Avropada romantizm cərəyanının yaranması XVIII-XIX əsrləri əhatə edir. Cərəyanın meydana gəlməsi əsasən ictimai-siyasi proseslərlə bağlıdır. Həmin dövrdə Avropanın müxtəlif ölkələrində kütləvi narazılıqlar, inqilablar baş qaldırmışdır. Romantizm anlayışının özü də inqilabi dəyişikliklərlə əlaqədardır. Əvvəlcə İngiltərəni öz cənginə alan “sənaye inqilabı” insan əməyini maşınlarla əvəz etdi. Bu zaman narazılıqlar daha da gücləndi, ölkədə işsizlərin sayı artdı, kütləvi etiraz dalğası digər ölkələrə də yayıldı. Avropanı hərəkətə gətirən Fransa burjua inqilabı da bu dövrdə baş verdi. İnqilab illərinin siyasi gərginliyi, iqtisadi sıxıntıları xalqın əsrlərdən bəri yığılıb qalan azadlıq arzularını oyatdı. Yaradıcılıq mövzusu olaraq azadlıq, əminamanlıq, bərabərlik uğrunda mübarizə əvvəlcə publisistika sahəsinə, daha sonra ayrı-ayrı müəlliflərin əsərlərinə yol tapdı.
Yeni cərəyanın nümayəndələri ədəbiyyatda əsrlərdir mövcud olan klassik modellərdən imtina edir, daha çox unikal insan xüsusiyyətlərinə, ifadə sərbəstliyinə, səmimiliyə, azad ruhlu xarakterlərə üstünlük verirdilər. Ətrafda baş verən sosial münaqişələrə qarşı çıxan belə müəlliflər özlərini tamamilə sərbəst hesab edir və yeni həqiqətlər söyləməyə can atırdılar. “Ən yaxşı qanun elə qanunsuzluqdur” fikrini irəli sürən romantiklər insan hiss və duyğularından, xəyal gücündən çıxış edərək cəmiyyətdə köklü dəyişikliklər etmək istəyirdilər.
Ədəbi cərəyan kimi romantizm 1770-1830-cu illər aralığında Almaniyada yaranıb. Cərəyanın konsepsiyası “Yena məktəbi”nin nümayəndələri, böyük alman filosofları Şlegel və Şellinqin xidmətləri sayəsində sistemləşdirilib. Mahiyyətini “həyatın olduğu kimi deyil, olmalı olduğu kimi” təsviri ideyası təşkil edir. Alman ədəbiyyatında görkəmli nümayəndələri Göte, Şiller, Yaqob və Vilhelm Qrimm qardaşları, Hofman, Heyne, Novalis və başqaları hesab olunur.
Alman romantiklərinin ən ümdə xüsusiyyəti sıx millətçi olmalarıdır. Yazıçıların əksəriyyəti milli əfsanələrə, folklor nümunələrinə öz əsərlərində geniş yer verirdilər. Bunun ən bariz nümunələrini Yaqob Qrimm və Vilhelm Qrimm qardaşlarının əsərlərində görmək olar.
Alman romantizminin dünya şöhrətli nümayəndələrindən biri İohan Volfqanq Götedir. O, 1749-cu ildə varlı tacir ailəsində dünyaya gəlib. Uşaqlığı qayğısız və xoşbəxt keçib. Kiçik yaşlarından ədəbiyyata böyük marağı olub. Dərslərini yaxşı oxuyan Göte artıq 16 yaşında Leypsiq Universitetində təhsil almağa başlayıb. Tələbəlik illərində uğursuz məhəbbəti ona ilk pyesini, “Sevgilinin kaprizləri”ni yazmağa ilhamlandırıb. Keçirdiyi xəstəlik bir müddət Göteni təhsildən uzaq salıb. 1770-71-ci illərdə Strasburqda yarım qalmış təhsilini davam etdirib. Eyni zamanda mətbuatda da dövrünün aktual məsələlərinə aid yazıları ilə çıxış edib. 1774-c ildə “Gənc Verterin iztirabları” romanı işıq üzü görüb. İlk tipik romantik qəhrəman obrazı sayılan Verterin obrazını yaradıb. Romanda Şarlotta adlı xanıma ümidsiz məhəbbətlə bağlanan Verterin acıları və iztirabları təsvir olunub. Bir müddət dövlət işlərinə və elmə başı qarışan Göte ədəbiyyatdan uzaqlaşıb. Veymarda hersoq Karl Avqustun sarayında çalışıb. 1786-88-ci illərdə İtaliyaya səyahət edib. Yazıçı İtaliya xatirələrindən bəhs edərkən belə deyirmiş: “Romada mən özümü, əsl simamı tapdım, bu səyahət mənə çox şey qazandırdı.” Qədim sivilizasiyanın beşiyi sayılan İtaliya mədəniyyətindən ilhamlanaraq “Tavidli İfigeniya”, “Roma elegiyaları” əsərlərini qələmə alıb.
1790-cı ildə Göte digər məşhur alman yazıçısı Fridrix Şillerin “Saatlar” jurnalı ilə əməkdaşlıq edib. Sonralar bu iki ədib dostlaşıblar. Möhkəm dostluq onların yaradıcılıqlarına, estetik dünyagörüşlərinə də təsir edib. “Saatlar” jurnalında Göte “Vilhelm Meysterin tələbəlik illəri” əsərini və ədəbiyyata, incəsənətə dair nəzəri görüşlərini çap etdirib.
Heç şübhəsiz yazıçıya dünya şöhrəti gətirən “Faust” dramıdır. Göte ömrünün demək olar ki, çox hissəsini bu əsəri yazmaqla keçirib. “Faust”u yazmağa başlayanda yazıçının 23 yaşı vardı və yalnız 1832-ci ildə, ölümünə yaxın əsəri bitirə bilib. Dramın qəhrəmanı Faustun həyatdakı prototipi gizli elmlərin araşdırıcısı sayılan kimyagər Qriqorius Sabellikusdur, ona kiçik Faust da deyirdilər.
Faustla bağlı əfsanə ilk olaraq ingilis yazıçısı Kristofer Marlonun diqqətini çəkib. O, öz pyesində Faustun hekayəsindən təsirlənərək xeyir və şər arasındakı əbədi münaqişənin psixoloji şərhini verir. Marlonun əsəri qəhrəmanın lənətlənməsi və ölümü ilə nəticələnir. Götenin əsərində isə Mefistofel-şeytan obrazı meydana gəlir. Elm öyrənmək yolunda sərhəd tanımayan Faust şeytanla müqavilə bağlayır. Bir anlıq mənəvi həzz üçün o ölümə belə razı olur. Əsər Faustun həyatda öz yolunu tapmaq uğrunda apardığı mübarizələrdən və axtarışlardan bəhs edir. Ömrünün son illərində də Göte yaradıcılıqla məşğul olur. “Poeziya və həqiqət” avtobioqrafik əsərini, “Vilhelm Meysterin ibadət illəri” romanını bitirir.
Götenin yaxın dostu olan Fridrix fon Şiller də alman romantizminin parlaq nümayəndəsidir. Şair, dramaturq olmaqla yanaşı, Şiller həm də tarixçi, sənətşünas və filosofuydu. Xüsusilə onun dram əsərləri dünya ədəbiyyatının qızıl fonduna daxil edilib. Fridrix fon Şiller 1759-cu ildə kasıb hərbçi ailəsində dünyaya gəlib. Dini mühitdə tərbiyə alıb. 1776-cı ildə tibb fakültəsinə daxil olub. Tələbəlik illərində “Tufan və həmlə” ədəbi cəmiyyətinin təsiri altına düşüb, özü də bədii əsərlər yazmağa başlayıb. Şairin ilk əsəri “Fateh” odası “Alman xülasələri” jurnalında 1777-ci ildə nəşr olunub. 1780-ci ildə institutu bitirdikdən sonra onu hərbi həkim kimi Ştutqarta göndəriblər. Burda 1782-ci ildə ilk şeirlər kitabı “Antologiya” adı altında işıq üzü görüb.
Şiller dünya şöhrətli “Qaçaqlar” əsərini 23 yaşında qələmə alır. Pyesin yazıldığı vaxt Almaniya tarixinin mürəkkəb siyasi münaqişələr dövrüydü. Ölkədə respublika yaradılması uğrunda mübarizə gedirdi, xaos özbaşınalıq hökm sürürdü. Belə bir dövrdə “Qaçaqlar”ın meydana gəlməsi heç də təsadüfi deyil. Əsərin qəhrəmanı Karl Moordu. Əslində qraf oğlu olan Moor hadisələrin gedişində qaçağa, oğruya çevrilir. Varlılardan qarət etdiklərini kasıblara paylayır. Karl Moorun timsalında romantik arzu və mülahizələrin gerçəkləşəcəyinə inam yaranır. Romantizm cərəyanının mühüm xüsusiyyətlərindən biri də folklordan yararlanmaqdır. Millilik, doğma elə, kökə bağlılıq, azadlıq mübarizəsi də məhz əsərin ana xəttini təşkil edir. Romantik qəhrəman öz daxili ziddiyyətləri, mürəkkəb xarakteri ilə bəşəri ideyaların təbliğçisi və mövcud ictimai siyasi şəraitlə razılaşmayan mübariz qəhrəmandır. Romantiklər obrazı hərtərəfli təsvir edirdilər. Güclü və parlaq hisslərə, ehtiraslara maraq, daxili ruhi dəyişkənlik romantik surətlərin xarakterik cizgiləridir. Onlar çox vaxt bir nəfərə qarşı yox, bütün dünyaya, bəşəriyyətə qarşı qoyulurdu. Onun bariz nümunələrindən biri də məhz Karl Moordur.
1781-ci ildə Şiller əsəri tamamlayıb akademiyaya təqdim edir, lakin əsəri çap etdirməkdən boyu qaçırırlar. Yazıçı “Qaçaqlar”ın nəşrini öz hesabına həyata keçirmək məcburiyyətində qalır. Dostları onu Manheym teatrının direktoru Dalberqlə tanış edirlər. Dalberq əsəri bəyənsə də, müəllifdən bəzi səhnələri çıxarmağı, inqilabi söz və ifadələri başqalarıyla əvəz etməyi tələb edir. Şiller müəyyən güzəştlərə getsə də əsəri dəyişmir. “Qaçaqlar” 1781-ci ildə Manheymdə tamaşaya qoyulduqdan sonra yazıçını hərbi tribunala verirlər. Şillerdən bundan belə yazmamaq tələb olunur. Təzyiqlərə dözməyən yazıçı 1783-cü ildə Ştutqartdan gedir. Daha sonra dünya dramaturgiyasının şedevrləri sayılan “Fiesko”, “Məkr və məhəbbət”, “Orlean qızı”, “Mariya Stüart” əsərlərini qələmə alır. Ömrünün son günlərini Şiller Veymarda keçirir. Burda yaxın dostu Göte ilə birgə Almaniyanın aparıcı teatrlarından biri olan Veymar teatrını yaradır. 1805-ci ildə, 45 yaşlı yazıçı vərəmdən dünyasını dəyişir.
Dünya ədəbiyyat tarixində Şiller insanların dostu, kimsəsizlərin müdafiəçisi kimi şöhrət qazanıb. Yaradıcılığı boyu məzlum kütlənin mənafeyindən çıxış edib, ədalətsizliyə, həyat həqiqətlərinə biganə qalmayıb. Bu səbəbdən də hakim təbəqənin tənqidinə tuş gəlib. Ən böyük etiraza isə sözsüz ki, “Qaçaqlar” dramı məruz qalıb.
Alman romantik yazıçılarından biri də Henrix Heynedir. O, 1819-cu ildə Bonnda Şleqelin “Alman dilinin tarixi və poeziya” mövzusunda məruzələrini dinlədikdən sonra romantizmə meyl edir. Özünün felyetonlarını, səyahət xatirələrini qələmə alır. Bayrondan tərcümələr edir, romantizm cərəyanın xüsusiyyətlərinə dərindən yiyələnir. Bu haqda elmi məqalələr yazır. Poeziyaya yönəlir, şairlik yolunu seçməsində romantiklərin böyük rolu olur. Henrix Heynenin alman ədəbiyyatına verdiyi ən böyük töhfə alman ədəbi dilinin aydın və sadə şəklə salınmasıdır.
Kulis.az