Demərəm nə vaxtsa mənsiz ölərsən,
Səhvini anlasan, qaçıb gələrsən.
Sevmirsən heç sevmə, özün bilərsən,
Salma haray-həşir, ay zalım qızı!
Yarışmaq olarmı de, ayla-günlə,
Axı, nə işin var, qəzəblə-kinlə?
Barı ayaq saxla, sözümü dinlə,
Dərd sinəmi deşir, ay zalım qızı!
Daha ötən günlər boyatdan-boyat,
Ürəyə düşübsə, sağalarmı çat?
Dayanmır onsuz da yerində həyat,
İllər tez ötüşür, ay zalım qızı!
Adicə kəlmən də gizli bir hədə,
Adamı tez tutur bəla, zirvədə...
Mən səni uzaqdan seyr edə-edə,
Saçıma dən düşür ay zalım qızı!
Nə yerə sığışır ahım, nə göyə,
İndi heç bəxtim də gəlmir köməyə...
Qəlbinə gizli bir yol tapsın deyə,
Seymur hey əlləşir, ay zalım qızı!
MÜƏLLİF: SEYMUR SÖNMƏZ PAŞAYEV