Məşhur rəssamların əsərlərinə yeni baxış aşılayan və ya bu şəxsiyyətləri yenidən kəşf etməyə yardım edən əsas vasitələrdən biri də kinodur. Tarixi şəxsiyyətlərin həyatından bəhs edən filmlər həmişə maraqla qarşılanıb. Rəssamlar, yazıçılar və digər incəsənət xadimləri də dünyanın mədəniyyət tarixində xüsusi yer tuturlar. Deməli, kino bazarında da bu cür bioqrafik filmlərə ehtiyac və tələbat hər zaman var, gəlir baxımından isə elə də ciddi problem yoxdur. Daxilində incəsənət yaşayan hər bir insana maraqlı olacaq filmlərdən bir neçəsini oxuculara təqdim edirik:
Frida
Parlaq qadın haqqında parlaq bir film. Onun üsyankar təbiəti, arzuları, çılğınlığı, enerjisi bu filmdə yetərincə ustalıqla canlandırılıb. Frida məşhur Meksika rəssamı Diqo Rivero ilə 20 yaşında ailə qurur. Rivero gənc deyildi, amma varlı və gəzəyən bir kişi idi. Bu və sonrakı hadisələrdən söz açılan filmdə Frida yalnız rəssam kimi yox, həm də ilk növbədə sevgisini və ailəsini üstün tutan bir qadın kimi təsvir olunur.
Modigliani
Rejissor Maykl Devis heç də sözün tam anlamında bioqrafik film yaratmayıb, amma daha çox bu film məşhur İtaliya rəssamının həyatından məqamları əks etdirən bir dramadır. Modilyani (Modigliani) şəxsiyyətin filmdə çox yaxşı və duyğusal şəkildə canlandırılır, digər "sənədli film” xarakterli işlərdən fərqli olaraq, bu filmdə yazıçının həyatı, yaşadığı mühit və zaman daha çox bədii təsir bağışlayır. Hər bir gənc rəssamın baxmalı olduğu filmlərdən biri və hətta birincisi məhz "Modigliani” filmi sayıla bilər.
Pollock
Faciəli taleyə malik insan olan bu dahi rəssam bir neçə il ərzində abstraksionizmdə inqilab eləmişdi. Film Pollokun ruhunu didib-parçalayan və onu məhvə sürükləyən daxili şeytanlardan bəhs edir. Nəticədə, o, çox parlaq, amma qısa həyat sürür.
Vinsent və Teo
Film Vinsent Van Qoqun doğma qardaşı Teo ilə münasibətləri ətrafında cərəyan edir. Teo öz menecer istedadını dahi rəssamın həyatını yüngülləşdirməyə yönəltmişdi. Tim Rotun gözəl oyunu və rəssamın yaradıcılıq prosesinin, peyzajların uğurla təsvir olunması tamaşaçının zövqünü oxşayır.
Gümüş sırğalı qız
Bir gün məşhur rəssam Yohanes Vermeerin evində 16 yaşlı Qriet adında qız xidmətçi işləməyə gəlir. Bir gün rəssam ondan növbəti əsəri üçün poza verməyi xahiş edir və beləcə, şedevr bir əsər ortaya çıxır.
Basquiat
Manhetten bohemasının təmsilçisi Jan Mişel Baskiyanın qısa, amma dramatik hadisələrlə zəngin həyatından bəhs edən bir tarixçə. Bu filmdə 1980-ci illərin Nyu-Yorkunda incəsənət camiəsinin həyatı uğurla təsvir olunur. Yaralı bir insanın paxıllıq və qərəz hökm sürən cəmiyyətdəki mübarizəsi bu filmdə önə çəkilir.
El Greco
Xəyalpərəst adamlar bu filmdə gözəl bir sevgi hekayəti görəcəklər. Tarixi janrın həvəskarları biganə qala bilməzlər. Estetlər və rəssamlar üçün dahi rəssamın həyatını, fikirləri və mühakimələrini əks etdirən bu film tamaşaçılara imkan verir ki, əşyalara rəssamın gözüylə baxaraq, onun işini anlasınlar.
Hədiyyə dükanından çıxış
Los Ancelesdə Tyerri adlı gənc kinodokumentalist Benksi adlı rəssamı tapmağa və onun haqqında film çəkməyə çalışır. Bu filmdə hadisələr acı yumorla təsvir olunub.
Kiçik qırıntılar
Federiko Qarsiya Lorka və Salvador Dali arasındakı əzablı və heç də platonik olmayan sevgidən bəhs edən bir filmdir. Filmin adı da Dalinin Lorka ilə görüşdən sonra çəkdiyi "Kiçik qırıntılar” tablosundan götürülüb. Film çox kədərli və yadda qalandır. Dali ronunu məşhur aktyor Robert Pattinson oynayıb.
Mənim sol ayağım
Bütün həyatı boyu iflicdən əzab çəkən yazıçı və rəssam Kristi Braunun kitabı əsasıbda çəkilən filmdə rəssamın bütün çəkitnliklərə baxmayaraq şöhrət qazanmasından və səmimi sevgiyə çatmasından söz açılır. Bu film iki Oskar mükafatı alıb.
Kult.az