Rastlaşsaq....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:31 05 may 2016 tarixində əlavə olunmuşdur

Nə yaxşı rastıma çıxmırsan daha,
Nə yaxşı,görüşmür baxışlarımız.
Mənə əvvəlkitək baxmırsan daha,
Yoxsa,küsülüdür ulduzlarımız?
***
Bəlkə,bu yaxşıdır,heç rastlaşmayaq,
Onsuz da yolumuz tamam ayrıdır.
O keçən günləri yada salmayaq,
O günlər mənə də şirin xəyaldır.
****
Ağlamaq bir peşə olubdur sənə,
Gözünün yaşını hey axıdırsan.
Söylə,ağlamaqdan nə çıxacaq,nə,
O göz yaşlarında nə axtarırsan?
***
Gərək biz unudaq olub-keçəni,
Tale belə imiş,nə etməliyik?
Rastlaşsaq,dost kimi tanı sən məni,
Bunu həmişəlik dərk etməliyik.
***
Nə deyim,sənsizlik mənə ağırdır,
Səni düşünürəm hər keçən anda.
Hicran ürəyimi didib-dağıdır,
Sənli günlərimi yada salanda.
***
Bizi kim ayırdı,eşqin yolunda
Sənmi vəfasızsan,ya mən günahkar?
Mən nələr etməzdim sənin yolunda,
Sevgi bağçasına yağmasaydı qar.
***
Rastlaşsaq,təsadüf görüşümüzdən
İtirmə,sevgilim,sən ürəyini.
Yenə inciməyək bir-birimizdən,
Dilin də söyləsin qəlbin deyəni.
****
Son vaxtlar ürək də baxmır sözümə,
Çağlayır sinəmdə bir ümman kimi.
Bir şərik istərəm mən öz dərdimə,
Alışsın mənimlə mən yanan kimi.
***
Nə ağır dərd imiş səni unutmaq,
A mənim vəfalım,şirin xəyalım.
Hərdən düşünürəm,əgər rastlaşsaq
O qara gözlərə mən necə baxım?
***
Onsuz da sən mənə bir xatirəsən,
Nəyimə gərəkdir sənin varlığın?
Rastlaşsaq,nə fayda,özün bilirsən_
Ürəklər susacaq,baxışlar dalğın.
***
Getdiyin yollara baxıram hərdən,
Sanıram,nə vaxtsa qayıdacaqsan.
Nə olsun ayrıyıq bir-birimizdən,
Sən mənim qəlbimdə yaşayacaqsan.
***
Rastlaşsaq,sevgilim,nə deyim sənə,
O qəmli gözünə mən necə baxım?
Deyirəm,o günlər bircə an dönə,
Sənli günlərimə yenə qayıdım.
***
Ancaq bu mümknmü qayıdasan sən,
Pərişan könlümü alasan ələ?
Çətin ki dönəsən o yollardan sən,
bizim taleyimiz gətirdi belə.
***
Qayıtma,sevgilim,əgər sən gəlsən,
Qəfil gəlişindən yollar ağlayar.
Çiçəklər inciyər öz çəmənindən
Sevgi bağçasına yağış,qar yağar.
***
O yollar əbədi apardı səni,
Bizi özümüzdən qopardı yaman.
Söylə,o yollarda büdrəmədinmi,
Kəsdimi qarşını qatı çən,duman?
***
Çətin xəyallarım həqiqt ola,
Səni bircə dəfə görəydim barı.
Yenə əvvəlkitək çıxaydın yola
Səmtini alaydın sən bizə sarı.
***
Səni ömür boyu gözlərəm, lakin
Gəl açıq söyləyim sənə fikrimi.
Rastlaşsaq,saxlama ürəyində kin,
Görüşək ən yaxın,əziz dost kimi.

15.08.1982.Sumqayıt.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+22=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0262 saniye