir. Bu isə insanlar tərəfindən istifadə edilən enerji miqdarından dəfələrlə çoxdur. Deməli, insan bu enerjidən tam istifadə etsə, digər enerji mənbələrinə ehtiyac qalmaz. BMT-nin 2011-ci ilə olan “Dünya ekoloji hesabatı”nda bu barədə qeyd olunur: “Günəş nəhəng enerji mənbəyidir. Biz günəş enerjisindən tam olaraq istifadə etməliyik. Bu bəşəriyyətin xilası ola bilər”.

   Atom enerjisi. Atom enerjisi ən ucuz enerji hesab olunur. Buna görə də XIX əsrin sonu XX əsrin əvvəllərində Atom Elektrik Stansiyaları (AES) sürətlə yayılmağa başlandı. Birinci Dünya müharibəsindən sonra daha da təkmilləşdirilən üsullar XX əsrin ortalarında müasir AESlərin meydana gəlməsinə şərait yaratdı. Artıq dünyanın bir çox yerlərində AESlərdən istifadə edilirdi. Lakin çox keçmədən bir problem meydana çıxdı. Atomdan enerji əldə olunan zaman radioaktiv tullantılar əmələ gəlirdi ki, bunları da stansiyadan xaric etmək lazım idi. Həmin tullantılar insan, ümumiyyətlə, canlı mühit üçün olduqca təhlükəli idi. Əvvəllər su mənbələri radioaktiv tullantılarla çirkləndirildi. Daha sonra torpaq... Artıq XX əsrin sonlarında beynəlxalq təşkilatlar, o cümlədən Greenpeace təşkilatı bu tullantıların bəşəriyyəti fəlakətə apardığını qeyd etdi və AESlərin bağlanmasını tələb edən müraciətlə çıxış etdi. Lakin hazırda da AESlərdən istifadə olunur. Artıq bu qurğuların təhlükəli olduğunun bir neçə dəfə şahidinə də çevrilmişik:

-         1986-cı ildə Çernobl vilayətindəki AESda baş verən qəza bir neçə il öz təsirini göstərdi. Hazırda da Çernobl və ətraf ərzilərdə radiaktivlik normadan çoxdur;

-         2011-ci il mart ayının 11-də Yaponiyada baş verən zəlzələ “Fukusima 1” AESda qəzaya səbəb oldu. Ətraf ərazilərdə yaşayan əhalidə yüksək dozalı radiasiyaya yoluxma aşkarlandı və s.

  Hazırda da AESlərin fəaliyyəti barədə mübahisəli vəziyyət mövcuddur. Enerjini AESlərdən əldə edən dövlətlər bu qurğulardan istifadənin təhlükəsiz olduğunu müdafiə edirlərsə, dünya bunun tam əksini deyir. Bir faktı da bildirmək lazımdır ki, hazırda Ermənistan ərazisində fəaliyyət göstərən AES köhnəlib. Mümkün qəza bütün Qafqaz regionunda, eləcə də, ətraf ərazilərdə ağır radiasiya fəlakətinə səbəb ola bilər.

   Bioyanacaq. XX əsrin sonlarında alimlər tərəfindən yeni yanacaq növü kəşf olundu. Bu bioyanacaq idi. Bitkilər xüsusi şəraitdə bioyanacağa çevrilirdi. Alimlər bu cür üsulla əldə edilən yanacağın daha səmərəli və ekologiya üçün daha tuhlükəsiz olduğunu vurğuladılar. Hazırda müəyyən sahələrdə bu yanacaqlardan istifadə olunsa da, geniş tətbiq edilmir.

   Enerji mənbələri haqqında bəhs etdik. Bəs insana və bəşəriyyətə daha sərfəli olan və ekologiya üçün daha təhlükəsiz  enerji mənbələri hansılardır?

   Hazırda alimlər enerji əldə etmək üçün yeni metodlar axtarırlar. Həmçinin mövcud metodların təkmilləşdirilməsi prosesi də gedir. Bio enerjilərin müxtəlif sahələrdə tətbiq olunmasına böyük əhəmiyyət verilir. Bu məqsədlə emal qurğuları yaradılır.

   Mərakeşdə 2008-ci ildə Günəş elektrik stansiyasından istifadə edilməyə başlanıldı. Bu satansiya böyük məbləğ hesabına başa gəlmişdi. Ona görə də bu cür stansiyaların kütləvi inşası baş tutmadı.

   İtaliyada isə günəş enerjisi ilə hərəkət edən avtomobillər üçün xüsusi yol fəaliyyət göstərir. Yolun xüsusiyyəti ondan ibarətdir ki, asfalt günəş şüalarını enerjiyə çevirib avtomobillərə ötürə bilir. Lakin bu da böyük xərc tələb etdiyi üçün, hələ ki, tətbiq olunmur.

   Elektrik enerjisinin təbii yolla əldə edilməsində daha çox külək turbinlərindən istifadə edilir. Hazırda külək generatorundan istifadəyə görə Avropa İttifaqı ölkələri liderdir. Daha sonra ABŞ, Almaniya, Çin və İspaniya gəlir. Azərbaycanda isə son zamanlarda külək generatorlarından istifadə edilməyə başlanılıb. Nəzərə alsaq ki, Abşeron yarımadasının külək enerjisinə görə böyük potensialı var, onda bu cür təbii yolla enerji əldə etmək vacibdir. Sevindirici haldır ki, 2020-ci ilə aid Bakı proektində külək enerjisindən geniş istifadəni görmək olar. Proektə əsasən, Zirə adası tamamilə külək enerjisindən əldə olunan elektrik enerjisi  ilə təmin ediləcək. Turbinlər Xəzər dənizində quraşdırılacaq. Həmçinin, ölkənin külək enerjisinə sahib olan digər ərazilərində də bu cür turbinlərin quraşdırılması gözlənilir.

   Sonda isə onu bildirmək lazımdır ki, tükənən enerji ehtiyatlarından mümükün qədər az istifadə etmək lazımdır. Nəzər alsaq ki, BMT-nin praqnozlarında qeyd olunduğu kimi bu ehtiyatlar XXI əsr boyu tamamilə istifadə edilib tükənəcək, onda alternativ enerji mənbələrindən istifadə vacibdir.

   Alimlər artıq sübut ediblər ki, təbiətdə mövcud olan hər bir şeydən enerji əldə etmək mümkündür. Çində 2008-ci ildə zibildən yanacaq enerjisi əldə olundu; Hollandiyada 2011-ci ildə biotualetlər hazırlandı ki, bununla da insan tullantılarını yanacaq enerjisinə çevirmək mümükündür. Artıq müəyyən nailiyyətlər var. Sadəcə, bu kəşflərdən kütləvi istifadə etmək lazımdır. Enerjiyə qənaət etməyi də unutmaq olmaz. Müxtəlif təşkilatlar tərəfindən keçirilən aksiyalar var ki, dünya ictiamiyyətinin diqqətini enerjiyə qənaət etməyə yönəldir. Məsələn, “60 Earth Hour” təşkilatı hər il martın 29-nda dünyanın müxtəlif yerlərində keçirdiyi aksiyalar zamanı məşhur tikililərin işıqlandırılmasının söndürülməsini təşkil edir. Bu simvolik xarakter daşısa da, sətiraltı əhəmiyyəti böyükdür.

   Enerjiyə qənaət etməliyik!

   Çünki enerji tükənəndir; Enerjini əldə etmək çox çətindir... 


... dəfə oxunub
Qiymət: 9/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
4+31=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0258 saniye