Balaca Zərifəyə birdən-birə qanı qaynamışdı. Səbəbi özü üçün də anlaşılmaz qalırdı. Meydançada bu qədər uşaq varkən, niyə məhz Zərifə? Sanki illər sonra axtarıb tapdığı ən doğma insanı idi. Amma birini xatırladırdı, dəqiq bilmirdi kimi, amma xatırladırdı bu yaşıl gözlər.
Zərifə birdən qalxıb qaçınca bərk qorxuya düşdü. Amma kimə doğru qaçdığına inanmadı. Necə yəni? Onun Zərifə ilə nə əlaqəsi var? Ah, gözləri...
Ayanla üzbəüz dayananda zamanın durduğunu sezdi.
-Anacan, bax bu əmidir mənimlə oynayan.
Ayan qızını qaldırıb qolları arasında əyləşdirdikdən sonra Rəsula gülümsədi.
-Salam, Rəsul.
-Salam, Ayan. Səni görmək gözəldir.
-Təşəkkür edirəm,-deyib üzünü qızına tutdu.-Hə, Zərifə, evə gedəkmi?
-Bəs əmi?
-Amma, qızım, əminin öz evi var.
Zərifə küsürmüş kimi dodaqlarını büzdü. Əvvəlcə anasına, sonra “əmi”yə baxdı.
-Görüşənədək, Rəsul,-deyib getməyə hazırlaşarkən ayaq saxladı.-Zərifə ilə maraqlandığın üçün sağ ol. Nadir hallarda kiminləsə oyuncağını paylaşır. Bayaqdan izləyirəm sizi.
Rəsul skamyada əyləşib götür-qoy eləməyə başladı. Əllərini boynunun arxasına qoyaraq diqqətini bir nöqtəyə cəmləşdirdi. Səfeh təbəssüm peyda oldu dodaqlarında.
-Ayan...Heç dəyişilməmisən...
Ayan onun tələbəlik illərindən platonik eşqi idi. Təbii ki, Ayanın bundan xəbəri yox idi. Qız hələ tələbə adını qazanan kimi atasının ən yaxın dostunun oğlu ilə nişanlanmışdı. Rəsul əzəldən qürurlu idi. Heç kim bilməyib və bilməyəcək də. Qısa və aydın. Nöqtəsini çoxdan qoymuşdu...
Telefonun zənginə tələsik özünə qayıtdı. Ekranda müdirinin adı göründü.
-Buyurun, Çingiz müəllim...
Rəsul işdən çıxınca çoxdan görmədiyi tanışına yaxalandı. Hər ikisi əyləncə klublarının birində içki sifarişi verərək əyləşdilər və oradan-buradan söhbətə başladılar.
-Rəsul, nəyin var sənin?
-Nəyimsə olmalıdır ki?
-Bax orası sənə qalmış...
Gecəni heç cür yata bilmədi. Nəhayət çarpayını tərk edib viski şüşəsini qədəhlə birgə çıxardaraq kresloda rahatladı. Viskini süzüb qədəhi dodaqlarına yaxınlaşdırırdı ki, balaca Zərifə gözlərinin önündə canlandı. Xəfifcə gülümsünürək qədəhi döşəməyə qoydu və eyvana çıxdı. Sərin külək əsirdi. Sabah hər zamanki kimi anasını görməyə gedəcəkdi.
Bəli, anasından ayrı yaşayırdı. Səbəb atası idi. Daha doğrusu, onun xəstəliyi və ölümü. Rəsul əsgər gedib-gəlincə Vüsal kişini xərçəng yaxalamış və ölümə məhkum etmişdi...
-Ay mənim bir dənəm gəlmiş, canım balam gəlmiş, şirin oğlum gəlmiş,-deyərək anası onun boynuna sarıldı.
-Şirin ha! Ana, anacan, ay ana, boğma məni. Lazım deyiləm yəni?
-Sus görüm, yaramaz,-anası barmağını onun burnu önündə oynatdı.
-Mən təslim,-Rəsul qollarını qaldırdı...
Armudu stəkandan buğumlanan şirin çayı qurtumlayaraq nəlbəkiyə qoydu. Anası əli çənəsində mehriban-mehiban ona baxmaqda idi.
-Danış görüm.
-Eh, anacan, danışılacaq bir şey yoxdur. Monoton həyat. İş-ev, ev-iş. Arada əyləncə-filan.
-Nədənsə gözümə bir başqa görünürsən,-qadın xeyli susduqdan sonra anidən bildirdi.
-Heç, sadəcə birini illər sonra gördüm də, ona görə...
Anasının isti əlini yanaqlarında görüncə öz əlləri arasına alıb möhkəm-möhkəm öpdü...
O kağız, bu kağız. O qovluq-bu qovluq. Rəsul dayanmaq bilmədən, yorulmadan işləsə də, Ayanla Zərifə beynindən çıxmırdılar. İş yoldaşları və rəhbərlik bu gəncin çılğıncasına iş görməyinə qarışıqlıqla seyr edirdilər.
-Ehm,-deyə kimsə boğazını arıtladı.
Rəsul başını qaldırınca müdiri Çingiz müəllimi gördü. Tələsik ayağa qalxdı. Çingiz müəllim əllərini arxada cəmləşdirib bir gəncə, bir masadakı kağızlara göz atdı.
-Buyurun, Çingiz müəllim.
-Oğlum, nəyin var sənin?
-Hər şey qaydasındadır,-Rəsul ona ünvanlanan sualın məğzini anlamadan avtomatik cavabladı.
-Hə, nə deyirəm ki?-Çingiz müəllim çiyinlərini uşaqcasına çəkib gözlərini masadan yığışdırdı...
Rəsul işdən çıxınca Kərim babanın ziyarətinə gəlmişdi. Ömrünün ahıl çağlarını Qocalar Evində keçirən Kərim babanı uşaqlığından tanıyırdı. Məhəllədə adlı-sanlı kişilərdən sayılırdı zəmanəsində. Ondan başqa “köhnələr”in hamısı bir-bir dünyadan köçünü etdiklərində sanki Allah Kərim babanı unutmuşdu. 95 yaşını adlayan Kərim baba hər güzgüyə baxdığında gəncliyini xatırlayaraq nostalji anlar yaşadırdı özünə...
-Gözümə nəsə birtəhər dəyirsən, bala,-çənəsini çəliyə dayayan Kərim baba asta-asta dedi.
-Heç nəyim yoxdur, Kərim babam mənim...
Son günlərdə peyda olan baş ağrıları kəsilmək bilmirdi. Qəbul etdiyi ağrıkəsicilər bir işə yaramırdı. İş yoldaşları həkimə getməyini məsləhət görsələr də, hər dəfə “yaxşı, gedərəm” deyib sonra yadından çıxırdı...
Pencəyini çıxardıb barmağına keçirdərək çiyninə atdı. Qaranlıq küçələri işıqlandıran fənərlərin izi ilə gedirdi. Musiqi dükanından ətrafa könülləri oxşayan musiqi yayılmağında idi. Alessandro Safina-Luna. Birdən ayaq saxladı. Nəfəsi az qala kəsiləcəkmiş kimi oldu. Beynini bürüyən duman...
Gözlərini açdı. Nə qədər vaxt keçmişdi? Ağ xalatlılar, demək, xəstəxanadadır...
-Beyninizdə şiş aşkarlanıb, dostum...
Müalicə üçün İstanbula getməli idi. Üç gün var hələ. Kafedə sti qəhvəni nuşi-can edərkən birdən gözlərinə inana bilmədi. Ayan 7 yaşlı Zərifə ilə birgə kafenin yanından ötüb getdilər. Tələsik hesabı ödəyib onların ardınca düşdü.
-Ayan, Zərifə, salam.
-A, əmican,-Zərifənin sevinci həddi-hüdudu yox idi.
-Rəsul, necəsən?-Ayan narahatlıqla soruşdu.
-Yaxşıyam...
-Yox, onu nəzərdə tutmuram. Beynin yəni...
Rəsul təəccüblə dayanaraq Ayana baxdı. Bilir?
-Sən...necə bildin?
-O həkim mənim həyat yoldaşımdır,-zərif təbəssümlə bildirdi.
Rəsul qulaqlarına inana bilmirdi. Zərifə onun gödəkçəsini dartırdı ki, Ayan cəld qızını qaldırıb qollarında otuzdurdu. Rəsul Zərifənin üz cizgilərini diqqətlə müşahidə edərkən ona beynindəki şişdən xəbər verən həkimin siması canlandı gözləri önündə...
Həyatın ironiyası...