"Şeyx Nəsrullah və Zirəli Sədrəddin"
Vüsal Məmmədzadə tərəfindən "Hekayə" bolməsinə 02:27 06 aprel 2012 tarixində əlavə olunmuşdur

Şeyx Nəsrullahı, yəqin ki, tanıdınız. Bu həmin Şeyx Nəsrullahdır ki, Cəlil Məmmədquluzadə onu öz əsərində təsvir etmişdi. Cəlil Məmmədquluzadə onunla bərabər Kefli İsgəndəri və başqa bir neçə nəfəri də təsvir etmişdi. Dahi sənətkarın yaratdığı bu qəhrəmanlardan ikisi - Şeyx Nəsrullah və Kefli İsgəndər hələ də yaşayır. Deyilənə görə, onların yaşı artıq yüzü haqlayıb. Hazırda onlar Bakıda, daha dəqiq desək, Bakının Zirə kəndində yaşayırlar.
Şeyx Nəsrullah əvvəlki işləri ilə məşğuldur. Yəni, dəyişməyib. Elə Kefli İsgəndər də əvvəlki kimidir. İçir və ağzına gələni deyir. Bu günlərə qədər Şeyx Nəsrullahın müştəriləri çox idi. Yəni, əvvəlki kimi idi. İnsanlar ondan kömək umurdular. Varlarını-yoxlarını ona verirdilər və əvəzində deyirdilər: "Ay Şeyx Həzrətləri, sən özün bizə kömək elə". Bu sözlərdən sonra kimisi xəstə uşağının sağalmasını, kimisi qaydasında getməyən işinin düzəlməsini istəyirdi. Bunlar köhnə problemlər idi və bu problemləri həll etmək Şeyximiz üçün çətin iş deyildi. Amma zaman keçdikcə yeni problemlər və istəklərdə yaranırdı. Nəticədə, Şeyxdən həyata keçməsi üçün dilənən arzuların sayı artırdı. Məsələn, "Ay Şeyx Həzrətləri, sən özün kömək ol. Elə elə ki, oğlum, ya da qızım qəbul imtahanlarında 700 bal toplasın" və s. Şeyximiz bu məsələləri də həll edirdi. Eşitdiyimə görə, keçən il qəbul imtahanlarında 700 bal taplayanlardan iki nəfəri Şeyximizə müraciət edib. Sonra da deyirlər ki, caduya inanma. Görürsünüz də, Şeyx Nəsrullahın cadusu işinin öhdəsindən məharətlə gəlib. Deməli, Kefli İsgəndərə yox, Şeyx Nəsrullaha inanmaq lazımdır. Kefli İsgəndər hamısını paxıllığından edir. Əziyyət çəkib, oxuyub. Amma özünə iş-güc tapa bilməyib. İndi də Şeyx Nəsrullahın bacarığına həsəd aparır və insanları doğru yoldan döndərmək istəyir. Guya, Şeyx Nəsrullah bu camaatı aldadır. Ay millət, mən sizə deyirəm ki, bu cəfəngiyyatdır. Yəni, İsgəndər yalançıdır.
Mən Şeyxə çox inanıram. Şeyxə də, caduya da. Son vaxtlar isə maraqlı bir hadisə baş verdi. Şeyx Nəsrullahın məskən saldığı, yaşadığı Bakı kəndindən, yəni, Zirədən bir nəfər də cadugər çıxdı. Bu cadugər iki-üç günün içərisində məşhurlaşdı. Hətta sorağı xarici ölkələrə gedib çıxdı. Rusiyada bir verilişə də dəvət olundu. Əlbəttə, Şeyx bunların hamısını görürdü. Şeyx onu da görürdü ki, artıq onun yanına heç kim gəlmir. Hamı gedir təzə cadugər Zirəli Sədrəddinin yanına. Amma yox, bir nəfər, hələ də, Şeyxdən kömək umurdu. O da, mən idim. Mən təzə cadugəri bəyənmirdim və cadugərlik işim olanda gedirdim Şeyxin yanına. Bir gün də cadugərlik işim oldu və getdim Şeyxdən kömək istəməyə. Şeyxin üzündən zəhrimar yağırdı. Dedim "ay Şeyx, sənə nə olub?". Dedi ki, əl çək məndən. Məəttəl qaldım. Axı Şeyx heç vaxt müştərisi ilə belə rəftar etməzdi. Nə isə. Dərdimi danışdım. Amma mənə kömək etmədi. Əksinə, evindən qovdu. Fikirləşdim, yəqin, xəstələnib.
Axşam idi. Televizora baxırdım. Təzə cadugəri göstərirdilər. Gələcəkdən xəbər deyirdi. "Gələn ay Bakıda zəlzələ olacaq; Bakıda terror aktı gözlənilir" və s. Elə bu vaxt canlı efirə bizim Şeyx çıxdı. Hamı məəttəl Şeyxə baxırdı. Şeyx mikrofonu əlinə aldı və başladı monoloq söyləməyə. Bu monoloq mənə İsgəndərin monoloqunu xatırlatdı. Şeyx Nəsrullah çıxışında, təxminən, bunları dedi:
"Ay millət, ay camaat, siz XXI əsrdə yaşayırsınız. Bu cadugərlik, sehrbazlıq isə qaldı XX əsrin əvvəllərində. Daha doğrusu, qalmadı, amma qalmalı idi. Cəlil Məmmədquluzadə, Ə.Haqverdiyev öz hekayələrində, öz əsərlərində mənə və mənim kimilərə qarşı nə qədər mübarizə apardı!? Amma siz ayılmadınız. Mən və mənim kimilər də sizin başınızı aldadıb, var-dövlətinizi soyduq. Mən indiyə qədər fırıldaqçılıqla məşğul idim. Hamı məndən kömək diləyirdi. Amma indi heç kim məndən kömək istəmir. Hamı gedir bu Sədrəddindi, kimdi onun yanına. Mən də dözə bilmədim. Fikirləşdim ki, onsuz da pul qazana bilmirəm. Barı bu milləti ayıldım, gerçəkləri deyim. Bu Zirəli Sədrəddin sizin başınızı aldadır. Necə ki, mən bunu bir əsrdir edirəm. Soruşa bilərsiniz ki, niyə bunları deyirəm? Cavabını verirəm. Bir əsrdir ki, məni siz dolandırırsınız. Siz axmaqlarsınız. Amma sizi çox istəyirəm. Nə də olsa, mənə ev tikən, mənə maşın alan, mənim qarnımı doyuran sizin pullarınız olub. İndi vəziyyət dəyişib, sizə yazığım gəlir. Ona görə bildirmək istədim ki, mən də fırıldaqçı olmuşam, elə bu Zirəli Sədrəddin də fırıldaqçıdır".
Şeyxin monoloqu bu cür davam etdi. Mən bu monoloqu eşidəndən sonra, dedim, yəqin, İsgəndər ağzına gələni danışa-danışa Şeyxin də beynin xarab eliyib. Nə isə. Şeyxi bu çıxışından sonra həbs elədilər. Fırıldaqçılığa görə türməyə saldılar. Amma Zirəli Sədrəddin hələ də öz işiynən məşğuldur. Artıq, mən də cadugərlik işim olanda onun yanına gedirəm. Yazdığı duaların təsiri, heç də, Şeyxinkindən geri qalmır.


... dəfə oxunub
Qiymət: 7/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
1+9=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0268 saniye