"Xəyallar ölkəsinə səyahət"
Vüsal Məmmədzadə tərəfindən "Hekayə" bolməsinə 03:29 10 may 2012 tarixində əlavə olunmuşdur

    “İnsanlar sizi bezdirib? İşləməkdən yorulmusunuz? İnsanların olmadığı bir yerdə gözəl bir istirahət arzu edirsiniz? Onda bizə zəng edin! Xəyallar ölkəsi sizin yolunuzu gözləyir. Xəyallar ölkəsində arzuladığınız kimi istirahət edə bilərsiniz. Tələsin! Yerlər məhduddur!”

    Bu reklamı dünəndən bəri görürdüm: metroda, avtobusda, indi də televizorda. Mənə maraqlı gəldi. Çoxdandır, istirahət etmək istəyirdim. Artıq şəhər həyatından bezmişdim. Heç olmasa 1 ay şəhərdən kənarda dincəlməyə çox ehtiyacım var idi. Elə dostlarımla da söhbət edəndə son vaxtlar bunu deyirdim: “uşaqlar, çox yorulmuşam. Telefonun, internetin, yorucu işin olmadığı, bezdirici insanların olmadığı bir yerdə yaşamaq istəyərdim. Dağın başında balaca taxta bir ev, bir də bir inək. Başqa heç nə istəmirəm”. Onlar da mənə gülürdülər. “Yaxşı, bəs inəyi neynirsən?” – deyirdilər. Cavab verirdim: “südünü içəcəyəm”. Yenə bir yerdə gülürdük. Bunlar mənim xəyallarım idi. Amma indi Xəyallar ölkəsinə getmək fürsəti düşüb əlimə. Bəlkə də, reallaşdıra biləcəyəm xəyallarımı. Amma 1 dəqiqə... Bu Xəyallar ölkəsi haradır görəsən? Mən coğrafiyanı pis bilmirəm, amma belə bir ölkə adı da eşitməmişəm. Bu cür fikirləşirdim ki, yenə o reklam... “İnsanlar sizi bezdirib? İşləməkdən yorulmusunuz? İnsanların olmadığı bir yerdə gözəl bir istirahət arzu edirsiniz? Onda bizə zəng edin! Xəyallar ölkəsi sizin yolunuzu gözləyir. Xəyallar ölkəsində arzuladığınız kimi istirahət edə bilərsiniz. Tələsin! Yerlər məhduddur!”

   Reklamın sonunda göstərilən telefon nömrələrini və ünvanı qeyd etdim. Dəstəyi götürüb nömrəni yığdım. Bir az sonra səs eşidildi: “Operatorla əlaqə saxlamaq üçün “1” düyməsinə basın”. “1”ə basdım. Bir az da gözlədim. Nəhayət operatorun səsini eşitdim:

-         Buyurun, eşidirəm.

-         Salam. Mən sizin reklamınızı gördüm. Xəyallar ölkəsinə necə gedə biləcəyimlə maraqlanmaq istəyirdim.

-         Xəyallar ölkəsinə getmək üçün qeydiyyatdan keçməlisiniz. Artıq qeydiyyatın bitməsinə 3 gün qalıb.

-         Hansı sənədlər lazımdır?

-         Heç bir sənəd və ödəniş lazım deyil. Bizim ofisimizə gəlib ad və soyadınızı deyərək qeydiyyatdan keçə bilərsiniz.

-         Başa düşdüm, çox sağ olun.

   Səhərisi gün işə getməli idim. Amma getmədim. Onsuz da işlədiyim 2 il ərzində cəmi 10-15 gün istirahət vermişdilər. “Nə olur olsun, istəyirlər lap işdən çıxarsınlar” – deyə fikirləşdim. Üst-başımı qaydasına salıb getdim qeydiyyatdan keçməyə.

   Ofisləri çox maraqlı idi. Divarlar rəngli daşlarla bəzədilmişdi. Bir küncdə akvariumda cürbəcür  balıqlar üzür, bir tərəfdə dibçəkdə əkilmiş kiçik ağacların gözəlliyi adamı valeh edir, bir tərəfdə də quşlar səs-səsə verib oxuyurdular.

   İçəri girəndə heç kim məni yoxlamadı. Bir az o tərəf-bu tərəfə baxdıqdan sonra qeydiyyat masasına yaxınlaşdım. Bir qız əyləşmişdi. Məni gülərüzlə salamladı. Sonra adımı və soyadımı soruşdu. Cavab verdim. Sonra dedi: “Qeydiyyatınız başa çatdı. 2 gün sonra başlanacaq treninqlərə gəlməlisiniz. Treninqlər 1 həftə davam edəcək. 1 həftə sonra imtahan olacaq və imtahandan keçənlər Xəyallar ölkəsinə səyahət edəcək”. Sual verdim:

-         Bəs ödəniş nə qədər olacaq?

-         Hər şey pulsuzdur.

-         Bağışlayın, Mənə maraqlı olan bir şey də var, Xəyallar ölkəsi haradadır?

-         Onu gedəndə özünüz görərsiniz. Narahat olmayın, Xəyallar ölkəsinə olacaq 1 həftəlik səyahət zamanı hər şey istədiyiniz kimi olacaq və təhlükələrdən uzaq olacaqsınız. 1 həftə sonra sizi evinizə gətirəcəyik.

   Təşəkkürümü bildirib qayıtdım evə. “Hər şey pulsuz, hər şey istədiyim kimi, özü də indiyə qədər adını belə eşitmədiyim bir ölkədə... Çox maraqlıdı. 2 gün sonra treninqlər başlayır. Özümü elə göstərməliyəm ki, məni bəyənsinlər. Çox ehtiyacım var bu səyahətə. Amma iş necə olacaq? Mənə heç kim 1 həftəlik icazə verən deyil”. Elə bu cür fikirlərlə beynimi məşğul edirdim ki, telefon zəng çaldı. İş yoldaşım idi. Mənə işdən qovulduğumu dedi:

-         Bu gün icazəsiz və heç kimə xəbər vermədən işə gəlmədiyin üçün işdən çıxardılar səni.

-         Çox sağ ol gözəl xəbərin üçün – deyib, sevincək halda dəstəyi yerinə qoydum. Yəqin, iş yoldaşım mənim dəli olduğumu düşündü. Amma insanlar və bu cür həyat məni o qədər bezdirmişdi ki, Xəyallar ölkəsinə səyahətimə nələrinsə mane olmağını istəmirdim.

   Artıq sərbəst idim. Cəmi 1 gün qalırdı treninqə. Getdim özümə pal-paltar aldım. Səliqəli görünmək istəyirdim. Yəqin, geyimə də önəm verəcəkdilər. Nə lazım idisə, etdim. Artıq sabahkı treninqə hazır idim.

   Treninq saat 12-də başlamalı idi. Mən artıq saat 8-də oyanmışdım. Hazırlaşdım və evdən çıxdım. Vaxtından tez getmişdim. Treninqin olacağı otaqğın qapısı açıq idi. Girdim içəri, özümə bir yer tapıb oturdum. Mən içəri girəndə heç kim yox idi. Amma çox keçmədən gələnlər oldu. Saat 12 olan kimi otağın qapısı bağlandı. İçəridə 34 nəfər var idi. Adamları saymağa vaxt tapmışdım. Bir az sonra səs eşidildi:

-         Salam, əziz dostlar. Bu gündən etibarən treninqimiz başlayır. Treninq 6 gün davam edəcək. 7-ci gün isə imtahan olacaq. İmtahanı keçənlər Xəyallar ölkəsinə səyahət edə biləcəklər.

   Artıq başa düşmüşdük ki, bu 7 gün ərzində treninqdə bizə dərs keçəcək təlimçimizin üzünü görə bilməyəcəyik. Bu da qəribəliklərdən idi.

   6 gün ərzində hər gün 5 saat treninqdə olduq. Hər şey əla idi. Maraqlı söhbətlərimiz olurdu. Dərslər çox maraqlı idi. Təlimçimiz bizə nəyi necə etməli olduğumuzu başa sala bilirdi. Üzünü görməsək də, artıq onu çox istəməyə başlamışdıq. 6 gün ərzində 4 mövzu haqqında danışdıq: “Yalan”, “İradə”, “Sədaqət” və “Qanunlar”. Təlimçimiz bizə başa saldı ki, Xəyallar ölkəsinə gedəcək insan yalan danışmamalı, iradəli və sadiq olmalı, qanunlara riayət etməlidirlər. Dərs vaxtı verdiyi tapşırıqlarla da bizi sınayırdı.

   Sonuncu gün təlimçimiz bizdən Xəyallar ölkəsinə getmək istəyimizin səbəbini soruşdu. Hamı kimi mən də düşüncələrimi paylaşdım: “Çox yorulmuşam. Şəhərdə yaşamaq çox çətindir. İnternet, telefon, iş məni bezdirib. Amma bunların hamısı bilavasitə insanlarla bağlıdır. Elə bil insanlardan iyrənmişəm. Gözləmədiyin məqamda sənə yalan danışırlar, özlərini qəribə aparırlar. Əsas da çox istədiyin insanların hərəkətləri təsir edir sənə. Onlara ideal kimi baxırsan, özünə yaxın bilirsən. Amma birdən elə bir hərəkətini görürsən ki, bu sənə başa salır ki, “o da insandır”. İnsan olmaq çox asandı. Allah səni insan kimi yaradır. Yəni, sən insan olmaq üçün heç bir əziyyət çəkmirsən. Amma yaxşı insan olmaq, ətrafındakılara zərər verməmək, təkcə özünü yox, ətrafındakıları da düşünmək çox çətindir. Bunu hər kəs bacarmır. Mənim ətrafımda olanların da heç biri mən dediyim kimi deyil, elə mən də. Ona görə istədim Xəyallar ölkəsinə gedim. Heç olmasa 1 həftə möcüzəli dünyada olum. Ümidvaram, imtahandan üzüağ çıxacağam”.

   Təlimçimiz mənim fikirlərimi dinlədikdən sonra güldü və mənə dedi: “Narahat olma, Xəyallar ölkəsində hər kəs sən dediyin kimidir. Yəni, yaxşı insanlardır. Biz də bu treninqi və imtahanı ona görə edirik ki, oraya yalnız layiq olanlar getsinlər”.

   Artıq imtahan günü idi. Otağa daxil olanda gördük ki, divardan böyük bir lövhə asılıb. Lövhəyə “Qaydalar” yazılmışdı:

“ 1. İmtahan 10 saat olacaq;

   2. Bu vaxt ərzində söhbət edəcəksiniz. Özünüz haqqında biri birinizə danışacaqsınız;

   3. Yalan danışanlar bizimlə Xəyallar ölkəsinə gedə bilməyəcək;

   4. Bu müddət ərzində yalan danışmayanlar bizimlə gedəcəklər. Onlar bu səyahəti yalan danışmadıqlarını, deməli iradəli və sadiq olduqlarını, qanunlara zidd olmadıqlarını sübut etdikləri üçün qazanacaqlar”.

   Bir müddət sonra hər kəs yerində idi. Saat 12 olan kimi qapı bağlandı və təlimçimizin səsi eşidildi: “İmtahanda hər kəsə uğurlar! 10 saatlıq imtahan vaxtı başladı!”.

   10 saat ərzində 34 nəfər müxtəlif mövzularda, əsasən, özümüz haqqında biri birimizlə danışdıq. Fasilələri etdik, yemək yedik, oyunlar oynadıq... Və 10 saat başa çatdı. Təlimçimizin səsi eşidildi: “Dostlar, imtahan başa çatdı! Qanunlarımızı pozan 16 dostumuz təəssüf ki, Xəyallar ölkəsinə gedə bilməyəcək”. Çox qorxmuşdum. “Bəlkə, mən də nəsə etmişəm? Axı kim qanunları pozmuşdu?” – 1 saniyə içərisində beynimdən çox fikirlər gəlib-getdi. Amma adları çəkilən həmin 16 nəfərin içərisində mənim adım yox idi. Deməli, mən Xəyallar ölkəsinə gedə biləcəkdim. Çox sevinirdim.

   Xəyallar ölkəsinə gedəcək 18 nəfər səhərisi gün ofisdə idi. Bizi avtobus gözləyirdi. Mindik və gəldik hava limanına. Xüsusi təyyarə də ayrılmışdı. Hamı mindikdən sonra səs eşidildi. Bu bizə tanış olan təlimçimizin səsi idi: “Dostlar, siz Xəyallar ölkəsinə səyahət üçün haqq qazanmısınız. Bu bir həftə ərzində Xəyallar ölkəsinin qanunlarına riayət etməlisiniz. Qanunlar çox sadədir: “Yalan danışma! İradəli ol! Sadiq ol! Qaunulara uy! Hər kəsə yaxşı istirahətlər arzu edirəm”.

   Təyyarə ilə 3 saat yol getdik. Xəyallar ölkəsinə çatanda yenidən təlimçimizin səsini eşitdik: “Dostlar, artıq Xəyallar ölkəsindəyik. Biz burada sizdən ayrılırıq. 1 həftə sonra yenidən görüşəcəyik evə qayıtmaq üçün. İndi kim necə bir istirahət arzu edirsə, xəyalında canlandırsın”.

   Mən dağın başında balaca taxta ev və bir inək xəyal etdim. Telefon, internet və insanların olmadığı bir yer... Təxminən 5 dəqiqədən sonra gözümü açdım. Taxta evin qarşısında qoyulmuş köhnə stulda oturmuşdum. Quşların səsi, güllərin və yaş otların ətri adama əvəzsiz həzz verirdi. Hər şey əla idi. Hətta inək də var idi. Çox gülməli və möcüzəli görünə bilər. Amma gerçək idi. İstədiyim yerdə idim. Ətrafla tanış olmağa başladım. Yaşıllıq idi, çay axırdı taxta evin yaxınlığından. O qədər gur idi ki, səsini uzaqdan da eşitmək olardı. İnsanlar yox idi – mən istədiyim kimi.

   Bir az sonra acdım. Xəyallarımda inək südü ilə qidalanırdım taxta evin yanında. İndi xəyallarımı gerçəkləşdirmək vaxtı idi. Yaxınlaşdım inəyə. Sığallamağa başladım. Məni çox istəyirdi, deyəsən. Taxta evdən götürdüyüm balaca mis kasaya bir az süd sağdım. Qaladığım ocaqda südü qaynadıb içdim. Çiy içmədim ki, xəstələnməyim. Səhərisi gün çaydan balıq tutub yedim. Beləcə bir həftə yaşadım. Bilirsiniz, necə gözəl idi?! İnsan elə bil təzədən doğulur. Heç bir dərdi olmur.

   1 həftə sonra getmək vaxtı çatanda taxta evimdən ayrılmaq istəmirdim. Amma haradansa təlimçimizin səsi eşidildi: “Vaxt tamamdır. Evə qayıtmalıyıq. Gözünüzü yumun və təyyarəni xəyal edin”. Yumdum... 5 dəqiqə sonra təyyarədə, 1 həftə bundan əvvəl oturduğum yerdə edim. Mənlə gələn 17 nəfər də evə qayıtmaq üçün hazır idilər. Hamı başına gələnlər haqqında danışırdı. Qəribə səyahətimiz bununla da başa çatdı.

   Təxminən, 3-4 saat sonra evdə idim. Avtobusla məni evimin həyətinə gətirdilər. Qalxdım mənzilimə. Paltarlarımı dəyişib oturdum divanda və səyahətim haqqında düşünməyə başladım. Həyatımın ən gözəl günləri idi. Çünki ilk dəfə idi, arzuladığım kimi yaşayırdım. Amma çox keçmədən üzümdəki gülərüz sima itdi. Yadıma bir şey düşdü:  “İşsiz idim”. 


... dəfə oxunub
Qiymət: 9/10(15 səs)
[qiymət ver ]
Şərh yaz
3+22=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0367 saniye