Radiasiya
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 20:12 13 noyabr 2015 tarixində əlavə olunmuşdur

Həkimlər mənə qadağan etdilər. “Təhlükəlidir” dedilər. Amma mən bütün deyilənləri qulaqardına vurdum. Çünki belə lazım idi. O-mənim həyat yoldaşımdır, bətnimdəki körpəmin atasıdır. Onun kimi mən də radiasiyalıyam. Böyük ehtimalla, uşağımız da radiasiyalı doğulacaq, yaşayacaq və öləcək. Bunu artıq qəbul etmişəm. Olacağa çarə yoxdur.

Şəhərimiz yəqin bomboşdur. Nə vaxtsa orada həyat təkrarlanacaqmı (?), bilmirəm. O yaşıllıqlar, o obyektlər, o küçələr, o evlər radiasiya qoxusu ilə yaddaşlardan silinməyəcək. Hələ dəqiq sayı bilinməyən neçə-neçə insanlarımızı düşünürəm. Onlar gec-tez radiasiya qurbanı olacaq. Evakuasiya, müalicə-filan onları xilas etməyəcək.

O partlayış görüntüsü hələ də canlı-canlı gözlərimin önündədir.Gəzintiyə çıxmışdıq, bir-birimizə gülümsəyirdik və birdən partlayış baş verdi. Özümüzə gəlməyimiz uzun çəkdi. Mən heç nə anlamasam da, onun gözləri qorxu ilə dolu idi. Çünki AES-in əməkdaşı idi.

Radiasiyanın ləğvi üzrə çalışarkən mən başqa şəhərdə həkim nəzarəti altında idim. Ondan ötrü narahatçılığım mənim sağlamlığıma kəskin təsir edirdi. Yuxusuz, iştahsız halıma heç bir ağxalatlı əngəl ola bilmirdi. Mən yalnız körpəmə görə yeyirdim, amma ona da ümidim ölmüşdü. Baxmayaraq ki, həkimlər ikimizi gün ərzində bir neçə dəfə müayinədən keçirirdilər, onun yaşadığını bildirsələr də, hüceyrələrimlə hiss etsəm də, yenə də ümidim dirilmirdi.

Yarım aydan sonra xəbər gəldi.Əməliyyat əsnasında həddindən artıq radiasiya dozası qəbul etdiyi bildirildi. Məni yanına buraxmaq istəmirdilər. Günlərlə yalvardım, göz yaşı axıtdım, səsimi yüksəltdim. Heç bir xəbərdarlıq eşitmək istəmirdim. Mənə yalnız o lazım idi. Mübarizəm nəticəsini verdi.

İndi gözlərimin önündədir. Həddindən artıq maye qəbul edir, içi sözlə ifadə edilməz halda yanır. Ona qalsa məni özündən uzaqlaşdırmaq üçün hər şey edər, amma onun da mənə ehtiyacı var idi. Dodaqlarımız əllərimizi öpür, barmaqlarımız saçlarımızda gəzir, yanaqlarımızdakı göz yaşlarımız silinir.

Yaxın günlərdə öləcəyi gözlənilir. Bunu ikimiz də bilirik. Zoraki təbəssümlə gözlərimiz toqquşmaqdadır.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+29=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0257 saniye