Reallıqda mövcud olmaq istəməyəcək biri
Nihat Atabəyli tərəfindən "Hekayə" bolməsinə 11:18 21 mart 2016 tarixində əlavə olunmuşdur

Onu cəmi iki dəfə görmüşdüm. Müxtəlif günlərdə, lakin eyni təyinat yerində. İlk gördüyüm andan etibarən ardıcıl bir neçə cəhti onun cinsini təyin etmək üçün etmişdim. Daha çox balaca oğlana bənzəyirdi. Yalnız intuitsiyam sonuncu ideanı qəbul edə bilmirdi ki, elə ən sonda da o doğruluğunu isbatladı. Normalda kişilərin belə geyindiyi qara, parıldayan gödəkçə, hansıki bu gödəkçə mənə hər kimdəsə gördüyündə üzərindəki qatlara görə tırtılı xatırladırdı və tünd mavi rəngli cins şalvara baxaraq dəqiq nə isə söyləmək olmurdu. Çünki həmin vaxtlarda Bakının 99% qara gödəkçə və jins şalvar geyinirdi. Məndə daxil hərənin öz səbəbləri vardı. Qısa saçları və üz cizgilərindən də qadın iltifatı yağmırdı. O ya oğlan idi  ya da əqli problemləri olan qız.  Maraqlı bir vəziyyət meydana çıxmışdı. Həmin vaxtda orda olduğum yerdə hər bir kvadrata təqribən üç, beş adam düşürdü. İstirahət günün olması da bazara gələnlərin sayını bir neçə dəfə artırmışdı. Yenə də mən daxil hərənin öz səbəbləri vardı. Kimi bayramqabağı toyuq- cücə ovuna çıxmışdı, kimi isə bekarçılıq bilib dostunu tək qoymamağa qərar vermişdi. Ətrafım sanki insan dənizini xatırladarkən mənim baxdığım bir neçə nəfərdən birinin də o olması doğrudan da qəribə idi. Çünki əksəriyyətinin üzündə yaşadığı əzabları açıqca yazılan insanların simalarındakı heroqliflərə baxdıqca mövcud olan reallıqları xatırlamağa başlayırdım ki, bu da mənim üçün o qədər də asan deyildi. Istirabları seyr etməkdənsə istirabları seyr etməmək ən doğru seçim idi. Onlara baxdıqca gözlərim önündə iki nüans daha çox canlanmağa başlayırdı: Təsadüfən insatqramda gördüyüm sadə bir fotoqraf xanımın dünyanı gəzərək hər ölkədə bir- iki gözəl qadının şəklini çəkərək paylaşması. Daha doğrusu isə o qadınların üzlərindəkiləri ifadələr və iyirmi dörd illik bir müddət ərzində bu qədər əzablı üzlərə əvvəllər heç bir yerdə rast gəlməməyimin dəyişilməz reallığı. Ancaq nədənsə mən foto şəkillərin ikinci tərəfi ilə daha çox maraqlanmışdım. Düzdür Latın Amerikasından olan cazibədar xanımlara baxmaq yenə də əvvəlki tək ecaskar idi, lakin bu dəfə mən onların arasında azərbaycanlı, ən azı isə bir türk xanım axtarırdım ki, sadə bir müqaisəmin sonluğuna çatım. Azərbaycanlı tapmasam da İran və Türkiyədən olan qadınların şəkilləri var idi. Diqqətimi ən çox müxtəlif ölkələrdən olmalarına baxmayaraq demək olar ki, eyni cazibədarlığa malik olmalarından da çox Çin, Şimalı Koreya, Əfqanıstan, Suriya və səhf etmirəmsə Qırğızıstandan olan qadınlar çəkmişdi. Lap çox da əfqan bir qadının bacardıqca çox sevinc nümayiş etdirməyə çalışdığı simasından çökülən əzabları. Bilmirəm bəlkə də mənə elə gəlirdi ki, bu ölkələrdən olan xanımlar digərlərindən üz cizgilərində daha çox fərqliliyə malik olmaları ilə seçilirdilər. Ancaq daxilimdən nəsə mənə deyirdi ki, bu ifadəli üzlər əzab çəkməkdən bu hala düşmüşdü. Məhz eyni simaları mən həmin gün o bazarda bir daha görürdüm. Bu dəfə isə dahha çox ifratlaşmış halları ilə. İnsanın əzab çəkməkdən bu hala düşməsi qəribə idi. Lap Nizamı küçəsinin ən pik hissəsi ilə gedərkən bir nəfər də olsun bu simada olana rast gəlinməyəcək qədər qəribə.

Daxilimdə onunla bağlı yaratdığım bütün şübhələrimə şalvarının diz hissəsindəki qırmızı qızılgül nişanəsini gördüyümdə aydınlıq gəlmiş oldu. Əmin idim ki, bizim mentalitet mütləq icazə verməyəcəkdi ki, oğlan uşağının əynində gül embilemi olan paltar olsun. Beləcə yarıməmin bir şəkildə onu izləməyə davam edirdim. Təqribən on iki, ya da on üç yaşı olardı. Əlində nazik, xurma satılan kağız qutu və bu deformasiya olmuş qutunun içindən xəstəhal bir vəziyyətdə boylanan mənim tanımadığım hansısa bir quş balası var idi. O qədər də böyük deyildi. Hardasa toyuqdan da balaca. Üzərində boz rəngli çilləri vardı və bu çillər məndə vəhşi bir quş növünün əhililəşdirilmiş balası effektini yaradırdı. O əlində ehtiyyatla saxladığı bu balaca qus balası ilə birlikdə bir- bir açıqda ev və əhililəşdirilmiş quşlar satan satçıcıların piştaxtalarına yaxınlaşaraq onlardan nə isə soruşurdu. Satıcılar onu tanıyırdılar və deyəsən sualları ilə də tanışlıqları olmuşdu. Çünki heç kəs ona və onun dediyi sözlərə məhəl qoymaq istəmirdi. Bir qədər mən, dostum və onun satıcı qohumun dayandığı piştaxtaya yaxınlaşdığında bütün diqqətimi ona yönəldib nə dediyini anlamağa ciddi bir cəht göstərdim. Bizim qonşuluğumuzda olan satıcı oğlana yaxınlaşdığında onu mənim yadımda qalmayan adı ilə çağıraraq

-“Apardım qeytərdim, amma deyəsən yenə də fərə verdiləre...” dedi. O isə heç bir reaksiya verməyərək söykəndiyi tirdən ayrılmayaraq baxır, əllərini irəliyə verdiyi qarnının üzərində birləşdirərək sanki Tanrıdan qarşısındakı qızın çıxıb getməsıini diləyirdi. Əslində bu tanış mənzərə mənə qəribə bir sualı verməmiş gözlərim önündən itmək istəmirdi deyə mən mütləq bir fikir üzərində fikirləşməli olurdum: Görəsən niyə insanlar əqli cəhətdən çatışmamazlıqları olanlardan bacardıqca çox uzaq durmağa çalışırdılar? Bazarda olduğum müddətdə bir nəfər olsun belə görmədim ki, bu balaca qızcığaz ilə səmimi qəlbdən söhbət etsin, ən azı suallatına cavab versin. İnsanlar sanki bir az qəddarlaşmışdılar. Onu izlədikcə isə mən daha çox əmin olurdum ki, bu balaca qızcığazın hələ də cəmiyyətin necə bir məntiqə qulluq etməsi haqqda təsəvvürü yoxdur. O hər kəsi, hətta oğurladığı əşyaları qara bazarda satmağa çıxaran gizli cinayətkarı belə öz sisteminə əsasən qarşılayırdı: təbəssüm, sevgi və qayğı ilə. Heç suallarını cavablandırmaq istəməyərək sadəcə yola verən satıcılara qarşı da üzündəki təbəssümünü əksiltmirdi. Orada olduğum müddətdə onun bir dəfə də olsun əsəbləşdiyini görmədim, elə fikirli halı ilə ətrafı gəzdiyini də. Doğrusu diqqətimdən yayınmayan həddən artıq fakt var idi ki, bu qızcığazın normal insanlardan olan fərqini anlayım. Ən əsası isə heç kəsə qarşı qərəzli mövqe tutmağı bacarmadığını. Kənardan baxan biri üçün o əqli problemləri olan balaca bir qız idi. Və hər kəs kimi o da bacardıqca çox bu qızcığazdan kənar durmağa çalışardı ki, problemləri olmasın. Heç hansı bir problemin yarana biləcəyini özünə sual vermədən sadəcə yan durardı, ən azından digərlərinin də onu dəli hesab etməməsi üçün. Bir fikirləşin cəmiyyət özləri kimi olmayan birinə qayğı və mərhəmətlə yanaşan biri haqqda nələr uydura bilməzdi?! Onun qonşuluqdakı satıcıya ünvanladığı sualı eşidib içimdəki yardım etmək hissini cilovlaya bilmədim. Lakin edə biləcək hər hansı yardımdan belə söhbət gedə bilməzdi. Birincisi mən onun əlindəki quş barədə heç nə bilmirdim, ikincisi və ən əsası isə təklif edəcəyim istənilən kömək onun özü daxil ətrafdakılar tərəfindən tam fərqli bir məzmunda qarşılana da bilərdi. Beləcə mən sadəcə onun dediyi sözlər ilə asta- asta dəyişdiyi üz ifadələrini izləməklə kifayətlənməyə məcbur idim. O üz quruluşunu sözlər ilə elə gözəl uyğunlaşdırırdı ki, bu mənzərə insana lap mənəvi rahatlıq bəxş edirdi. Qonşuluğumuzdakı satıcıdan da gözlədiyi cavabı almayınca o tam bizim yanımızdan ötərək qarşı tərəfdəki piştaxtaya yaxınlaşdı. Bilmirən niyə amma bizdən heç nə soruşmadı. Baxmayaraq ki, mən onun dostumun qohumu olan satıcıya da eyni sualı verəcəyini həsədlə gözləyirdim ki, bacardığım köməkliyi edim, o mənim gözləntilərimi doğrultmadı. Sonra isə izdiham arasında qəflətən gözdən itdi. Evə qayıdarkən yol boyu durmadan onun qonşuluqdakı satıcı ilə danışarkən üzündəki ifadə barədə düşünürdüm. Bu normal idi, çünki iyirmi dörd illik bir müddətdə mən ilk dəfə mənə bu qədər saf təsiri bağışlayan bir insanla rastlaşırdım. Özüm də daxil ətrafımı saran cəmiyyət bir- birinə qarşı heç zaman onun tanımadığı birinə göstərdiyi saflığı nümayiş etdirə bilməmişdi. Bu isə öz növbəsində olduqca adi prinsipə əsaslanırdı: heç kəs zərər görmək istəmirdi. Qarşıssındakı şəxsin beş saniyə sonra ona qarşı necə davranacağını bilmədiyi üçün istənilən biri ehtiyyatını əldən verməzdi. Və biz uşaqlıqdan bəri bu cür qaydalara sahib bir planetdə yaşadığımızı anladığımız üçün o balaca qızcığaz qədər təmiz biri olmağı heç vaxt bacarmayacaqdıq. Bu təsdiqə ehtiyyac duymayan həyat teoremi idi. Evə qayıtdıqdan qısa bir müddət sonra öz problemlərimi xatırlayaraq onu ağlımdan çıxartmalı oldum. Problemlərimin heç vaxt sona çatmayacağını beş il əvvəl müəyyənləşdirmişdim. Lakin görə biləcəyim hansısa tədbir yox idi ki, yalandan da olsa mənə ümid bəxş etsin.

Onu ikinci dəfə növbəti həftə sonunda gördüm. Yenə də dostum ilə bazara, onun qohumunu ziyarət etməyə gəlmişdik. Bu dəfə isə dostum ciddi bir şəkildə ördək almaq barədə planlarından danışırdı. Yenə də bekarçılıqdan dəli kimi dövrələyən insanlara baxırdım. Doğrusu keçən həftə təsadüfən kəşv etdiyim qızcığazı görəcəyimə ümid etmirdim. Lakin hadisələr mənim icazəm olmadan baş verirdilər deyə onların ehtimallarını da hesablaya bilmirdim. O yenə də eyni geyimdə və eyni üz ifadələri ilə kütlə arasından mənim diqqətimi asanlıqla cəlb etdi. Bu dəfə isə əlində heç bir qutu və qutuda öz həyatı ilə çoxdan barışmış quş balası gəzdirmirdi. Sadəcə gülərək bazarı dolaşır, bəzi piştaxtalara yaxınlaşaraq ordakı rəngarəng quşlara baxırdı. Bu gün də sevincli görünürdü. Məndən və cəmiyyətin böyük əksəriyyətindən fərali olaraq üzündə nəhəng bir təbəssümü var idi. Ona baxdıqca adamın lap paxıllığı tuturdu. Gedib bu qədər sevincli olmağın reseptini soruşmaq istəyirdim. Hətta ondan yaşca balaca uşaqlar belə onun qədər xoşbəxt görünə bilmirdilər. Anlaşılmaz və mənim heç filmlərdə belə görmədiyim dərəcədə xoşbəxt olduğu ilk baxışdan bilinəcək dəqər xoşbəxt. Bu dəfə sakitcə izləmək əvəzində öz duyğularımı dostumla bölüşmək istədim. Söhbəti onun geyim stilindən başlayıb dünən qonşuluğumuzdakı satıcıya ünvanladığı sualı ilə paralel mənim yadımdan çıxmayan üz ifadələrinə qədər bütün xırdalıqlara qədər daşıdım. O da mənim kimi ilk əvvəl onun oğlan ya qız olması şübhəsini yaşamalı olurdu. Bir müddət sonra isə birlikdə seyr etdiyimiz balaca qızcığazın davranışlarına o da ən az mənim qədər heyranlığı gizlədə bilmədi. Hətta mənim dostum belə onun üzündən yağan xoşbəxtliyi və digərlərinə qarşı olan ifrat səmimiliyini görə bilirdi. Və əlbəttə ki, mənim ayrıla bilmədiyim tək- tük faktlardan biri: hər ikimiz onu izləməzdən zövq alırdıq. Doğrusu ikimizin də o balaca qızcığazdakı saf qəribəliyi görə bildiyimiz halda nə üçün cəmiyyətin onu anlaya bilməməsi hələ də cavablandıra bilmədiyim suallar arasındadır, lakin bütün hallarda cəmiyyət nə edə bilərdi ki? Bəlkə də bizim kimi bir çoxları onun davranışlarındakı insaniyyəti görməyi bacarırdı. Ancaq veriləcək bir reaksiya ağılları sarmırdı ki, onun da izahı qəliz görünürdü.

Dostumun ördək seçiminə qarışan fikirlərimizdən balaca qızcığaz tamamiylə çıxmışdı. Hər şey yekunlaşdığında isə artıq o bazarda yox idi. İstirahət günü olduğu üçün yenə də insan axını müşahidə edilirdi. Gözlərim onu axtarmaqla məşğul olarkən şüuraltım dostumun onun barəsində dediyi cümlələr səbəbiylə Marsdan qəfil geri qayıtdı. Dostumun qohumu olan satıcı onun bu yaxınlarda yaşadığını və həqiqətəndə əqli cəhətdən problemləri olduğunu demişdi. Bu iki fakt barədə mən də əvvəllər fikirləşdiyim üçün təəccüblənmirdim. Lakin mənim şübhələnə bilmədiyim son faktı dostum mənə deyirdi ki, sonuncu da məni ən şübhələndirən səbəbə çevriləcəkdi.

-          “Deyir ki, hər altı, bazar beş , üç quş alır”

Əslində o qədər də qəribə hadisə deyildi. Böyük planetdə hərənin bir hobbisi var idi. Balaca bir qızcığazın müxtəlif quşlara olan marağı da onlardan biri olmaq hüququna malik ola bilərdi. Ancaq mən bacarmırdım. Sadəcə beynimin mənə dediyi şübhələrdən yan keçə bilmirdim. Bir qədər də Hollivud filmlərisayağı alınırdı, lakin o saf qızcığazın aldığı quşları evdə işgəncə ilə öldürməsinin görüntüləri gözlərim önündan getmirdi. Bunu fikirləşəcək qədər əsasa malik olmamağım da mənə rahatlıq bəxş edə bilmədi. Yol boyu ancaq onun quşlarla nə etməsi barədə düşündüm. Bütün hallarda mənim edə biləcəyim nə isə qalmamışdı. Nə həmin quşları xilas edə bilməzdim, nə də zamanı geri qaytarıb hadisələrin gedişatını. O balaca, saf üzlü qızcığazdan mənə iki kiçik nüans yadigar qaldı: Onun məsum üz cizgiləri və nə üçün bütün insanların biri- birinə qarşı onun kimi davrana bilməməsi reallığı. Axı biz ondan daha ağıllı olduğumuzdan şübhələnmirdik.

İlluziya motivli reallıq əsasında


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+21=
Hesaba giriş
Müəllif

Nihat Atabəyli
Haqqında
Gözəllik aşiqi olan biri üçün gözəlliyi görüb də onu seyr etmək zövqündən özünü məkrum edəcək qədər qəddar seçim ola bilməz
Əlaqə
E-mail:
nihatatabayli@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0245 saniye