Çayxanada dostumla əyləşib çay içirdik. Kinayə və gülümsəyərək sual verdi ki, niyə məhz qadın hüquqları ilə bağlı köşə yazısı yazırsan? Bəlkə də çoxunuz o kinayəli sualın altında yatan mənanı anladınız.
Azərbaycan kişisi haqqında yazmaq axmaqlıqdan başqa bir şey deyil. Dünyanın ən gözəl qadınları Azərbaycan kişisinə məxsusdur.
- Siz dünyanın heç bir yerində 20-25 yaşına çatıb, bakirəliyini həyat yoldaşına saxlayan qadına rast gəlməyəcəksiniz. Bir az da incəliyə getsək ilk öpüşünü, ilk toxunuşunu, ilk ehtirasını.
- Siz heç vaxt dünyanın heç bir yerində elə bir qadına rast gəlmməyəcəksiniz ki, onun həyat qayəsi 20-25 yaşına kimi sırf həyat yoldaşına xidmət etmək üçün proqramlaşdırılmış olsun. Gələcək əri üçün yemək bişirmək, paltar yumaq, paltar ütüləmək, uşaq böyütmək və s.
- Siz heç vaxt elə bir qadına rast gəlməyəcəksiniz ki, sevgisindən, istəyindən, ehtirasından qardaşına, atasına qeyrətsiz deməsinlər deyə imtina etsin.
- Siz heç vaxt elə bir qadına rast gəlməyəcəksiniz ki, gördüyü şiddətə ərimdir, uşaqlarım var deyə illərcə dözsün. Övladlarına görə sevgidən, nəvazişdən imtina eləsin.
- Siz heç vaxt elə bir qadına rast gəlməyəcəksiniz ki, sizlə ayrılsa belə, sizin namusunuzu düşünsün. 25-30 yaşında dul qalıb, həyatını övladlarına həsr edən, kişi ətrinə həsrət qalan.
- Siz elə bir qadına rast gəlməyəcəksiniz ki, siz küçədə gününüzü gün edərkən, fahişələrlə əylənərkən, o sizin övladlarınızı böyütsün, qocalanda altınızı təmizləsin, dərdinizi çəksin.
Siz heç vaxt Azərbaycan qadını qədər fədakar və axmaq qadına rast gəlməyəcəksiniz, buna əmin olun. Siz dünyanın ən xoşbəxt kişisisiniz.
Kamran İsmayılzadə