Rəsulzadə əmin idi...
Bəhram Həsənov tərəfindən "Digər yazılar" bolməsinə 18:15 28 may 2012 tarixində əlavə olunmuşdur

"...Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz, vətəndaşlar. "
Məhəmməd Əmin Rəsulzadə

İlk addımlar

Siyasətlə hələ gənc yaşından maraqlanan Məhəmməd Əmin Rəsulzadə ilk siyasi təşkilatı - "Müsəlman gənclik təşkilatını" 1902-ci ildə 18 yaşında qurub.
"O tarixlərdə çar rejimini devirmək üçün Qafqaziyada çalışan inqilabçı sosialistlər, bolşeviklər və menşeviklər ilə təmas halında idik. Bu partiyaların üçü də bizi öz tərəflərinə çəkməyə çalışırdı, biz onlara yanaşmırdıq. Günlərin bir günü Stalin bizi dəvət etdi... Onlara birləşməyimizi təklif etdi. Biz ona bolşevik nəzəriyyəsi və ruhunun məmləkətimizin ruh və yaşayış tərzinə uymayacağını söyləyib təklifini rədd etdik. Çıxarkən bizə: bir rus adı söyləyib «Filan adam da bizi dinləmədi. Biz onu təmizlədik» deyə cavab verdi. Biz isə: «Nə bacarırsınızsa edin» deyib ayrıldıq..."

"Gənclik" mühacirəti...

Məhəmməd Əmin Rəsulzadə Çar üsul-idarəsinin müdafiəçiləri tərəfindən təqib olunduğuna görə 24 yaşında doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. Təqibdən yaxa qurtarıb İrana gedir. Bu vaxtlar İranda məşrutə inqilabı alovlanırdı. Burada onun Avropa təhsili görmüş ziyalı dostları vardı. 1910-cu ildə İran ziyalıları ilə birgə İran demokrat partiyasının əsasını qoydular və partiyanın orqanı kimi «İranenoy» («Yeni İran») qəzeti nəşr edilməyə başladı. 26 yaşlı Məhəmməd Əmin Rəsulzadə qəzetin baş redaktoru idi. Qəzeti redaktə etməklə yanaşı o, tez-tez məqalələr, şeirlər çap etdirir, baş verən hadisələri izah edib xalqa çatdırırdı. Müasir Avropa qəzetçilik peşəsini İrana gətirən və inkişaf etdirən Rəsulzadədir.
Məhəmməd Əmin Rəsulzadəni təkcə İran hökuməti deyil, həmçinin Çar Rusiyası da axtarır, həbs etməyə çalışırdı. Təzyiqin getdikcə artdığını və həyatının təhlükədə olduğunu görən Məhəmməd Əmin Rəsulzadə İranı tərk etməyə məcbur oldu. İndi üz tutub getdiyi məkan Türkiyə idi. İstanbulda «Türk ocağı»nı yaratdılar. Bura dövrün görkəmli ziyalıları toplaşmışdı. Məhəmməd Əmin Rəsulzadə «Türk ocağı»nda görkəmli ziyalılarla - Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və başqaları ilə birgə çalışıb fəaliyyət göstərirdi.

Vətənə vətəndə xidmət davam edir...

1913-cü ildə Romonovlar sülaləsinin 300 illiyi ilə bağlı olaraq mühacirlər hökumət tərəfindən bağışlandı və Məhəmməd Əmin Rəsulzadə 5 il ayrılıqdan sonra doğma elinə, obasına qayıtdı.

«İqbal» qəzetindəki bir məqaləsinə Məhəmməd Əmin Rəsulzadəni həbs edirlər, lakin bir aydan sonra azadlığa buraxılır.

M.Ə.Rəsulzadə 1915-ci ildə nəşrinə icazə ala bildiyi "Açıq söz" qəzetinin baş məqaləsində yazırdı: «Özünü lüzumunca bilib və istiqbal üçün müəyyən bir ideal (məfkurə) bəsləyən millət şübhəsiz ki, böyük bir qüvvət təşkil edər...»

1917-ci ilin fevral ayında «müsavatçı» dostlarını başına toplayıb qəti fikir irəli sürdü: Azərbaycana muxtariyyət verilməlidir. Bu günə kimi yalnız milli mədəni hüquqlar qazanmağımız uğrundakı mübarizə indi milli mahallı muxtariyyətlə aydınlaşmalıdır. Milli-mahallı muxtariyyət xalqı torpağının da sahibi edir.

1917-ci ilin martında yazdığı məktubda Məhəmməd Əmin Rəsulzadə yazırdı: Rusiyanı parçalamaq? Bəs necə parçalamaq? Rusiyanı güc və zorla dağıtmaq mümkün deyil. Burada yeganə yol onu xalqlara muxtariyyət verməyə məcbur etməkdir. Ayrı-ayrı xalqların muxtariyyət şəklində yaşaması Rusiyanın parçalanmasına və tezliklə məhkum xalqlar üzərindəki ağalığına son qoyur.

Rusiyanın "gəlcəyini" İsveç modelində görən Məhəmməd Əmin Rəsulzadə Qafqaz müsəlmanlarının Moskva qurultayında irəli sürdüyü bu fikrin qələbəsinə də nail olur. Qurultayda iştirak edən 700 nümayəndədən 600-ü onun «muxtariyyət» ideyasına səs verdi və səs çoxluğu ilə Məhəmməd Əmin Rəsulzadənin təklifi qəbul olundu.

Məhəmməd Əmin Rəsulzadənin Moskva qurultayında irəli sürdüyü daha bir fikir də hamının ürəyincə idi: Azərbaycan, Qafqaz, İdil-Ural, Türküstan, Krım və Sibir türklərini birləşdirəcək bir türk federasiyası yaratmaq.
Məqsədin reallaşması üçün şərait və çətinliklər yaranır...
Soyqırımından sonra daxili çəkişmələrin başladığı Zaqafqaziya seymi 1918-ci il mayın 26-da ləğv olundu. Bir gün sonra Milli şura yaradıldı və M.Ə.Rəsulzadə şuranın sədri seçildi. Mayın 28-ində isə bütün ölkələrin radio stansiya və qəzetləri Azərbaycanın istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Azərbaycan artıq müstəqil idi...

Tiflisdə yaradılan və Fətəli Xan Xoyskinin başçılıq etdiyi hökumət əvvəl Gəncəyə, sentyabr ayında Bakı azad olunduqdan sonra isə Bakıya köçür.

Yeni qurulmuş bir dövlət və ingilis generalı Tomson Bakıya gəlirdi. Türk qoşunları isə Bakını tərk edirdilər. Rəsulzadə və hökumət üzvləri Tomsonla «dil tapmaq» üsulları axtarırdılar. Əsas məqsəd AXC-nin koalisyon ruhda fəaliyyət göstərdiyinə Tomsonu inandırmaq idi. Onlar buna nail olurlar və Azərbaycan Demokratik respublikanın koalisyon (müttəfiq) ruhda fəaliyyətini nəzərə alan Tomson dekabrın 29-da bütün azərbaycanlıların ürəyindən olan bir bəyanat verir: «Xoyskinin rəhbərliyi altında koalisyon Azərbaycan hökuməti yaradıldığını nəzərə alıb elan edirəm ki, İttifaq komandanlığı bu hökuməti Azərbaycanın bütün hüdudlarında yeganə yerli qanuni hakimiyyət kimi tamamilə müdafiə edəcək». (Cəmi bir ay əvvəl Tomson deyirdi: «Bizim bildiyimiz Azərbaycan xalqının doğma bir cümhuriyyəti yoxdur, yalnız türk komandanlığının intriqası ilə təşəkkül etmiş bir hökumət var»)

1920-ci 12 yanvarında Versala göndərilmiş nümayəndə heyəti Cümhuriyyətin tanınmasına nail oldular. Azərbaycan Xalq Cümhuriyyətini artıq bütün dünya dövlətləri tanıyırdı.

Cümhuriyyət süquta doğru gedir...

... Fətəli xanın istefasından sonra onun yerinə gələn Məmməd Həsən Hacınski yeni hökuməti həm Rusiya həm də Osmanlı ilə dostluq münasibətində qurmaq niyyətində idi. Lakin hökumətin təşkili gecikirdi. Belə bir vaxtda Rusaiyanın Bakıdan keçərək Osmanlıya "köməyə" getmək müraciəti və Osmanlının "Bolşeviklərlə müttəfiqən hərəkətiniz və bu surətlə Anadolu türkləriylə birləşməyə çalışmanızı ümid ediyor və intizardayız" mətnli teleqramı Rəsulzadəni çətin vəziyyətdə qoymuşdu. 26-sı gecə XI ordu artıq Azərbaycan sərhədini keçmişdi. Cümhuriyyətin taleyini parlamentin çıxaracağı qərarla müəyyənləşdirmək qərara alındı. Aprelin 27-də saat 12-də parlamentin son iclası oldu. Rəsulzadə iclasda nitqində bildirdi: «Əfəndilər, Türkiyə Azərbaycanın xilaskarıdır. Amali milliyyətimizin təbcil eylədiyi müqəddəs bir məmləkətdir. Onun xilasına gedən qüvvəti biz məmnuniyyətlə istiqbal və təşyi edərik. Fəqət bir şərtlə ki, bu qüvvət bizim hürriyyətimizi, istiqlalımızı çeynəməsin. Halbuki, əfəndilər, bizə sormadan hüdudumuzu keçən hər hansı bir qüvvət, dostumuz deyil, düşmənimizdir!»

Məhəmməd Əmin Rəsulzadə çıxışında açıqca bildirirdi ki, son nəfəsinə kimi bolşeviklərlə vuruşmağa hazırdır, lakin o biri partiyaların imtina etdiyi şəraitdə «Müsavat» partiyası bu çətin vəzifənin məsuliyyətini üzərindən götürür.

Cümhuriyyət məhv olsa da Rəsulzadə öz qəlbində onu yaşadır.

1920-ci ildə Rəsulzadə qırmızı ordunun əsgərləri tərəfindən Lahıc kəndində həbs olunur. Onun tutulması xəbəri həmin ilin noyabrın əvvəllərində Vladiqafqaz (indiki Orconokidze) şəhərində olan İ.V.Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XI Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad etdi. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu M.Ə.Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edib.

Mühacirət davam edir

1922-ci ildə Rəsulzadə elmi tədqiqat adı ilə Peterburqa, oradan isə dostlarının yardımıyla Finlandiyaya gedir. M.Ə.Rəsulzadənin xaricə getməsinin ssenarisi məşhur Azərbaycan ədəbiyyatşünası Əbdülvahab Yurdsevərin xatirə yazısında öz əksini tapmışdır. O yazır: «Müsavat» partiyasının gizli mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq Parlament üzvü, mərhum Rəhimbəy Vəkilovu və Bakı əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərmək surətilə M.Ə.Rəsulzadə ilə təmasda olmuşlar. Məhəmməd Əmin Rəsulzadəyə təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərurullah Bigiyevin müyəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdir («Azərbaycan» jurnalı, Ankara, No3, 1955-ci il)

1931-ci ildə Türkiyə ilə Sovet Birliyi arasında imzalanan dostluq müqaviləsinin gizli bir bəndi də bundan ibarət idi. Türkiyədəki mühacirlər ölkədən çıxarılsın, Sovetlər əleyhinə təbliğat işi aparmasınlar. Buna görə də Rəsulzadənin başqa yolu qalmamışdı. 1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayır. Bu illərdə o, Almaniyada "İstiqlal" qəzetini, "Qurtuluş" jurnalını nəşr etdirir, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində "Azərbaycan müstəqillik uğrunda mübarizədə" kitabını çap etdirir. 1934-cü ildə Ə.Topçubaşov Parisdə vəfat edəndən sonra mühacirət həyatının ağır şərtlərinə baxmayaraq M.Ə.Rəsulzadə bütün mühacirləri bir araya gətirmək istiqamətində də çalışır, hamını Azərbaycanın müstəqilliyi probleminin həlli mücadiləsinə çağırır.

1947-ci ildən Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə «Azərbaycanın kültür gələnəkləri» adlı kitabı işıq üzü görür. Onun «Çağdaş Azərbaycan ədəbiyyatı» (1950-ci il) və «Çağdaş Azərbaycan tarixi» (1951-ci il) kitabları Azərbaycan ideyasına olan sədaqətinin göstəricisi idi.
1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə "Azərbaycan" jurnalı nəşr edilməyə başlayır. Bu illərdə o, başda ABŞ dövləti olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü "soyuq müharibə" proqramına dəstək verir, "Amerikanın səsi", "Azadlıq" radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir.

Rəsulzadənin səhvi, yoxsa millətini xilas üçün yeganə yolu
İkinci dünya müharibəsi illərində Rəsulzadənin Hitlerlə yaxınlaşması ilə bağlı bəzi fikir ayrıqlıqları mövcuddur. Bəziləri məqsədin «düşmənin düşməni ilə dostluq etmək» olduğunu, digərləri isə əsir düşən Azərbaycanlıları xilas etmək oldunu bildirir. M.Ə.Rəsulzadədə olan məlumata görə, almanlar min beş yüz azərbaycanlını yəhudi bilib güllələmişdilər. Buna görə də, Rəsulzadə yəhudilərin də türklər kimi sünnət olunduğunu və onları bir-birindən fərqləndirməyi sübuta yetirmək üçün Hitler hökumətindən Qüds müftisi əl-Hüseynin Almaniyaya gətirilib və yəhudilərlə müsəlmanların sünnət olunmağındakı fərqi Hitlerə başa salıb. Bu hadisədən sonra almanlar türkləri yəhudi adı ilə güllələməyi dayandırıblar.

Birinci fikri dəstəkləyənlərin isə əsas faktı ondna ibarətdir ki, müharibədə azərbaycanlıların Hitler qoşunları tərəfindən vuruşması üçün Rəsulzadə, Azərbaycanın müstəqilliyinin tanınması şərtini qoymuşdu. Lakin Hitlerin Bakı ilə bağlı fərqli planları Rəsulzadənin ondan ayrılmasına səbəb oldu.

Özü ilə bərabər Azərbaycanı da əbədi etdi...

Ankara universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə «Azərbaycan... Azərbaycan... Azərbaycan...» deyərək əbədiyyətə qovuşdu. O, Ankara Əsri qəbirstanlığında dəfn edilib.

Azərbaycan Rəsulzadənin bioqrafiyasıdır...

"...Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz , vətəndaşlar. "Bu əminlik hələ ilk siyasi fəaliyyətdən son nəfəsə qədər Rəsulzadəni tərk etməmiş və sonunda reallaşmışdı. Rəsulzadənin həyatında elə bir hadisə yoxdur ki, orda Azərbaycana xidmət, millətin istiqlalı uğrunda mübarizə olmasın. Azərbaycanın Rəsulzadədən sonrakı tarixində, Azərbaycanın bu gün mövcud və müstəqil olmasında bir nömrəli xidmət məhz ona məxsusdur. 23 ay xalqa azadlığın dadını daddırdı. Azadlığı duyan millət onu bir də istəyəcək və əldə edəcəkdir. Azərbaycanın SSRİ-yə müttəfiq bir dövlət kimi daxil olması, əriyib yox olmaması, 1991-ci ildə yenidən müstəqil bir dövlət kimi formalaşa bilməsi Rəsulzadə və onun silahdaşlarının birbaşa xidmətidir.

Rəsulzadə azərbaycanlılar üçün kimdir?

Rəsulzadə sovet dövründə unudulmağa çalışılırdı. Bu normal idi... Rəsulzadə AXC demək idi. Azərbaycanlılara tarixlərini unutdurmağı bir məqsəd kimi qoyan SSRİ bunu "yaxşı" bacardı. Rəsulzadə uzun müddət dillərdən silindi. Amma arxivlər, Azərbaycanın gələcəyini düşünən beyinlər, Azərbaycanı sevən ürəklər onu qoruyub saxladılar. Müstəqilliyin ilk günlərindən Rəsulzadə yenidən Azərbaycan xalqının lideri kimi tanıdılmağa başladı. (Qeyd:Yadımdadır ki, mən ibtidai sinifdə oxunda (1998-2002) sinifdə Rəsulzadənin də şəkli divardan asılı idi. )
Hakimiyyətinin ilk illərindən Azərbaycan Respublikasının eks-prezidenti Heydər Əliyev də Rəsulzadəyə olan biganə münasibəti pisləyirdi. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə "Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında" 15 fevral 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncamın 2-ci bəndində deyilir: "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin."

Bütün bunlara rəğmən Azərbaycan İstiqlal Muzeyində Rəsulzadə və digər hökumət üzvlərinə aid sadəcə hər birinin A4 formatında olan bir şəkli var. Uzun illərdir ki, Rəsulzadənin heykəli "hazırlanıb" Bakı Dövlət Universitetinin qarşısında qoyulmur...


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
6+27=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0245 saniye