Real motivli illuziyalar əsasında
Nihat Atabəyli tərəfindən "Hekayə" bolməsinə 14:53 03 mart 2016 tarixində əlavə olunmuşdur

Gəlin belə bir qəhrəman yaradaq: adı Məsumə olsun. Ya da Gül , çünki hamı onu bu adla heç özləri də anlamadan çağırmağa başlayacaqlar. Hündür, olduqca cazibədar, yaşıl gözləri ilə ətrafdakıları seyr etməyi sevən, bir sözlə istənilən bir kişini daimi xoşbəxtliyin ekstazına cəmi bir baxışı ilə yüksəltməyə qadir bir qadın...  Amma yox. Bu cür birini təsvir edib həyatının xoş və uğurlu anlarından danışmağın da bir o qədər əhəmiyyəti yoxdur. Düzünü desəm insanların maraq dairəsində olan cazibədar bir qadının uğurlu həyat yolu heç mənim özümdə belə cəlb edici təsəvvürü yaratmır. Gəlin Gülün hər yaranmış kiçik vaxt boşluğundan maksimum yararlanmağı sevərək yanında daima daşıdığı bədii kitablara olan ehtirasını əlindən almayaraq digər bütün ünsirlərinin üzərindən qalın bir xətt çəkək. Qoy o, bütün həyatı boyu insanlar tərəfindən tərk edilmiş birinə çevrilsin. Bəzən isə özü əks reaksiya olaraq cəmiyyətdən qaçsın.

Deməli belə. Hadisələrin kluminasiya nöqtəsi Gülün xarici görünüşündə cəmlənirdi. Lap başda bir az çətin idi insanların xoşagəlməz davranışlarını və bu davranışları müşayət edən baxışlarını qəbul etmək. Üstəlik də bütün xoşagəlməzliklərin məğzində onun uşaqlıqda keçirtdiyi bədbəxt hadidənin dayanması ən məyusedici səbəblərdən idi. Lakin üsyan ediləsi bir şəxs olmadığından və şansından Tanrıya şikayətlənməyin mənasızlığını gec olsa da anladığı üçün Gül sadəcə görünməz olduğuna inanaraq digərlərinin də onun yanmış üz cizgilərindən çətinliklə oxunan mimikalarını hiss etmədiyinə uyğunlaşmışdı. (Əgər hələ də ziddiyyətli qalırsa bir- başa bildirim: Hə Gülün kiçik yaşlarında yaşadığı bir faciəyə səbəbiylə üzü daxil bədəninin 60%- i yanaraq tanınmaz bir hala düşmüşdü. Əgər daha bir ziddiyyətli sual meydana çıxırsa bir daha bildirim: Aydındır, bədəninin 60%- i yanmış birinin, həm də az yaşlının sağ qalması inandırıcı səslənmir, ancaq Gül yaşamalı olmuşdu. Ən azından bu hekayənin yazılması üçün. Əminəm ki, növbəti sual “Bu cür innovativ bir əsrdə plastik əməliyyatlarla komplekslərdən azad olmaq varkən...” başlığı altında yaranır və ən sadə veriləcək cavab kapitalizmin caynaqlarından kənara çıxa bilməyəcək qədər aciz təsiri bağışlamalıdır). Sərhədlər kompleksli olmağı artıq çoxdan keçmişdi. Və inkaşaf etdirməli xarici, ya da fiziki məhfumların azlığından əziyyət çəkənlərdəki kimi o da bütün diqqətini malik olduğu tək ünsirə, daxili aləminə ayırmışdı. Kitablar, incəsənət, musiqi, filmlər, bir az fəlsəfə, bir qədər elm, bütün hallarda həyat heç kəsdən icazə almadan irəliləyirdi. Əgər hər hansı bir ərəb şeyxinin dörd yüz altmış üçüncü nəvəsindən soruşsaydılar ki, sən niyə günün yarısını öz bahalı avtomobilinlə şəhəri ciddi bir səsəb olmadan dolaşıb onun- bunun üz cizgilərini yadda saxlamağa çalışır sonra da on iki milyona aldığın incə belli qaçış tazısını məşq etdirməkdən ötrü heç bir daldalanacağı olmayan səhrada onu dovşan ovuna qonaq edərək özün də zövqlə arxasınca gəzirsən? O sadəcə cavab verərdi. Bəlkə də bir az aqressiv şəkildə: imkanım var deyə. Gül bənzər nəzəriyyələri artıq çoxdan təcrübədən keçirtmişdi. Əgər bacarırsansa bəzən, özünə əl gəzdir! Bir az ətir, bir az da kosmetika, uğurlu bir paltar seçimi də yaxından yardımçı olar. Yox əgər bütün bunlarla baş edəməyəcəyindən şübhələnirsənsə o zaman

-“Xoş gördük, Gül. Bizim könüllülər cəmiyyətinə xoş gəlmisiz. Doğru seçim etdiyinizdən əminəm. Peşiman olmayacağınızdan da”- elə bu cür də ilk qoşuıduğu könüllülərdən ibarət dəstələrdən başlayaraq sonralar tərk etməli olduğu onlarla bənzər təşgilatlara hər dəfə üzv olmaq üçün müraciət etdiyində qarşılanırdı. Salamlaşmalardan tutmuş alınan nəfəslərə qədər bütün xırdalıqlar zərgər dəqiqliyi ilə hesablanmışdı. Əlbəttə ki, bu bütün digər könüllülərdə olduğu kimi müsbət təəssürat yaratmaya bilməzdi, lakin Gül özünün də anlamaqda bir qədər çətinlik çəkdiyi səbəblər üzündən izahı çətin narahatlıq hissindən xilas ola bilmirdi. Dəqiq bildiyi bir şey vardı: nə isə yolunda getmirdi. Bəlkə də bir az ifrat təssüratı yaradan sünilik səbəb olurdu bütün bunlara. Ya da artıq süniləşən insanların nümayiş etdirmək istədikləri saxta insanlıq dramaları. Bütün hallarda Gül heç bir könüllülərdən ibarət təşgilatda özünə uyğun bir yer tapa bilmirdi. Bəziləri ağac əkərək hər saniyə daha da pisləşən ekologiyanı xilas etməyə uğursuz olsa da cəht edir, bəziləri ətraf mühiti çirkablardan təmizləyərək təbiəti qoruduqları üçün fərəhlənir, bəziləri isə insanlarla üzündəki təbəssümü əksiltmədən ünsiyyətdən zövq almağa çalışırdı. Bütün hallarda bir nəfər ən üst pillədə olanın inkişafından ötrü yüzlərlə şəxs könüllü olaraq əllərindən gələni əsirgəmirdi. Sonda isə uğurlu bir layihə icra etdiyi üçün layihə rəhbərinə mətbuat konfransında səmimi qəlbdən təşəkkür edilərkən televiziya kanalları onun qara rəngli kostyumuna uyan qalstukunu çəkmək üçün növbəyə dayanırdılar. Heç kəsin əkilən ağacları sulayarkən az qalsın palçıq bataqlığında eşələnmiş məxluqat təsəvvürünü yaradan, ya da polietilen torbanı bütün murdarlıqları və bakterial təsirləri nəzərə alaraq küçərlərdən təmizləyən sadə bir könüllünün yaşadıqları barədə xəbəri olmurdu. Çünki hər kəs öz uğurunun ardınca qaçırdı. Və sonu olmayan bu yarışda heç kəsə digər birinin necəliyi maraqlı deyildi. İnsanlar bir başqa cür olmuşdular. Ya da elə başdan bu cür imişlər. Sadəcə bütün günahları zamanın üzərinə yıxaraq sudan quru çıxmaq cəhtlərini təkrarlayırdılar. Reallıq isə əvvəlki tək dəyişilməz qalırdı: yenə nə isə öz yolunda deyildi. Son vaxtlarda Gül olduqca pessimist bir əhvala sahib olmuşdu. Heç bir işi, heç bir cəhti uğurlu alınmırdı. Ən pisi isə onun iki mütləq dilemma arasında seçim etmək istəyərkən uğursuzluğa qapılaraq hər ikisindən yan keçməsində idi. Nə sadəcə normal xanımlarsayağı təbiətə malik, nə də özünün tam fərqli olduğuna inanaraq prinsipləri uğrunda savaşan mübarizəkar biri ola bilmirdi. Artıq könüllülərin də böyük əksəriyyəti onu iradəsiz və qətiyyətsiz biri kimi tanımağa başlamışdılar. Bütün müxtəlifliklərinə rəğmən könüllülük demək olar ki, eyni simalardan təşgil olunmuş böyük bir şəbəkə idi. Hər kəs bir- birini tanıyırdı. Və Gülün də “Dözümsüzlər” adlı qara siyahıya düşməsinə elə bu tanışlıqları səbəb olmuşdu. Aralarında bir nəfəri belə tapmaq mümkün olmazdı ki, Gül barədə müsbət fikirlərə malik olsun. Həm də insanlarını qorxudan bu sima ilə. Son günlərdə heç Gül də onları bütün varlıqları ilə nəzərə allacaq halda deyildi.  Və beləcə insanlara kömək etməyi prinsiplərindən birinə çevirən Gül könüllülüklə bağlı olan bütün planlarını unutmaq məcburiyyətində qaldı. Bir az çətin idi, lap az da dramatik. Əvəzində qarşıdakı bütün günləri rahat bit şəkildə düşünmək üçün asüdə vaxtı olacaqdı. Ancaq nə haqqda düşünmək üçün? Rəfiqələri ilə çox əylənirmiş təssüratı oyadan təbəssüm dolu simalarla brend butikləri dolaşmaq, ya öz xəyalında uydurduğu sevgilisi ilə axşam birlikdə edəcəkləri şama nə geyinəcəyi haqqda?... Yaxşı bilirdi ki, nə eşq, nə də əyləncə sadəcə sevdiyi işlə məşğul olmaq qədər zövq bəxş edə bilməyəcəkdi. Nə isə tapmaq lazım idi. Hər dəfə küçədə gedərkən hiss etməsin deyə insanların gizlicə göstərib “qızın üzünə bir bax!” kimi pıçıltılı cümlələrini daha rahatlıqla udmağa zəmin yaradacaq nə isə.

Üç, beş gün sadəcə düşünməklə məşğul olub olduqca qəribə görünən bəşəriyyətin öz- özünə nifrətinddən sıxıldığında daha içində insanların nə üçün bütün addımlarını sevgi deyil qəzəb üzərində qurmaları səbəblərini araşdırmağa taqəti qalmadığını anlamağa başlayırdı. Özü daxil insanların böyük əksəriyyətinə nifrət edirdi. Hətta insan olmağın üstünlüklərinə də. Bütün dünyanın müharibə və bütün siyasətçilərin bir- birilərini nüvə silahları ilə qorxutmağa çalışan oyunbazlar olduğu bir şəraitdə Gülün hiss etdikləri normal idi. Çünki, hər gün minlərlə uşaq müharibələrdə qətlə yetirlir, silah və narkotik satışı üçün hər gün yeni müharibə ocaqları qalanır və bütün bu qarma- qarışıq prosedurlar hər gün fasilə etmədən yenə təkrar olunurdu. Üsyan etməyə isə bir kimsə yox idi. Nə üzünü göylərə tutub Tanrıdan ölüm istəyəcək qədər ağlını itirməmişdi, nə də valideyinlərindən zamanı geri qaytarıb onu dünyaya gətirməməyi tələb edəcək qədər emotsional birinə çevrilməmişdi. Çıxış yolunun intihar etmək olmadığını isə Gül illər əvvəl realizasiya etmişdi. Sadəcə dünyanı dəyişmək lazım idi ki, bunun üçün də o həddən artıq aciz idi. Və birdən o gün gəldi. Lap sadə bir gün. Yağışlı bir havada gəzinti onluq deyildi, amma təsadüfən Gül harasa gedirdi, evinə o qədər də yaxın olmayan bir yerə. Fikirləri onu lap uzaqlara ya Marsa, ya da həyat olma ehtimallı digər bir planetə qədər aparmışdı. İnsan cəmiyyətinin olmadığı bir planetə. Geri qayıtdığında artıq izdiham arasında yoxa çıxdığının şahidi oldu. İnsanlar harasa tələsirdilər. Hər kəs tələsirdi. Ətrafındakılara nəzər yetirmədən və həyatlarının elə yollarda keçdiyinin fərqinə belə varmadan. Gül yöndəmsiz üz cizgilərini ətrafdakılardan bacardıqca saxlayaraq addımlayırdı. Yorğun və bir az da tələsməyən addımlarını müşayət edən baxışları isə üzbəüz gələnlərin gözlərini deyil ətrafda, lap uzaq ətrafda olan xırdalıqları araşdırmaqla məşğul idi.  Və qəflətən Gül həyatı boyu özünün də diqqət yetirmədiyi bir varlığı gözdü. Yağış damlalarını sel bilib kənarına sığındığı binanın soyuq divarında isti qucaq axtaran balaca bir pişik balasını. Əslində heç də yad mənzərə deyildi. O aralarında üç, dörd saniyəlik fasilələrlə ağzını dayanmadan açıb- yumurdu. Lap qurumuş bataqlıqda ölüm ilə son mübarizəsini aparan balıq kimi. İzdihamın arasından bir addım irəli çıxıb ona yaxınlaşdığında isə bu kiçik pişik balasının əslində balıqları yamsıladığını deyil, öz əzgin səsi ilə sanki kimisə çağırdığını anladı. Sadəcə dəlilər kimi dayanmadan dairələr cızan insanların addım səsləri imkan vermirdi ki, bu kiçik pişik balası öz sön sözlərini açıqca bildirsin. Anasından kənar düşmüş pişik balası ilə ilk dəfə deyildi qarşılaşırdı, lakin Gül həyatı boyunca birinci dəfə idi ki, anası tərəfindən tərk edilmiş, ya da tərk olmağa məcbur olmuş bir varlığa insanlardan bir addım kənarda dayanaraq baxırdı. Hər kəsin harasa tələsdiyi cəmiyyətdə isə heyvanların bu cür hiss edilmədən məhv olmaları adi bir hal idi. Gül bir az daha yaxınlaşdığında kənardan olduqca adi görünən pişik balasının onunla bir sürü oxşar məqamları bölüşdüyünün şahidi oldu. Çox güman o da insanlar tərəfindən daima əzilmişdi. Çünki üzərindəki çirkdən daha çox Gülün diqqətini sol gözünün altında açıqca bilinən yara çəkirdi. Kiminsə yöndəmsiz ayağı ilə qəddarcasına endirdiyi zərbəsinin izi... Ancaq hər halda onu xoşbəxt bir pişik baladı da hesab etmək olardı. Çünki o Gülün az sonra görəcəyi avtomabil təkərlərinin altında qalıb həyatını itirən göyərçindən daha çox şeyə malik idi. Bir qədər gözləyərək anasının heç zaman gəlməyəcəyinə əmin olduqdan sonra isə Gül asta addımlarla onu da digər qəddarlardan biri zənn edərək binanın soyuq divarına daha çox sıxılmağa başlayan çarəsiz pişik balasının yanına gələrək ona toxunmaq istədi. Əlini ona doğru uzadarkən qorxusundan daha möhkəm miyoldamağa başlayan pişik balasının artıq iltibahlaşmış yaralı gözlərindən  Gülə yönələn şikayət dolu baxışları Gülü o dərəcədə kövrəldirdi ki, o sinasində toplanan qəhərini getdikcə vəhşiləşən cəmiyyətin üzərinə tökə bilmədiyi üçün göz yaşlarına qərq olurdu. Ağlaya- ağlaya digər birinin iyrənərək yaxınına belə getmək istəməyəcəyi balaca pişiyi qucaqlayıb bağrına basdı. Bu sadəcə bir insanın Tanrının yaradılışlarına olan sevgisi deyildi, insanların dünyanı daha gözəl bir istiqamətdə dəyişmək iqtidarında olduğlarına da bariz bir nümunə idi.

Kiçik bir pişik balasını ölümdən xilas etdikdən sonra Gül əslində hər gün yüzlərlə bu cür köməyə ehtiyacı olan varlıqların mövcud olduğunun fərqinə vardı. Onlar sadəcə insanların qəddar reaksiyaları nəticəsində deyil, eyni zamanda laqeyid münasibətlərinin də qurbanı olurdular. Həyatında yaranmış kiçik boşluq və könüllülük səhasindəki uğursuzluğundan sonra Gül daxilində uzun müddət mövcud olaraq ona maneçilik yaradan hissin əslində nə demək istədiyini indi gözəl anlayırdı. O uğrunda bütün bəşəriyyətlə belə mübarizə aparacağı məqsədini nəhayət ki, tapmışdı. Xilas etdiyi pişik balasından sonra Gül uzun müddət tək başına bu cür heyvanların müdafiəsi ilə məşğul oldu. Yüzlərlə köməyə ehtiyacı olan varlığın həyatını xilas etməklə özünün daxili rahatlığına qovuşdu. Böyük əksəriyyətin onu dəli hesab etmsəinə baxmayaraq bu sadə qızcığaz dayanmadı və getdikcə daha çox “gözəl planet qurmağın mümkünlüyü”- nə inanan insanlar onun ətrafına toplaşmağa başladı... İndi Gülün təqribən 27 yaşı var. Könüllülərdən ibarət böyük bir qeyri- kommersiya təşgilatının rəhbəridir. Çoxları onun atdığı addımları və ümumiyyətlə rəhbəri olduğu təşgilatın nə məqsədlə fəaliyyət göstərdiyini anlamaqda çətinlik çəkir. Eləcə də kifayət qədər pula sahib olub hələ də üzündə plastik dəyişikliklər etdirmək istəməməsi kimi.

Real motivli illuziyalar əsasında

Atabaylee


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+34=
Hesaba giriş
Müəllif

Nihat Atabəyli
Haqqında
Gözəllik aşiqi olan biri üçün gözəlliyi görüb də onu seyr etmək zövqündən özünü məkrum edəcək qədər qəddar seçim ola bilməz
Əlaqə
E-mail:
nihatatabayli@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0363 saniye