"Unudulmuş üfüqlər"
Etibar Nasir tərəfindən "Hekayə" bolməsinə 02:24 03 noyabr 2015 tarixində əlavə olunmuşdur

Nemət kişi kəndin gündoğan tərəfində yaşayırdı. Kəndə gün doğanda Nemət kişinin evinin üstündən doğurdu. Təbiətin qismətinə bax! Özü də elə bil kənd üçün ziya doğulmuşdu. Kəndin ağsaqqalı xeyirxah bir insan idi. Bir oğlu və bir qızı var idi, amma onlara nə isə almamış kənddə ehtiyacı olanları düşünürdü. Çətinliyi olan Nemət kişinin yanına gələrdi, o da öz qazancını ailəsindən öncə ehtiyaclılarla bölərdi. Həmin zamanlar kənddə yaşayan başsız ağbirçək və ağsaqqalların pasibanı Nemət kişi idi.

Vaxt gəldi və Nemət kişinin həm maddi, həm də mənəvi vəziyyəti ürək açan olmadı. Vəziyyət get-gedə pisləşirdi. O, bütün bunlara görə heç vaxt deyinməzdi. Daim təkrar edirdi ki: “Bu bayramda filankəslərin payları necə olacaq? Qış gəlir, yetimlərin odun məsələsi necə olacaq?”..Həmin anlarda belə özünü düşünmürdü.

Zaman gəldi və Nemət kişi hiss etdi ki, artıq ömrü sona çatır. Oğlunu yanına çağırıb dedi:

-       Oğlum, məndən sonra kimsə sənə gətirib pul versə və desə ki, məndən alıb, həmin adamın kimliyini heç kəsə demə, özün də unut. Heç kəsdən pul qəbul etmə və de ki, halallığını vermişəm.

Həmin gün sübh tezdən Nemət kişi əbədi olaraq dünyayla vidalaşdı. Onun ölümündə də hikmət var imiş. Sanki o gündən kəndin ziyası söndü və bu hamı üçün bir imtahan oldu. Kənddə çoxluq nisbəti ilə heç kəs bu imtahandan keçə bilmədi. Bu da hamının süqutuna səbəb oldu. Nemət kişinin ölümündən ən çox qocalara və yetimlərə ağır zərbə dəydi, çünki daha onların qayğısına qalan olmadı. Borclu olanlar gətirib borclarını qaytaranda oğlu qəbul etmədi və atasının ona tapşırdığı sözləri onlara çatdırdı. Nankor insanlar Nemət kişini çox tez unutdular. Qəbri üstünə getməmələri bir yana, heç adını belə anmadılar.

İndi bir vaxt Nemət kişinin yaşadığı evinə baxıram və öz-özümə düşünürəm ki: “Həyat, sən özün ən böyük məktəbsən və eyni zamanda da səni tam anlamaq çox çətindir, hətta mümkün deyil.”

Bütün bunlarda böyük bir ibrət var və mən özümə söz vermişəm ki, ölənə qədər mənə cüzi hörməti olan kəsləri belə daim anacam, çünki bu mənim insanlıq borcumdur. Yaxşı anlayıram ki, Nemət kişinin evi minlərlə belə evlər kimi bir üfüqdür – unudulmuş üfüqlər.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+10=
Hesaba giriş
Müəllif

Etibar Nasir
Əlaqə
E-mail:
jafariyyah@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0254 saniye